Əsas Səhifə > Dünya > Köçəryanın yeni revanş cəhdi: Uğurlu olacaq?
Köçəryanın yeni revanş cəhdi: Uğurlu olacaq?24-07-2021, 08:47 |
İyulun 26-da Ermənistan parlamenti Nikol Paşinyanı ikinci müddətə yenidən Baş nazir seçəcək. Bundan sonra Baş nazir 15 gün ərzində hökumətin tərkibini formalaşdıraraq təsdiq etmək üçün Prezident Armen Sarkisyana təqdim etməlidir. Baləliklə, N.Paşinyan 2020-ci ilin noyabr ayından etibarən davam edən siyasi böhran fonunda hakimiyyətini yenidən legitimləşdirmiş olacaq. Artıq Nikol Paşinyan Ermənistanda siyasi böhranın başa çatdığını elan edib. Seçkilərdə Paşinyanın əsas rəqibi sayılan eks-prezident Robert Köçəryanın mandatından imtina etməsi müxalifətin hökumətə təzyiq imkanlarını azaldır. Ancaq Köçəryan parlament mübarizəsi ilə yanaşı, küçə etirazlarını paralel davam etdirmək tezisini irəli sürür. Yəni onun rəhbərlik etdiyi “Ermənistan” fraksiyası Milli Məclisdə, özü isə küçə aksiyaları vasitəsilə Paşinyana qarşı siyasi təzyiqləri davam etdirmək niyyətindədir. Sabiq prezident seçkilərdə məğlub duruma düşsə belə, kifayət qədər maddi kapitala və media resurslarına malikdir. Rusiya Prezidenti mövcud situasiyada seçkilərin nəticələri ilə barışıb Paşinyanı təbrik etsə də, Putinin dostu sayılan Köçəryanın parlamentdə 29 mandat qazanması ciddi siyasi hadisə sayılır. Bu baxımdan, Köçəryan yenidən revanş götürəcəyinə ümidini hələ itirməmiş kimi görünür. Politoloq Elşən Manafov hesab edir ki, Köçəryanın deputat mandatından imtina etməsi onun müxalifətçilik fəaliyyətindən çəkilməsi anlamına gəlmir. O, “Cümhuriyət” qəzetinə bildirib ki, “Ermənistan” bloku parlamentdə təmsil olunacaq və qanunvericilik qaydasında Köçəryanın mandatı üzrə proporsional siyahı üzrə başqa namizədə veriləcək. Bu mənada, Köçəryanın parlament fraksiyası eks-prezident Serj Sarkisyanın “Şərəf duyuram” blokunun deputatları ilə birlikdə müzakirələrə və proseslərə təsir etmək, özünün müxalifət simasını saxlamağa imkan yaradacaq: “Lakin bütövlükdə Ermənistandakı seçkilərin nəticələri göstərdi ki, bütün müxalifətin elektoratı Paşinyan iqtidarının resurslarına kifayət qədər təsir etmək imkanına malik deyil. Qüvvələr nisbəti Paşinyanın və onu dəstəkləyən qüvvələrin xeyrinədir. Yaxın perspektivdə Köçəryan başda olmaqla Ermənustan müxalifətinin Paşinyanın siyasətinə təsirini istisna edərdim. Digər məsələ geosiyasətlə bağlıdır. Paşinyan Qərbyönümlü siyasətçidir. Ona görə də Ermənistanın Qərbə inteqrasiyasında maraqlıdır. Bununla yanaşı, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinin bir səbəbi də Rusiya başda olmaqla işğalçı ölkəyə dəstək verməməsi oldu. Rusiyanın loyal mövqeyi Ermənistanın daha tez məğlubiyyətinə gətirib çıxartdı. Doğrudur, Ermənistan hərbi imkanlarına görə Azərbaycandan dəfələrlə geri qaldığından məğlubiyyət qaçılmaz idi. Ancaq Rusiyanın müdaxiləsi Ermənistanı rüsvayçı vəziyyətdən xilas etdi. 10 noyabr Bəyanatı Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını