Əsas Səhifə > Dünya > Cenevrə razılaşması təhlükə altındamı?

Cenevrə razılaşması təhlükə altındamı?


10-07-2021, 09:59
Cenevrə razılaşması təhlükə altındamı?
ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin dünən axşam telefonla danışıblar.

Ovqat.com ABŞ prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir ki, prezidentlər beynəlxalq gündəlikdə dayanan bir sıra məsələlərlə yanaşı, Rusiyadan ABŞ maraqlarına qarşı yönələn kiberhücumlar barədə də fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Bayden və Putin Cenevrədə keçirilən görüşdən sonra "öz komandalarının birgə işini yüksək qiymətləndiriblər". Liderlər vurğulayıb ki, bu birgə fəaliyyət BMT Təhlükəsizlik Şurasında Suriyadakı transsərhəd humanitar yardımın uzadılmasına dair qətnamə qəbul etməyə imkan verib.

ABŞ və Rusiya liderlərinin kibercinayətkarlıq məsələlərini müzakirəsi zamanı Bayden həmkarını Rusiya ərazisindən həyata keçirilən “qəsb virusları”ndan istifadə etməklə haker hücumlarına qarşı tədbirlər görməyə çağırıb. Amerika tərəfi kiberhücumlara qarşı Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Telefon danışığından sonra Ağ evdə brifinq keçirən Bayden Rusiya prezidenti Vladimir Putinlə söhbətlərinin uğurlu alındığını bildirib. "Hər şey yaxşı getdi. Mən nikbinəm", - o, jurnalistlərin sualını cavablandırarkən belə deyib.

Jurnalistlərin ABŞ-ın rus kiberhücumlarına cavab verib-verməyəcəklərinə və bununla bağlı hansı tədbirlər görəcəyi dair sualına Baydenin cavabı çox qısa olub: "Bəli". Amma Amerika prezidenti öz “bəli”sinin nə mənaya gəldiyinə aydınlıq gətirməyib.

Bayden brifinqdə ABŞ-ın başqa ölkələrdən kibercinayətkarlara qarşı mübarizədə kömək gözlədiyi fikrini təkrarlayıb. O, həmçinin bildirib ki, Putinlə söhbət zamanı "bir ölkədə baş verən hadisələr ikinci ölkəyə təsir göstərirsə, kommunikasiya kanallarının yaradılması məsələsini” müzakirə edib.

Ağ evin görüşlə bağlı açıqlamasında bildirilir ki, Bayden Putinlə danışarkən, Rusiya Federasiyasını “qəsb virusları”ndan istifadə edən hakerlərə qarşı tədbirlər görməyə çağırıb.

“Prezident Bayden Rusiyada fəaliyyət göstərən və “qəsbkar” viruslardan istifadə edən qrupların fəaliyyətini dayandırmaq üçün tədbirlər görülməsinin lazım olduğunu vurğulayıb və qəsb proqramının yaratdığı qlobal təhlükə ilə mübarizəni davam etdirməyə qərarlı olduğunu deyib”, - Ağ evin açıqlamasında bildirir.


Bəyanatda həmçinin ABŞ-ın kiberhücumlara qarşı qorunmaq üçün bütün lazımi tədbirləri görəcəyi də qeyd olunur: "Birləşmiş Ştatlar öz xalqını və strateji əhəmiyyətli infrastrukturu qorumaq üçün bütün lazımi tədbirləri alacaq".

Məlumata görə, telefon danışığından bir gün əvvəl Ağ evin nümayəndəsi Cen Psaki media əməkdaşları ilə söhbətində bildirmişdi ki, “Rusiya hakimiyyəti öz ərazisində xarici şirkətləri qəsb edən hakerlər hücumlarına müqavimət göstərə bilməsə, Vaşinqton özü bu məsələnin həlli ilə məşğul olacaq”. Psaki eyni zamanda ABŞ-ın bu məsələ ilə bağlı Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə əlaqə saxladığını da əlavə etmişdi. Sözçünün bu fikirlərindən aydın olur ki, Baydendən əvvəl də ABŞ yetkililəri Rusiyanın yüksək səlahiyyətli rəsmiləri ilə bu məsələni müzakirə edib və yəqin ki, tərəflər ortaq məxrəcə gəldikdən sonra prezidentlər müzakirələri sürdürüblər.

ABŞ-ı prezidentlər səviyyəsində danışıqlar aparmağa qərar verəcək qədər narahat edən kiberhücumlardan sonuncusu iyulun 3-də baş vermişdi. Məlumata görə, ABŞ-da yerləşən “Kaseya” şirkəti potensial olaraq çox miqyaslı kiber hücumlara məruz qalmışdı. Haker hücumu “Kaseya” ilə birbaşa və ya dolayısı ilə əlaqəli şirkətlərə də təsir etmişdi. Qlobal biznes sahəsində internet xidmət təminatçısı olan “Kaseya” öz müştərilərinin proqramlarına uzaqdan nəzarət edir.

“Kaseya” kiberhücumdan sonra “Bloomberg” agentliyi kibertəhlükəsizlik sahəsində mütəxəssislərə istinadən xəbər vermişdi ki, hakerlər ondan 70 milyon dollarlıq bitkoin tələb ediblər. Ağ evin sözçüsü Psaki də cümə günü brifinqdə bildirmişdi ki, Baydenin Putinlə söhbəti zamanı "bu hücuma da ciddi diqqət ayrılıb".

