Əsas Səhifə > Dünya > Tixanovskaya Vaşinqtona dəvət edildi:

Tixanovskaya Vaşinqtona dəvət edildi:


17-07-2021, 10:06
Tixanovskaya Vaşinqtona dəvət edildi:
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya gələn həftə Vaşinqtona səfər edəcək və Ağ Evin yüksək səviyyəli nümayəndələri tərəfindən qəbul ediləcək.

Ovqat.com-un bildirdiyinə görə, AFP agentliyi Amerika administrasiyasına istinadən bu barədə məlumat verib.

"Ağ Evin yüksək vəzifəli nümayəndələri gələn həftə Tixanovskayanın Vaşinqtona səfərini səbirsizliklə gözləyirlər", - deyə Ağ evin nümayəndəsi bildirib. Onun dediyinə görə, ABŞ Tixanovskayanı yüksək səviyyədə qəbul etməklə Belarus xalqının demokratik istəklərini dəstəklədiyi və ölkədəki demokratikləşmə təşəbbüslərini dəstəkləməyə davam edəcəyi mesajını vermək istəyir.

Qeyd edək ki, ötən il avqustun 9-da Belarusda prezident seçkiləri keçirilmişdi və MSK-nın rəsmi məlumatlarına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80.1% səs toplayaraq 6-cı dəfə prezident seçilmişdi. İkinci yeri isə seçkilərdən az sonra ölkəni tərk etmək məcburiyyətində qalan Tixanovskaya tutmuşdu. MSK-nın bu bəyanından sonra Belarusun müxtəlif bölgələrində yüz minlərlə insan küçələrə tökülmüş, seçkilərin saxtalaşdırıldığını bəyan etmişdi. Hökumətin Bütün repressiv basqılarına baxmayaraq, aylarla sürən etiraz nümayişləri sonunda yatırılmışdı. Tixanovskaya isə xaricə qaçmış və etiraz aksiyalarını ordan idarə etməyə başlamışdı.

Lukaşenko seçkiləri saxtalaşdıraraq özünü prezident elan etdikdən sonra Qərb ölkələri, özəlliklə ABŞ onun legitimliyini tanımamış və Belarusa qarşı ağır iqtisadi sanksiyalar həyata keçirməyə başlamışdı. Ölkə lideri isə bu vəziyyətdən çıxmaq üçün daha sıx şəkildə Rusiyanın ağuşuna sığınmışdı.

Son zamanlar Qərb ölkələrinin Belarusa tətbiq etdiyi sanksiyaların mənfi nəticələrinin görünməyə başlandığı xəbər verilir. Ölkə iqtisadiyyatı getdikcə daralır, xalqın narazılığı daha da artır. Belə bir zamanda ABŞ-da Tixanovskayanın ən yüksək səviyyədə qəbul edilməsi Belarusda yeni “məxməri” inqilabi prosesə hazırlıq işlərinin getdiyindən xəbər verir.

Tixanovskaya Lukaşenko rejiminə qarşı mübarizəyə qalxmamışdan əvvəl evdar bir xanım idi. Hətta məhz bu xüsusiyyətinə görə, Lukaşenko ona lağ edir, rəqibini “övladlarına kotlet bişərən qadın”, özünü isə 25 il dövlət başçısı vəzifəsində bişmiş peşəkar siyasətçi kimi göstərərək üstünlüyünü sübut etməyə çalışırdı. Görünür, müxaliflərin təmsilçisi kimi yalnız Tixanovskayanın seçkilərə buraxılması da onun bu “zəifliyindən” irəli gəlirdi. Lukaşenko hakimiyyəti arxasında heç bir real siyasi təşkilatın dayanmadığı, “kotlet bişirməkdən” başqa əlindən heç nə gəlməyən bu qadını rahatlıqla udacağını düşünürdü. Seçkilərin nəticəsi isə Belarus diktatorunun yanlış hesablamalar apardığını ortaya çıxardı. Tixanovskaya bir çağırışla milyondan çox insanı meydanlara toplamağı bacardı. Bununla da seçkilərdən kobud şəkildə saxtalaşdırıldığını bir daha sübuta yetirdi.

Məsələ burasındadır ki, Belarus MSK-nın rəsmi statistikasına görə, ölkədə 6 milyon 845 min seçici var. Son seçkilərdən isə guya onların 84.28%-i iştirak etmişdi. Bu da 5 milyon 818 min seçici edər. Səsverənlərdən guya cəmi 10.1%-i Tixanovskayanı, 80.1%-i isə Lukaşenkonu seçmişdi. Bu hesabla müxalif liderə səs verənlərin sayı 590 min civarında olmalı idi. Tixanovskaya isə 1 milyondan çox aktiv dəstəkçisini çıxarmaqla faktiki MSK-nın yekun nəticələrlə bağlı hesabatının altını üstünə çevirdi və seçkilərin saxtalaşdırıldığını əyani şəkildə bütün dünyaya göstərdi. 80.1% faiz səs topladığını iddia edən Lukaşenkonun inzibati resursları işə salaraq öz mitinqlərinə gətirdiyi insanların sayı 5 mini keçmir, aksiya iştirakçılarından bəziləri isə onun onun üzünə “Rədd ol, get!” şüarları səsləndirirdilər.

“Kotlet bişirən” evdar bir xanımın Belarus diktatorunun başına bəla olması bloggerlik edən yoldaşının qanunsuz həbsindən sonra başlamışdı. Əvvəl sırf fərdi etirazına görə üsyana qalxan bu qadın müxalifətin ya mövcud olmadığı, ya da “dişsiz” olduğu Belarusda birdən-birə parladı və etirazçı kütlənin hətta uğrunda canından keçəcəyi liderə çevrildi. Bu mənada Tixanovskaya fenomeni müxalif təşkilatları məhv etməklə xalq etirazını yatıracaqlarını düşünən bütün diktatorlar üçün əsl ibrət dərsi olacaq mahiyyətdədir. Onun öz iradəsindən asılı olmayaraq milyonlarla xalq kütlələrinin ümidgahına çevrilməsi bir daha göstərir ki, evin zibilini palaz altında gizlətməklə təmizlik işləri aparmaq olmaz. Palaz altındakı zibillər qalandıqca, bir gün üstə çıxar və ev sahibinin də bütün eyiblərini gözlər önünə sərər. Lukaşenko kimi çətin vəziyyətə düşməmək üçün evi “xala xətrin qalmasın” yox, həqiqətən də zibillərdən təmizləmək lazımdır.



Geri qayıt