və nəqliyyat-kommunikasiya xətlərinin açılmasını nəzərdə tutsa da, Paşinyan hələ bu öhdəlikləri yerinə yetirmək istiqamətində real addımlar atmır. Əgər Moskva ciddi təhdid və təzyiqlər göstərməsə, Ermənistan bu addımları atmaq istəməyəcək. Kremlin loyal mövqeyi nəticəsində sərhəddə toqquşmaların intensiv xarakter alması, Azərbaycan və Rusiya prezidentlərinin görüşü deməyə əsas verir ki, Moskvanın Paşinyana təzyiq göstərmək fikri yoxdur. Ona görə də Ermənistan müxalifətinin ümidi geosiyasi proseslər ola bilər. Eyni zamanda, Avropa Birliyinin ikili standart yürütməsi göstərir ki, geosiyasi amil Ermənistanın xeyrinədir. Amma Azərbaycanın geostrateji mövqeyi, Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və Rusiya ilə münasibətlərdəki əhəmiyyətini Moskva da nəzər alır. Bütün bu reallıqlardan çıxış etdikdə, Ermənistan müxalifətinin ölkədəki reallıqları öz xeyrinə dəyişmək imkanı çox azdır”. Qeyd edək ki, Robert Köçəryan siyasi revanşa nail olmaq diqqəti son zamanlar Naxçıvan-Ermənistan sərhəddində baş verən atışmalara çəkib. O, eskalasiyaya görə Paşinyan hakimiyyətini ittiham edib və Ermənistanın məhvə doğru getdiyini söyləyib. Köçəryan bildirib ki, Yerasxdan (Arazdəyən) şimalı Ermənistanın cənubu ilə birləşdirən və İranla sərhədə qədər dövlətlərarası avtomobil yolu keçir. “Yerasxdakı hadisələrdən sonra, deyəsən, Qara gölün olduğunu, Ermənistan ərazisində çox sayda Azərbaycan əsgərinin olduğunu unutmuşduq. Bu, həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə Ermənistanın başına gələn hər şeyin məntiqi davamıdır. Artıq dişlərimiz olmadığını, layiqli cavab vermək üçün heç bir fürsət və istək olmadığını göstərdik”. Yeni müharibə təhlükəsi üçün vəziyyətin yarandığını deyən eks-prezident qeyd edib ki, Ermənistan vətəndaşları bu dəfə güzəştin imzalanmasını çox asanlıqla qəbul edəcəklər. Onun sözlərinə görə, məqsəd, belə sənədin imzalanmasını xəyanət kimi deyil, xilas kimi qəbul ediləcək vəziyyət yaratmaqdır. Elşən Manafovun fikrincə, Köçəryanın telekanallar verdiyi bu açıqlamaları korporativ maraqlara xidmət edir: “Köçəryan praqmatik siyasətçi olsaydı, anlayardı ki, dəhlizin açılması nəinki Ermənistanın, bölgə dövlətlərinin xeyrinə işləyəcək. Sabitlik, əməkdaşlıq və sülhə töhfə verəcək. Ermənistanın Azərbaycanla ciddi qarşıdurmaya getmək imkanlarının sıfıra bərabər olduğu hazırkı dönəmdə Ermənistanı yenidən müharibəyə sövq etmək bu ölkə üçün məhvə bərabərdir. Rusiya Prezidenti Putin də öz çıxışlarında buna eyham edib. Köçəryan isə Paşinyanın Qərbyönümlü siyasətinin Moskvada məmnunluq doğurmaması kontekstindən çıxış edir. Amma unudur ki, nəqliyyat-kommunikasiya xətlərinin açılmaması ilə bağlı razılaşmalarda Rusiya iştirak edib. Üstəlik, dəhlizin müdafiəsi Rusiya hərbçilərinə həvalə edilib. Ona görə də Köçəryanın açıqlamaları konyuktur maraqlardan çıxış etməklə yenidən revanş götürməyə hesablanıb”. Geri qayıt |