Əsas Səhifə > Dünya > Naməlum şəxslərə qarş “ekosid” maddəsi ilə cinayət işi qaldırıldı

Naməlum şəxslərə qarş “ekosid” maddəsi ilə cinayət işi qaldırıldı


25-08-2021, 08:40
Naməlum şəxslərə qarş “ekosid” maddəsi ilə cinayət işi qaldırıldı
Rusiyanın İstintaq Komitəsi ilhaq edilmiş Krım yarımadasının su blokadasına görə ekosid maddəsi ilə cinayət işi qaldırıb. Bu barədə İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib.

İstintaq Komitəsinin saytında dərc olunmuş məlumatda deyilir ki, “Ukrayna ərazisində olan və Krımın Rusiya ilə birləşməsinə qarşı çıxan naməlum şəxslər” yarımadanın iqtisadiyyat və ekologiyasına ziyan vurublar. Məlumatda iddia olunur ki, Krıma Şimali Krım kanalı ilə verilən suyun kəsilməsi kənd təsərrüfatı torpaqlarını qurudub, Sivaşdakı suyun duzluluğunu üç dəfə artırıb, habelə insanların sağlamlığına ziyan vurub.

Qeyd edək ki, Ukrayna 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən dərhal sonra Dnepr çayından yarımadanı su ilə təchiz edən kanalı bağlayıb. Həmin ildə Xerson vilayətində Dnepr çayı üzərində su bəndi tikilib və Krımın içməli su təchizatının böyük hissəsi bu bəndə yönəldilib.

Ukrayna ilhaqa qədər Krımın təmiz su tələbatının 85 faizini həmin kanal vasitəsilə təmin edirdi. Bu kanal Krımı Dnepr çayına bağlayan əsas su təchizatçısı idi.

2020-ci ildə Krımın su təchizatı ilə bağlı kəskin böhran yaranmışdı və bir sıra şəhərlərdə su saatla verilirdi. Ötən iyul ayında Rusiyanın Baş Prokurorluğu bununla əlaqədar Ukraynanı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) vermişdi. O vaxt AİHM Ukraynaya qarşı müvəqqəti tədbir qərarı verməkdən imtina etmişdi.

BMT-nin monitorinq missiyası isə israr edir ki, Krım əhalisinin su ilə təchizatına görə məsuliyyəti onu qanunsuz ilhaq etmiş Rusiya daşıyır. Rəsmi Kiyev bəyan edib ki, Krıma Şimali Krım kanalı ilə suyun verilməsi yalnız Krımın Ukraynaya qaytarılmasından sonra bərpa oluna bilər.

Rusiyanın Cinayət Məcəlləsinə görə ekosid bitki və canlı aləmin kütləvi məhv edilməsi, atmosfer və su resurslarının zəhərlənməsi və ya ekoloji fəlakət yaradan başqa hərəkətlərdir. Bu maddə ilə təqsirləndirilənlərin 20 il müddətinə azadlıqdan məhrum edilməsi nəzərdə tutulub. Ekosid maddəsi ilə cinayət işi Rusiyada ilk dəfədir qaldırılır.

Bu ilin aprelində Krım Dövlət Şurasının deputatları İstintaq Komitəsinə və Federal Təhlükəsizlik Xidmətinə müraciət edərək yarımadanın suyunun kəsilməsinə görə bəzi Ukrayna vətəndaşlarına qarşı cinayət işinin qaldırılmasını istəmişdilər. Bu şəxslərin sırasında Ukrayna Ali Radasının keçmiş deputatı Andrey Sençenkonun, “Krım-tatar xalqı Məclisi”nin liderləri Mustafa Cəmiloğlunun və Rifat Çubarovun da adları yer alırdı.

virtualaz.org


Geri qayıt