Əsas Səhifə > Dünya > ABŞ-Rusiya gərginliyi azalmayacaq

ABŞ-Rusiya gərginliyi azalmayacaq


13-08-2021, 12:37
ABŞ-Rusiya gərginliyi azalmayacaq
Ötən gün Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostinlə telefonla danışıb. ABŞ və Rusiya müdafiə nazirləri strateji sabitlik, eləcə də qlobal və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparıblar. Məlumata görə, telefon danışığının məqsədi strateji sabitliklə bağlı dialoqun bərpası və risklərin azaldılması səylərini dəstəkləməkdir.

ABŞ və Rusiya arasında qlobal müstəvidə ciddi geosiyasi qarşıdurmanın davam etdiyinə diqqət çəkən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib ki, bunu Şərqi Avropa, Belarus, Ukrayna, Qara dəniz priferiyasında, regionda görürük. Politoloqun sözlərinə görə, Mərkəzi Asiyada Əfqanıstan istiqamətində də tərəflər arasında ciddi rəqabət gedir:

"Müdafiə nazirlərinin bu görüşü ondan ibarətdir ki, onlar çalışırlar ki, böhran daha da inkişaf etməsin və qarşılıqlı əlaqələr təmin olunsun. Yəni əlaqələrini nizamlamaq üçün müəyyən bir xətt saxlayırlar. Tərəflər çalışır ki, hərbiçiləri arasında böhran davam etməsin. Təbii ki, onların Suriyada da müəyyən maraqları var və bu istiqamətdə də fikir mübadiləsi aparılır. Düşünürəm ki, bu, daha da böhranın inkişafına gətirəcək və hər iki dövlətə problem yaradacaq. Bunun böhrana gətirilməməsi üçün də məhz bu danışıqlar aparılır".

M.Əsədullazadə hesab edir ki, qlobal, regional müstəvidə tərəflər öz iddialarından geri çəkilməyəcək və böhran davam edəcək:

"Ümumiyyətlə, qlobal regional təhlükəsizlik məsələlərində, xüsusilə Belarus və Ukrayna istiqamətində ABŞ NATO çətiri altında öz hərbi qüvvələrini yığır. Təbii ki, Rusiya bunu öz qərb sərhədlərində təhlükəsizliyinə təhdid hesab edir. Rusiya da öz növbəsində Avropanın şərq istiqamətində öz hərbi qüvvələrini cəmləşdirir və böhran davam edir. Ona görə də düşünmürəm ki, qlobal təhlükəsizlik məsələsində hər iki liderin danışığı tərəflərin geri çəkilməsinə gətirib çıxaracaq. İndiki mərhələdə onlar sadəcə olaraq əməkdaşlıq və dialoq tellərini saxlayırlar".


Geri qayıt