Əsas Səhifə > Dünya > Baydenlə Taliban arasında gizli sövdələşmə

Baydenlə Taliban arasında gizli sövdələşmə


13-07-2021, 08:32
Baydenlə Taliban arasında gizli sövdələşmə
Amerika hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda Çinin öz ordusunu bu ölkəyə yeritməklə bağlı imkanı yaranıb. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri “Foks Nyus”a müsahibəsində amerikalı ekspert Qordon Çan deyib. Onun sözlərinə görə, Çin üçün Əfqanıstan tapmacanın vacib hissələrindən biridir. O, bunun sayəsində Çin hərbçilərinin İran və ya Pakistan vasitəsilə Ərəbistan dənizinə giriş imkanı yaranacağını bildirib. Pentaqon nümayəndəsi Con Kirbi isə deyib ki, Talibanın Əfqanıstanda irəliləməsi, zorakılığın artması böyük narahatlıq yaradır. Onun sözlərinə görə, bu prosesi diqqətlə izləyir və əfqan partnyorlarımızla çalışırıq.

Prezident Co Bayden avqustun 31-dək ABŞ ordusunun Əfqanıstandan tam çıxacağını elan edib. Nəticədə radikal Taliban qüvvələri fəallaşaraq ölkənin müəyyən bölgələrini nəzarətə götürməkdə davam edir. Siyasi baxımdan bu hadisənin Orta Asiya dövlətlərinə təsir edəcəyi deyilir.

Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın Orta Asiya regionuna nüfuz etməsi üçün Əfqanıstan tramplin rolunu oynamalı idi: “ABŞ-ın strateji planı olmasaydı, Əfqanıstandan belə tələm-tələsik çıxmazdı. Bu illər ərzində ABŞ bu bölgədə kifayət gədər kəşfiyyat işləri görüb. Hesab edirəm ki, ABŞ-ın Taliban liderləri ilə gizli sövdələşmələri olub. Rəsmən ABŞ silahlı qüvvələrini Əfqanıstan çıxartsa da, gizli şəbəkəsi fəaliyyətini davam etdirəcək”.

Politoloqun fikrincə, Orta Asiya respublikaları - Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan Rusiyanın siyasi nüfuzu dairəsindədir, Vaşinqtonun yeni planı Moskvanın Orta Asiya dövlətlərindəki nüfuzunu zəiflətmək, Rusiyanın cənub bölgəsində gərginlik ocağı yaratmaq olacaq: “ABŞ Rusiyanın cənubunda onun Orta Asiya dövlətlərini demokratiya adı altında ələ keçirə bilmədi, bu baxımdan radikal Taliban qüvvələrinin vasitəsilə Türkmənistan, Özbəkistan və Tacikistanda stabilliyin pozulmasına cəhdlər ediləcəyini ehtimal edirəm. ABŞ öz gizli şəbəkəsini Talibanın nəzdində Tacikistan ərazisinə, oradan isə digər ölkələrə nüfuz etdirəcəyi ilə hədəfləyib. Bu baxımdan Rusiya silahlı qüvvələrini Tacikistan-Əfqanısan sərhədində gücləndirmək niyyətindədir”.

Bununla belə, A.Məsiyev zənn edir ki, ABŞ analitikləri yaxşı anlayır ki, Orta Asiya respublikalarında Türkiyənin nüfuzu artmaqdadır: “Bu hadisə ABŞ rəsmilərini narahat etməkdədir. Bu baxımdan Orta Asiya respublikalarında hərc-mərcliyin yaranması ABŞ-ın maraqlarına uyğun gəlir. Demokratiya ilə ələ keçirə bilmədiyi bölgələri xaos yaratmaqla nəzarət etmək planı işə düşəcək. Yaxın Şərqdə hərc-mərclik yaratmaq üçün İŞİD-in yarıdılması buna bariz numunədir. ABŞ bu planını həyata keçirmək üçün zahirən qüvvələrini Əfqanıstandan çıxarmaq qərarı verməli idi, həm də məsuliyyətdən qaçmaq üçün bu vacib amil idi. ABŞ bu addımı atmaqla radikal Taliban qüvvələrinin faktiki olaraq əl-qolunu açdı. Taliban qüvvələri müqavimət göstərilmədən Əfqanıstanın vilayətlərini, rayonlarını ələ keçirirsə, həmin bölgələrə nəzarət edirsə, asanlıqla müasir silah-sursatlar əldə edirsə, bu, onu göstərir ki, hansısa gözəgörünməyən qüvvənin himayəsindədir. Bir sözlə, ABŞ və Taliban arasında gizli sövdələşmənin olmasını zaman aşkarlayacaq”.

Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlu isə qeyd edir ki, “Əl-Qaidə”, İŞİD-dən fərqli olaraq Taliban yerli-milli bir qruplaşmadır, dünyaya yayılmaq iddiası olmayıb: ““Əl-Qaidə” və ya İŞİD isə İslam Xilafətini bərpa etmək hədəfini elan edib, buna görə də müxtəlif ölkələrdə təşkilatları olub, bütün dünyaya iddia ediblər. Taliban sovet işğalının son dövrlərində, siyasi islamlaşmanın təsiri ilə yaranmış yerli islamçı müqavimət qrupudur. Talibanın iddiası Əfqanıstanadır.

Məsələn, İŞİD Əfqanıstanda “əmirlik” elan etdikdən cəmisi bir neçə ay sonra Türkmənistana soxulmaq istədi və böyük qırğınlara səbəb oldu. Amma Talibanın bu günə qədər belə bir planı və ya hədəfi olmayıb.

Taliban rus-sovet işğalına qarşı islam üləmasının çağırışı, Pakistan və bəzi ərəb ölkələrinin dəstəyi ilə yaranıb, güclənmiş bir puştun təşkilatıdır. İlk hədəfi ruslar, ruslar çıxandan sonra yerli qruplar - yeri gəlmişkən, onların arasında Hikmətyarın və ya Burhanəddin Rəbbaninin islamçı partiyaları da olub. ABŞ işğalından sonra isə Amerika və beynəlxalq koalisiyaya qarşı savaşıb. Son illərdə Rusiya və Çin, eləcə də İranla yaxınlaşıb. Bu da ABŞ-a qarşı müttəfiq qazanmaq məqsədilə olub".

K.Rövşənoğlu istisna etmir ki, Taliban Əfqanıstanı tam nəzarətə götürsə, gələcəkdə Orta Asiyada islamçı silahlı qruplara təsiri olacaq: “Onsuz da Orta Asiya islamçı qruplarının ”ana vətəni", yəni düşərgələri Əfqanıstan olub. Amma Talibanın bu ölkələrə hərbi müdaxilə etməsi, hücumu gözlənilmir. Birincisi, etnik baxımdan Taliban-puştunlar yalnız Tacikistanda tərəfdar qazana bilər. Digər ölkələrdə elə də sosial dayağı ola bilməz. Dini baxımdan isə Talibanın qlobal cihad proqramı yoxdur, ən yaxşı halda məsələn, Əfqanıstandakı özbək cihadçıları öz tərəfinə çəkib Özbəkistana göndərə bilər, ya da Türkmənistana...

Amma özü birbaşa müdaxilə etməz, bu həm də Taliban üçün daha ağır nəticə doğura bilər. Nəzərə almaq lazımdır ki, Taliban 90-cı illərin təşkilatı deyil, 20 ildən çox hərbi-siyasi təcrübə qazanıblar. Həm də arxalarında ərəb dərin ağılı - Qətər var.

Amerikalılara gəlincə, ABŞ hələ 2010-cu ildə Talibanla danışıqlara yaşıl işıq yandırmışdı. O zaman Hillari Klinton təklif edirdi ki, real güc olaraq Talibanla masaya oturmaq lazımdır. Keçən il isə Tramp daha əvvəl başlayan danışıqları sürətləndirib Dohada Talibanla anlaşdı. Bunun əsas səbəbi Talibanın İran, Rusiya kimi ölkələrlə yaxınlaşması idi".

Ekspertin fikrincə, Talibanın 90-cı illərdəki kimi radikallığı gözlənilmir: “Müəyyən qədər reallıqları da nəzərə alacaqlar. Amma hər bir halda Əfqanıstan yenə də dinc, sakit inkişaf yoluna girməyəcək və ya bu yola girməsi prosesi ən azı bir müddətlik yubanacaq”.
“Yeni Müsavat”

Geri qayıt