Əsas Səhifə > Dünya > KTMT dağılır: Kremlin siyasi hiyləsi fayda vermədi
KTMT dağılır: Kremlin siyasi hiyləsi fayda vermədi13-07-2021, 08:45 |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz funksiyasını itirmək üzrədir. Son vaxtlar hərbi alyansın daxilində müşahidə olunan mərkəzdənqaçma prosesi bu qurumu fəaliyyətsiz hala gətirib. Hazırda KTMT-də əsas problemlərdən biri üzv ölkələrin xarici aqressiyaya qarşı vahid mövqedən çıxış edə bilməməsi ilə bağlıdır. Yəni təşkilatın nizamnaməsinin 4-cü maddəsi artıq işləmir. Son zamanlar KTMT-nin Tacikistanı Əfqanıstandan gözlənilən “Taliban” terrorundan müdafiə etməməsi ittifaq daxilindəki etimadsızlığı daha da artırıb. Rusiya, Belarus, Qırğızıstan və Ermənistanın Tacikistana görə “Taliban”la müharibədən imtina etməsi faktiki olaraq, adıçəkilən təşkilatın kollektiv deyil, fərdi təhlükəsilik maraqlarına üstünlük verdiyini sübuta yetirdi. Əslində, təşkilat daxilində fikir ayrılığı Azərbaycanla Ermənistan arasında 2016-cı ilin aprel ayında və ondan sonrakı illərdə baş vermiş döyüşlər zamanı ortaya çıxmışdı. KTMT ölkələrinin heç biri Ermənistanı müdafiə etmədi. Çünki üzv dövlətlərin heç biri işğalçının yanında yer almaqla Azərbaycana qarşı müharibədə iştirak etmək istəmədi. İndi KTMT daha çox Rusiyanın öz hərbi bazalarını postsovet ölkələrinin ərazisində yerləşdirməsi üçün bir platforma rolunu oynayır. Digər problem isə son zamanlar Qırğızıstan və Tacikistanın timsalında KTMT-nin öz daxilində hərbi qarşıdurmanın baş verməsidir. Bu da təbii ki, KTMT-nin təşkilati strukturunu genişləndirməklə üzv ölkələrin sayını artırmağa çalışan Rusiyanın planlarını pozur. Rəsmi Moskva KTMT Parlament Assambleyası yanında tərəfdaş və müşahidəçi statusu ilə iştirak institutu yaratmaqla başqa dövlətləri də alyansa cəlb etməyə çalışır. Bu sırada Rusiyanın maraq göstərdiyi ölkələr arasında Azərbaycan, Özbəkistan, Pakistan, İran kimi ölkələr var. Hətta KTMT PA-nın sonuncu iclası iyun ayının sonunda Düşənbə şəhərində keçirilib. Avrasiya İqtisadi Birliyinə müşahidəçi statusla daxil olan Özbəkistan KTMT ilə bağlı təklifi müzakirə etməyə hazır görünsə də|, sonradan bundan imtina edib. “Özbəkistan KTMT-yə qayıtmaq məsələsini nəzərdən keçirmir və bu təşkilatın üzvlərindən dəvət almayıb”,- Özbəkistan Prezidentinin mətbuat katibi, Prezident Administrasiyasının sədr müavini Şirzod Əsədov belə deyib: “Biz KTMT-yə üzv olmaq üçün təklif almamışıq. Üstəlik, qanunlarımız hərbi bazaların yaradılmasını və bu kimi təşkilatlara qoşulmağı qadağan edir”. Əsədovun bu açıqlaması Özbəkistanın KTMT-dən rəsmən imtina etdiyini göstərir. Əfqanıstandan Özbəkistan sərhədlərinə hərbi müdaxilə təhlükəsinin artdığı bir vaxtda KTMT-nin Tacikistanı müdafiə etməməsi rəsmi Daşkəndi şübhəsiz ki, Rusiyanın təklifindən çəkindirən başlıca amil olub. Rusiyanın xaricdə ən böyük hərbi bazası Tacikistanda yerləşir. Rusiyanın və digər üzv ölkələrin hazırkı çətin vəziyyətdə Tacikistana yardım etmək istəmədiyini görən Özbəkistan KTMT-yə müşahidəçi, yaxud həqiqi üzv olmaq istəməz. Rusiyanın gizli planı isə terrorçuluğa qarşı mübarizə adı altında özbəkistanın Fərqanə vadisinə öz hərbi bazalarını yerləşdirmək və beləliklə keçmiş SSRİ-nin sərhədi boyu daha bir ərazini nəzarətə götürməkdən ibarətdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun zərurət yaranarsa, Tacikistan ərazisindəki 201-ci hərbi bazadan “Taliban”a qarşı istifadə olunacağı barədə dedikləri isə çox güman ki, rəsmi Düşənbədə və bölgə dövlətlərində əminlik yaratmağa hesablanmış diplomatik gedişdir. Görünür, Rusiyanın bu siyasi hiyləsini vaxtında anlayan Özbəkistan KTMT-dən imtina etməklə zərbədən yayınmağa çalışır. Cebhe.info Geri qayıt |