Əsas Səhifə > Dünya > Bu gün İranın yeni prezidenti öz vəzifəsinin icrasına başlayır
Bu gün İranın yeni prezidenti öz vəzifəsinin icrasına başlayır3-08-2021, 08:13 |
Bakı-Tehran münasibətləri ilə bağlı İbrahim Rəisidən gözləntilər, ekspertlərə görə, İran-Azərbaycan əlaqələri şəxslərdən çox, regionda vəziyyətdən asılıdır Bu gün - avqustun 3-də İranın yeni prezidenti İbrahim Rəisi and içəcək. “Yeni Müsavat” xəbər verir ki, bununla da rəsmən öz vəzifəsinin icrasına başlayacaq. Tədbirdə İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneyi, ölkə daxilindən və xaricindən yüksək səviyyəli qonaqlar, dövlət rəsmiləri, hərbçilər iştirak edəcək. Andiçmədən sonra Rəisi siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edəcək. Yəni prioritetləri açıqlayacaq. Bizi isə daha çox maraqlandıran Rəisi dövründə Bakı-Tehran əlaqələrinin necə inkişaf edəcəyidir. Yeni prezident mühafizəkar qanadı təmsil edir və bir qayda olaraq, onların hakimiyyətdə olduğu dövrdə münasibətlər kəskinləşməyib. Üstəlik, Rəisi azərbaycanlı həmkarını Qarabağın işğaldan azad olunmasına görə təbrik edib. Bunun özü də başlanğıcda ciddi addımdır. Ancaq mühafizəkarlar hakimiyyətə gələndə ABŞ-la əlaqələr daha da pisləşir. Düzdür, Bayden administrasiyası İran siyasətində Tramp qədər radikal kurs götürməyib, amma Tehranın nüvə siyasətinə qarşı fəaliyyətindən də qalmır. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rəisi dönəmində iki ölkə arasında münasibətlərdə fundamental dəyişiklik olacağını gözləmir. Onun fikrincə, İran-Azərbaycan əlaqələri şəxslərdən çox, regionda vəziyyətdən asılıdır: “Çünki regionda tərəflərin öz maraqları var. Amma nə vaxtsa İranda hakimiyyətə liberal biri gəlsə, Azərbaycana münasibətdə yumşala bilər. Hazırkı situasiyada ciddi gözləntim yoxdur. Amma İbrahim Rəisinin İlham Əliyevi torpaqlar azad olunmasına görə təbrikini jest kimi qiymətləndirmək olar. Dövlət başçısı jest edirsə, heç zaman öz milli maraqlarına zərər vermiş olmaz. O demək deyil ki, İran bununla həssas məsələdə güzəştə gedəcək”. F.Mehdiyev güman edir ki, hər iki tərəf yaxşı qonşuluq münasibətlərini saxlamağa çalışır: “Azərbaycan və İran bir-birinə qarşı ehtiyatlı davranır. Azərbaycan milli azadlıq hərəkatına dəstək versə, İranda təsirləri güclü olacaq, Tehran bunu yaxşı bilir. İranın o qədər də Azərbaycana təsir gücü yoxdur. Azərbaycana Rusiyanın təsiri daha çoxdur. Amma qarşıda yeni dövr başlanır, irəlidə Zəngəzur dəhlizinin açılması var, bu da İranla əlaqələrə təsir edəcək”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirdi ki, İranla Azərbaycan arasında qeyri-adi dəyişiklik gözləmir. Onun fikrincə, müstəqillikdən bu yana mühafizəkarlar da, şərti adı liberal olanlar da İranda prezident kürsüsünə qalxıb, amma Azərbaycanla eyni problemlər qalıb: “Hatəmi dövründə təmasların sayı artdı, nümayəndə heyətləri qarşılıqlı intensiv səfərlər edirdilər, müxtəlif sazişlər, regional layihələr mövcud idi. Amma İran siyasətindən narazılıq da qalırdı, xüsusən müharibədə birmənalı dəstək vermədilər, bu da bizi narahat edirdi, suallara cavab ala bilmirdik. İbrahim Rəisi dönəmində də xüsusi dəyişiklik gözləmirəm”. E.Şahinoğlu, bununla belə, regional əməkdaşlığın davam edəcəyini, qalan problemlərin həllini gözləmədiyini açıqladı: “İranın Ali dini lideri var və xarici siyasətin konturlarını o, müəyyən edir, mühafizəkarlarla liberalların hakimiyyətdə olması yuxarı-aşağı bizim üçün ciddi fərq etməyib. Məsələn, Qarabağ işğalda olanda Ruhani dövrü idi, İran şirkətləri ərazilərimizdə təmir işləri aparırdı. Bu da bizdə narazılıq oyatdı. İran tərəfdən məscidin təmirinə elə cavablar verildi ki, heç başa düşülmədi. Amma ədalət naminə deyək ki, Ruhani dövründə əməkdaşlıq genişlənib, təmaslar artıb”. Politoloq hesab edir ki, İ.Rəisi dövründə regional layihələr davam edəcək, çünki İranın buna ehtiyacı var: “Tehran sanksiyalarla üz-üzədir, bu vəziyyətdən çıxış yolu qonşu ölkələrlə münasibətlərin inkişafından asılıdır. İran əsasən Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıqdan fayda götürə bilər”. Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Rəisi dönəmi Qarabağın işğaldan azad olunduğu vaxta təsadüf edir: “İndi İran Azərbaycan siyasətində daha aydın baxışlarını ortaya qoyacaq. Regionda yeni reallıq var, Zəngəzur dəhlizi açılmalıdır, Tehranın bu məsələdə mövqeyi önəmlidir. Hər halda, Azərbaycan-İran münasibətləri gərgin bir dövr yaşamayacaq”. Qeyd edək ki, Seyid İbrahim Rəisi 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açıb. 20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışan Rəisi Həmədan şəhərində də eyni postda fəaliyyət göstərib. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam edib. O, 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işi ilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olub. Ayətullah Seyid Əli Xameneyinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi Tehranın baş prokuroru təyin olunub. Sonra da müxtəlif vəzifələrdə çalışıb. Geri qayıt |