Əsas Səhifə > Dünya > Kabilin süqutu: KTMT baş verənlərə müdaxilə edərsə...

Kabilin süqutu: KTMT baş verənlərə müdaxilə edərsə...


17-08-2021, 11:27
Kabilin süqutu: KTMT baş verənlərə müdaxilə edərsə...
Artıq bir neçə gündür ki, Əfqanıstan və bu ölkədə baş verənlər bütün dünya mediasında əsas gündəm olaraq qalmaqdadır. Bu ölkədə əsl insanlıq dramı yaşanır. Əfqanıstan prezidentinin ölkədən qaçması ona gətirib çıxardı ki, Əfqanıstanda hakimiyyət yenidən 20 il əvvəl ABŞ qoşunlarının qovub çıxardığı Talibanın əlinə keçdi. Taliban isə çox keçmədən Əfqanıstan İslam Əmirliyinin elan ediləcəyini bəyan etdi.

Talibanın hakimiyyəti altında yaşamaq istəməyən əfqanlar Kabil hava limanına axın edərək son ümid yolu kimi bütün mümkün vasitələrlə ölkəni tərk etməyə çalışırlar. Sputnik Azərbaycan Əfqanıstan İslam Əmirliyinin elan olunması perspektivi və bundan sonra regionda nələrin baş verəcəyi barədə millət vəkili Arzu Nağıyev və Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu ilə həmsöhbət olub.

Yaxın Şərq üzrə ekspert qeyd edib ki, bundan əvvəl də Taliban Əfqanıstana nəzarət edəndə Əfqanıstanda İslam Əmirliyi elan edilmişdi: "Biz indi bunun yenidən baş verməsinin şahidi ola bilərik. Bundan sonra Talibanın nəzarəti altında hökumətin qurulmasının şahidi olacağıq. Taliblər hazırda əvvəlki hökumətdə vəzifədə olmuş, idarəetmə təcrübəsinə malik insanlara da çağırış edərək onları birgə işləməyə dəvət edirlər.

Ehtimal etmək olar ki, taliblər qalıcı və uzunmüddətli hökumət qurmaq istəyirlər. Şübhəsiz, burada xarici ölkələrin də təsiri var. Ümumiyyətlə, Əfqanıstanda baş verən proseslər, hadisələrin gedişatı, bölgədə maraqları olan ölkələrin sərgilədiyi davranışı nəzərə alsaq, əslində heç də hər şeyin sadə olmadığını göstərir. Əfqanıstan İslam Əmirliyinin tanınması məsələsinə gəldikdə bölgədə üç ölkə qısa zamanda Taliban hökumətini tanıya bilər. Bunlar Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistandır. Sonrakı mərhələdə isə başqa ölkələrin – xüsusilə də Yaxın Şərq ölkələrinin Taliban hökumətini tanıya biləcəyini düşünürəm".
Vüqar Zifəroğlu ABŞ-ın Talibana qarşı kiçik, lokal xarakterli zərbələr, əməliyyatlar keçirəcəyini istina etməyib: "Lakin düşünmürəm ki, ABŞ Əfqanıstanda baş verən proseslərə birbaşa və qalıcı şəkildə müdaxilə etsin. Zatən taliblərin Əfqanıstanı ələ keçirməsi ABŞ qoşunlarının bu ölkədən çıxması fonunda baş verib. Amerika hadisələrin bu cür inkişaf edəcəyini bilirdi. ABŞ bilərəkdən, şüurlu şəkildə bu addımı atdı. Rəsmi Vaşinqton öz maraqları doğrultusunda, Əfqanıstanda baş verən hadisələrin müəyyən ölkələrə, xüsusi ilə Mərkəzi Asiya ölkələrinə təsirini müəyyənləşdirmək, test etmək istəyir".

Millət vəkili Arzu Nağıyev isə düşünür ki, Əfqanıstanda hazırda baş verənlərə Çin və Rusiyaya qarşı atılan addımlar prizmasından baxmaq olar: "Taliban bir dəfə Əfqanıstanda hakimiyyətdə olub və İslam Əmirliyi yaratmaq üçün addımlar atıb.

Düşünürəm ki, Əfqanıstanda indi baş verənlərə Çinə və Rusiyaya qarşı atılan addımlar prizmasından baxa bilərik. Bu ABŞ-ın "anakonda" deyilən siyasətinin təzahürü kimi dəyərləndirilə bilər. Ən təhlükəlisi həm də odur ki, Talibanın Mərkəzi Asiya ölkələri ilə 900-1000 kilometrlik sərhədi olacaq. Bölgədə Rusiyanın, Türkiyənin, Pakistanın və ABŞ-ın maraqları onların sonrakı addımlarını formalaşdıracaq. Deyə bilərəm ki, bundan sonra Mərkəzi Asiya üçün də acınacaqlı günlər başlayır.
Çünki KTMT baş verənlərə müdaxilə edərsə, tərkibindəki bütün qüvvələr səfərbər edilməlidir. Talibanın qısa zaman ərzində hakimiyyəti ələ ala bilməsi çox ciddi məqamlardan xəbər verir".
//sputnik.az//


Geri qayıt