Məlumatların bu hissəsinə qədər bütün oxlar ABŞ və Rusiya prezidentləri arasında söhbətin ortaq məxrəcə gəlməklə bitdiyini göstərir. Baydenin də telefon danışığından sonra dilə gətirdiyi sözlər hər şeyin yağ-bal kimi getdiyini təsdiqləyir. Di gəl ki, telefon danışığından dərhal sonra baş verən bir başqa hadisə vəziyyətin göründüyü qədər sadə olmadığından xəbər verir.

Belə ki, prezidentlərin danışıqlarından qısa müddət sonra Rusiyadan Ukrayna Donanmasının veb saytına hücum baş verib. Saytı ələ keçirən hakerlər orada “Sea Breeze-2021” hərbi təlimləri barədə saxta mesajlar yayıblar.

Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, bu hücumun arxasında hansısa haker cinayətkarlar deyil, Kremlin özü dayanır.

"Rusiya Ukraynaya qarşı məqsədyönlü şəkildə informasiya əməliyyatları aparır. Bu hərəkətlərə Mərkəzi tabeçilikdə olan kibercinayətkarlığın, kəşfiyyat orqanlarının və Kremlin bütün təbliğat maşınının dəstəyi ilə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin informasiya-psixoloji əməliyyatlarının strukturları cəlb edilib. İyulun 9-da Ukrayna Silahlı Qüvvələri Hərbi-Dəniz Qüvvələrinin veb-portalına təcavüzkar dövlət strukturlarının haker hücumu olub", - deyə məlumatda bildirilir.

Bəyanatda həmçinin Qara dənizdə davam edən “Sea Breeze-2021” təlimləri ilə əlaqəli bəzi sənədlərin və əsasən saxta mesajların yayımlandığı vurğulanıb. "Yayımlanan sənədlərin heç biri Ukrayna Silahlı Qüvvələrinin informasiya və telekommunikasiya sistemlərindən məlumat sızması nəticəsində əldə edilməyib", - deyə mətbuat xidməti bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, dünənki kiberhücum nəticəsində Ukrayna Hərbi Dəniz Donanmasının saytı öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb: “Hazırda təhlükə aradan qaldırılıb və saytın fəaliyyəti yaxın vaxtlarda bərpa olunacaq".

Bəyanatda həmçinin bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin rəsmi veb-portalına qarşı da uğursuz “DDoS-hücum” halları qeydə alınıb. Ukrayna Müdafiə Nazirliyinin iddiasına görə, hazırda səlahiyyətli strukturlar “internetdəki məlumat resurslarını lazımi səviyyədə qorumaq üzərində işləyirlər”.

Nəzərə alsaq ki, Ukrayna ABŞ-ın rəhbərliyi altında fəaliyyət göstərən NATO tərəfdaşıdır və Qara dənizdə keçirilən “Sea Breeza-2021” hərbi təlimləri Şimali Atlantik Alyansının bölgəyə nəzarətini artırmaq məqsədi daşıyır, Rusiyadan Ukrayna Silahlı Qüvvələrinə və onun strukturlarına edilmiş kiberhücumların yalnız Kiyevə qarşı yönəldiyini düşünmək sadəlövhlük olardı. Üstəlik, bu kiberhücumların Bayden və Putin arasında dünən baş tutan telefon söhbətindən dərhal sonra həyata keçirilməsi Moskvanın sözlü vədinə “əməli sədaqəti”ni nümayiş etdirir. Bütün bunlar isə Baydenlə Putin arasındakı telefon danışığının müsbət nəticələndiyi barədə irəli sürülən fikirlərin daxili auditoriya üçün səsləndirildiyini göstərir.

Xatırladaq ki, Baydenlə Putin arasında iyunun 16-da Cenevrədə keçirilən görüşdə əldə edilən razılaşmaya görə, tərəflər bir-birinə qarşı kiberhücumları və dezinformasiya siyasətlərini dayandıracaqdılar. Bu görüşdən sonra ABŞ mediası həqiqətən də Rusiyaya qarşı təbliğati hücumlarına ara vermişdi. Hətta Rusiyaya əleyhinə bir çox qərar almasına baxmayaraq, Trampı “ağ yuyub qara sərən”, az qala onu Moskvanın agenti adlandıran ABŞ mediası Putinlə bir sıra önəmli məsələlərdə orta məxrəcə gələn Baydenə eyni “həssasiyyətlə” yanaşmır, əksinə onun addımlarını müdafiə edir. Sözsüz ki, bu ikili standartın bir səbəbi ABŞ-ın ana mediasının qlobalistlərə yaxınlığı və Baydenin də onların təmsilçisi olmasıdırsa, digər səbəb Vaşinqtonun Rusiyanı Çindən ayırıb zərərsizləşdirməsi strategiyası ilə əlaqədardır. Baydenin bütün bu səylərinə baxmayaraq, Rusiyanın ABŞ maraqlarına qarşı kiberhücum və desinformasiya siyasətini dayandırmaması Cenevrə görüşündə əldə olunan razılaşmanın həyata keçirilməsi perspektivini şübhə altına alır.

Ovqat.com

Geri qayıt