Əsas Səhifə > Dünya > Pekindən Ankaraya və Kiyevə ard-arda zəng edildi:

Pekindən Ankaraya və Kiyevə ard-arda zəng edildi:


14-07-2021, 11:50
Pekindən Ankaraya və Kiyevə ard-arda zəng edildi:
Gözlərin Qara dənizdə NATO-Rusiya gərginliyinə yönəldiyi və “Taliban”ın Əfqanıstanda hakimiyyəti get-gedə ələ keçirdiyi bir zamanda Çin prezidenti Şi Cinpinin dünən həm Türkiyəli, həm də Ukraynalı həmkarı ilə ard-arda telefon danışıqları aparması diqqəti cəlb edir.

Ovqat.com-un məlumatına görə, Şi Cinpinin Ərdoğanla telefon danışığında iki ölkənin iqtisadi əlaqələri, regional inkişaf məsələləri, xüsusilə ticarət, investisiya, enerji, nəqliyyat və səhiyyə sahələrini inkişaf etdirəcək addımlar müzakirə olunub.

İki ölkə arasında regional və qlobal iqtisadiyyat, həmçinin diplomatiyanın bütün sahələrində geniş əməkdaşlıq potensialının olduğuna diqqət çəkən Prezident Ərdoğan Çin və Türkiyənin birgə yaratdığı Yüksək Səviyyəli İşçi Qrupunun ölkələr arası əməkdaşlığı sürətləndirəcəyinə inamını bildirib.

Prezident Ərdoğan Çinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulamaqla yanaşı, uyğur türklərinin də problemini dilə gətirib. “(Ərdoğan) Çinin bərabər hüquqlu vətəndaşları olaraq firavanlıq, azadlıq və sülh içində yaşayan uyğur türklərinin Türkiyə üçün əhəmiyyətini vurğuladı”, - Türkiyə Prezident Administrasiyasının Rabitə Başqanlığının dünən yaydığı məlumatda belə deyilir.

Şi Cinpinin Ukraynalı həmkarı ilə söhbətinə də regional əməkdaşlıq öz damğasını vurub.

Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Vladimir Zelenski söhbət zamanı Çini "Ukraynanın dünyadakı “1 nömrəli ticarət və iqtisadi tərəfdaşı" adlandırıb.

Zelenski, həmçinin dəniz limanlarının infrastrukturunun inkişafı, yolların tikintisi və modernləşdirilməsi, dəmir yollarının və şəhər infrastrukturunun inkişafı üçün bir sıra layihələrin həyata keçirilməsində Çinli investorların iştirakının vacibliyini vurğulayıb. O, Ukraynanın Çinə ixracatının artırılması və kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Bundan əlavə, Zelenski Ukraynanın "Çin biznesi üçün Avropaya bir körpü" ola biləcəyinə ümid etdiyini də bildirdi.

Çin Xalq Respublikasının sədri isə Ukraynanın "Böyük İnşaat" layihəsinin əhəmiyyətini qeyd edib və Çinin bu istiqamətdə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Söhbətdə ən diqqət çəkən məqam isə Çin liderinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirməsi olub.

"Vladimir Zelenski vahid Çin məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu təsdiqlədi. Çin Xalq Respublikasının Prezidenti də öz növbəsində Çinin Ukrayna xalqının seçdiyi müstəqillik yoluna hörmət etdiyini, onun suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı”, - deyə Zelenskinin mətbuat xidməti xəbər verir.

Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən işğal olunduğunu, NATO qüvvələrinin məhz həm yarımadanın ərazi sularında son zamanlar intensiv hərbi təlimlər keçirdiyini nəzərə alanda Şi Cinpinin bu sözləri Pekinin də hansı tərəfdə səf tutduğu anlamına gəlir. Baxmayaraq ki, “ərazi bütövlüyünü dəstəkləmək” hətta düşmən ölkə liderlərinin də bir-birilərinə söylədiyi klassik sözlər təsiri bağışlayır, bu ənənə təmkini ilə seçilən Çin xarici siyasət anlayışına xas deyil. Pekin belə məsələlərdə “yüz ölçüb bir biçmək” tutumu ilə fərqlənir. Hətta deyilənlərə görə, 1970-ci ilin sonlarında Çin Baş nazirinə xarici səfərlərdən birində II Dünya müharibəsi ilə əlaqədar sual verilir. Çin Baş nazirinin cavabı isə hər kəsi təəccübləndirir: “Bu barədə danışmaq hələ tezdir”.

