Əsas Səhifə > Dünya > KTMT 16 sentyabrı gözləyir: İnqilab təhlükəsi, yoxsa?

KTMT 16 sentyabrı gözləyir: İnqilab təhlükəsi, yoxsa?


24-08-2021, 18:27
KTMT 16 sentyabrı gözləyir: İnqilab təhlükəsi, yoxsa?
““Taliban” hərəkatı Əfqanıstanda koalisiyalı hökuməti qurmaq vədlərini yerinə yetirmədi”.

Cebhe.info xəbər verir k, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas bildirib. Onun sözlərinə görə, “Taliban” hərəkatı ciddi narahatlıq yaradır. “Taliban”a qarşı müqavimət ocaqlarının bütün Mərkəzi Asiya üçün gözlənilməz nəticələrə gətirib çıxaracaq vətəndaş müharibəsinə səbəb olacağı qorxusu var. KTMT ölkələrinin liderləri Əfqanıstanla sərhəddə təhlükəsizliyi gücləndirmək üçün əlavə tədbirlər görməyə razılaşıblar. Öz növbəsində, Qırğızıstan Prezidenti Sadır Japarov bu vəziyyətlə əlaqədar təhdidlərə cavab vermək üçün birgə səy göstərməyə çağırıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Əfqanıstanla bağlı yekun qərarın KTMT ölkələri dövlət başçılarının sentyabrın 16-da Düşənbədə zirvə görüşündə veriləcəyini deyib. Ancaq həm Moskva, həm də KTMT-nin hazırda Əfqanıstandakı münaqişəyə qarışmamağa çalışdığı müşahidə olunur. Rusiya “taliblər”in İslam Əmirliyi yaratmaq ideyasının Mərkəzi Asiyaya yayılmamasına üstünlük verir. Buna təminat verəcəyi halda, Moskva “Taliban”la əməkdaşlığa getməyə hazır olduğunu bildirib. Hətta cənubdan kütləvi cihad terroru təhlükəsinin baş verməməsi “Taliban”la Rusiya arasında Moskvfada keçirilən danışıqların əsas mövzularından biri olub.

“Taliban” adının Rusiyanın terror təşkilatları siyahısından çıxarılması və Əfqanıstanın qanuni hakimiyyəti kimi tanınması müqabilində Moskva ilə belə bir anlaşmaya razı olduğunu bəyan edib. İlk vaxtlar Rusiyanın “Taliban” hakimiyyətini legitim hesab edəcəyi gözlənilsə də, situasiya dəyişməyə başlayıb. Artıq Əfqanıstanda kifayət qədər hərbi gücə və tərəfdara malik ikinci siyasi qüvvə meydana çıxıb. Eks-prezident Əmrulla Saleh özünü konstitusiya ilə Əfqanıstanın qanuni prezidenti elan etdikdən sonra keçmiş səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud Pəncşir vilayətində öz qoşunları ilə birlikdə ona qoşulub. Sabiq vitse-prezident, feld-marşal Rəşid Dustum da Əmrulla-Salehin tərəfinə keçib. Müxalifətin bir sıra bölgələrdə “taliblər”i məğlub etməsi ölkəni tərk etmiş prezident Əşrəf Qənini Əfqanıstana qayıdacağına dair bəyanat verməyə sövq edib. Ona görə də Rusiya və KTMT Əfqanıstanda gedən döyüşlərdə tərəf tutmayacağını bəyan edib.

Bununla da Moskva “Taliban”la anlaşmadan faktiki imtina edib. Görünür, Rusiya başda olmaqla KTMT daha çox gözləmə mövqeyinə çəkilib. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi daha çox Rusiyanın və KTMT üzvü olan Mərkəzi Asiya ölkələrinin marağındadır. Belarus və Ermənistan “Taliban”ı demək olar ki, özləri üçün təhlükə saymır. Belarus Prezidenti Asleksandr Lukaşenkonun Əfqanıstandakı vəziyyətlə bağlı çıxışı isə özünün ABŞ-la arasındakı siyasi ziddiyətə həsr olunub. Lukaşenko ABŞ hərbi təyyarələrinin KTMT üzvü olan ölkələrin ərazisinə daxil olmasını yolverilməz adlandırıb.

Rusiya və Mərkəzi Asiya ölkələri Əfqanıstandakı proseslərə münasibətdə bitərəflik prinsipindən çıxış etməklə sərhədlərə təhlükə yaratmayan tərəflə əməkdaşlığa hazır olduğuna dair mesaj verir. Bu baxımdan, müxalifət koalisiyası həmin ölkələr üçün daha təhlükəsizdir. Əgər onlar Əfqanıstanın şimal sərhədlərini “Taliban”dan geri ala bilsələr, o zaman Rusiyanın anti-“Taliban” qüvvələrlə əməkdaşlığa gedəcəyi ehtimalı yüksəkdir. Bu, həm də Mərkəzi Asiyada cihadçı inqilabı təhlükəsini aradan qaldırmış olar. Ona görə də KTMT sentyabrın 16-a qədər Əfqanıstanda proseslərin istiqamətinin müəyyənləşməsini gözləyir.

Geri qayıt