Əsas Səhifə > Dünya > "Ankara öz hədəfləri uğrunda daha böyük addımlarla irəliləyir"

"Ankara öz hədəfləri uğrunda daha böyük addımlarla irəliləyir"


19-07-2021, 08:29
"Ankara öz hədəfləri uğrunda daha böyük addımlarla irəliləyir"
İyul ayının 20-də Şimali Kipr Türk Cümhuriyyətində ölkənin azadlığa qovuşmasının 47-ci ildönümü böyük təntənə ilə qeyd olunacaq. 47 il öncə 1974-cü ildə Türkiyə Ordusu “yavru vatan” saydıqları Kiprə daxil olaraq adadakı yunan zülmünə və qətliama son veriblər. Azərbaycanın deputatlardan ibarət nümayəndə heyəti də Sülh və Barış günü tədbirlərində iştirak edəcəklər. Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan da tədbirdə iştirak etmək üçün Şimali Kiprə səfər edəcək. Ərdoğanın Şimali Kiprə edəcəyi səfər və “iyulun 20-də bütün dünyaya lazımi mesajları verəcəm” açıqlaması ABŞ, Avropa Birliyi, Yunanıstan və Cənubi Kipri ciddi təlaşlandırıb. BBC Ərdoğanın səfər çərçivəsində Keçidqalada dron bazasının qurulduğunu açıqlayacağını iddia edib. Media qurumu Ərdoğanın Şimali Kiprin müstəqilliyinin beynəlxalq səviyyədə tanınması yönündə mühüm mesajlar verəcəyini də istisna etməyib. Cənubi Kipr və Yunanıstan da qardaş ölkə liderinin səfərindən narahatdır. Onları narahat edən əsas məqamlardan biri Türkiyənin adanın şimalında daimi hərbi bazalar qurma ehtimalıdır.

AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə deyib ki, dünya ölkələri Türkiyənin keçmiş dönəmlərdə olduğu kimi daxilə qapanmış, öz problemləri ilə məşğul olan bir dövlət olmadığını çox gözəl dərk edirlər. Partiya rəhbərinin sözlərinə görə, Türkiyə dünyanın super gücləri sayılan aparıcı dövlətlərin hesablaşdığı, hər regionda boy göstərən bir ölkəyə çevrilib:

“Dünyanın siyasi səhnəsinin güclü oyunçularından biri qardaş Türkiyədir. Prezident Ərdoğan da dünya liderləri arasında xüsusi yerə, çəkiyə, mövqeyə malik şəxsiyyətdir. Məhz bu səbəbdən Ərdoğanın açıqlamaları, harasa səfər etməsi dünyanın diqqət mərkəzində olur. Ötən illərədək Türkiyə baş nazirinin, yaxud prezidentinin hansısa sözü Qərb ölkələri üçün qətiyyən maraqlı deyildi.

Türkiyənin gündən-günə siyasi-iqtisadi və hərbi nüfuzu artır və Ankara öz hədəfləri uğrunda daha böyük addımlarla irəliləyir. Türkiyənin Şimali Kiprlə bağlı mövqeyi bəllidir. Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət kimi tanınması, adadakı türklərin yunanlar qədər hüquqlara sahib olması, toxunulmazlığı məsələsi Ankaranın qırmızı xəttidir. Əlbəttə, Ərdoğanın adada çıxışı zamanı söyləyəcəyi sözlər çox əhəmiyyətlidir. Xüsusən, Ərdoğanın “xüsusi mesajlar verəcəm” ifadəsi diqqətçəkəndir. Amma daha önəmlisi odur ki, artıq Türkiyə liderinin səfəri və açıqlamaları diqqətlə izlənilir. Türkiyə qərəzli Qərb ölkələri, Yunanıstan və yunan Kipri ilə mübarizədə, daha dəqiq desək, savaşdadır. Biz hər şəraitdə qardaşımızın yanındayıq, onların ən böyük dəstəkçisiyik. Şimali Kipr məsələsində də Türkiyə ilə bir yerdəyik. Azərbaycanın, Qarabağın, Zəngəzurun gələcəyi Türkiyənin, Ərdoğanın gücündən və mövqeyindən asılıdır”.


Geri qayıt