Şi Cinpinin Ukraynanın infrastruktur layihələrinə investisiya yatırmaq istəyi ilə bağlı fikirləri də Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. İki gün öncə Ukrayna xalqına müraciət ünvanlayan Vladimir Putin “qardaş ölkə”nin Rusiyadan üz döndərməsi nəticəsində Avropanın ən kasıb dövlətə çevrildiyini, bunun belə də davam edəcəyini bildirməsi rəsmi Moskvanın arzu və istəklərinin ifadəsi idi. Çin isə Ukraynanın inkişafı layihələrinə kapital yatırmaqla bağlı mövqeyini açıqlamaqla sanki bu arzu və istəkləri Kremlin gözündə qoymağı planlaşdırdığını bəyan edir.

Türkiyəyə gəlincə, məlum olduğu kimi, Ankara NATO-nun da istəyi ilə Əfqanıstanı öz himayəsinə götürməyi planlaşdırır. “Taliban”ın bu istəyə qarşı çıxmasına baxmayaraq, dünya ilə inteqrasiya zərurəti, habelə bu təşkilatın sponsoru və yaradıcısı olan dövlətlər (Qətər və Pakistan) Ankara ilə strateji müttəfiq sayılırlar. Üstəlik, Böyük Britaniya da dönüşüm prosesi keçirəcəyi təqdirdə “Taliban”la əməkdaşlıq edəcəyini açıq şəkildə bildirdi. Yəqin ki, bu həvəsləndirmələr “Taliban”ı da ipə-sapa yatıracaq.

Rəsmi Ankaranın açıq şəkildə “Asiyanın ürəyi” adlandırdığı Əfqanıstana “Türkistanın qapısı” kimi baxması, hətta ölkənin şimal hissəsini Qərbi Türkistan coğrafiyasına aid etməsi gələcək geosiyasi layihəsinin xəbərçisidir. Türkiyə Əfqanıstandan başlayaraq, Xəzər dənizinin şərqinə qədər Orta Asiya ərazilərində Türkistan birliyi quraraq bu əraziləri Azərbaycan vasitəsilə özünə və Qərbə inteqrasiya etməyə çalışır. Prinsipcə, Rusiya ilə Çin arasında keçilməz Türk səddi yaratmaq yeni super ittifaqların qarşısını almağın da ən qısa yoludur. Təklif olunan bu layihənin alternativi “islah olunmamış Taliban” gerçəyidir ki, bu da Orta Asiyada etnik, dini qarşıdurmaların yaşanmasıdır. Nəticədə sülh baryeri qarşıdurma baryerinə çevrilər və yenə Çinlə Rusiya arasında əlaqələr kəsilər. Üstəlik, qarşıdurma xəttində Çinin “Bir Kəmər, Bir Yol” layihəsi də işlərliyini itirər. Bu vəziyyətdə Pekin üçün ən optimal yol iki fürsətdən birini əlində tutmaqdır.

Yeni layihədə əslində Rusiyanın da maraqları nəzərə alınıb. İqtisadiyyatı neft və qaz ehtiyatlarını satmaqla baş girləməkdən ibarət olan Rusiyaya ən yaxşı halda Avropa ilə iqtisadi əməkdaşlığı sürdürmək fürsəti tanınıb. NATO-nun son liderlər zirvəsindən əvvəl ABŞ-ın “Şimal axını-2” layihəsinə tətbiq etdiyi sanksiyaların ləğvi, sammitdən sonra isə Co Baydenlə Rusiya prezidenti Vladimir Putinin görüşü və hər iki liderin görüşdən məmnuniyyətlə ayrılması da bunu təsdiqləyib. Görünən budur ki, başda ABŞ olmaqla Qərb dünyanın geosiyasi balansını pozmağa iddiali olan və yeni super güc kimi ortaya çıxmağı planlaşdıran iki Şərq nəhəngini fərqli maraq dairələrinə çəkərək ayırır. Həmin maraq dairələrinə gedən yollara nəzarətini isə daha etibarlı qüvvələrə tapşırır. Rusiyanın boğazı Avropa ölkələrinə, Çinin boğazı isə formalaşmaqda olan Turan Birliyinə.

Heydər Oğuz,
Ovqat.com


Geri qayıt