Əsas Səhifə > Dünya > "ABŞ bununla demək istəyir ki, mən olmasam dünya terrorla üz-üzə qala bilər"

"ABŞ bununla demək istəyir ki, mən olmasam dünya terrorla üz-üzə qala bilər"


7-07-2021, 08:25
"ABŞ bununla demək istəyir ki, mən olmasam dünya terrorla üz-üzə qala bilər"
"ABŞ-ın Əfqanıstandan çəkilmə prosesinin başlamasından sonra Əfqanıstanda vəziyyət yenidən gərginləşməyə başlayıb". Bu fikirləri "Şərq"ə açıqlamasında politoloq Samir Hümbətov deyib. O qeyd edib ki, ABŞ-ın bölgədən çəkilməsindən sonra "Taliban" silahlı qruplaşmasının bəzi regionları, həmçinin Bədəxşan vilayətini ələ keçirməsi Əfqanıstan Silahlı Qüvvələrinin mindən çox əsgərini Tacikistan ərazisinə çəkilmək məcburiyyətində qoyub: "Mövcud Əfqanıstan hökuməti ordu rəhbərliyinə qoşunların şəxsi heyətini qorumaq üçün Tacikistan ərazisinə keçmək əmrini verib. Tacikistan sərhədini keçən əfqan silahlı qüvvələrinin sayı artıq 1037 nəfər təşkil edir.

Baş vermiş bu hadisə ilk dəfə deyil. Bundan öncə də dəfələrlə Əfqanıstan silahlı qüvvələrinin “Taliban” hərəkatının basqısı altında Tacikistana doğru hərəkət etmək məcburiyyətində olub. 22 iyun 2021-ci ildən bəri Əfqanıstan əsgərləri dördüncü dəfə Tacikistan sərhədini keçirlər, amma sonuncu dəfə ən çox sayda əsgərin Tacikistan sərhədini keçməsi müşahidə edilib. Tacikistan Sərhəd Mühafizəsinin əsgərləri baş verən hadisəni humanizm prinsipi əsasında qəbul ediblər. Rəsmi Düşənbə baş verən insidentlərin qarşısını almaq məqsədi ilə Tacikistan-Əfqanıstan dövlət sərhədinə əlavə 20 min hərbçisini səfərbər edir".

Politoloq əlavə edib ki, son zamanlar sözügedən regionda baş verən proseslər sıradan hadisə kimi qəbul edilə bilməz və ciddi araşdırma tələb edən məsələlərdən biri kimi qəbul edilə bilər:

"ABŞ-ın Əfqanıstandan çəkilmə qərarından sonra baş vermiş hadisə təsadüfi hesab edilə bilməz. Bu məsələnin arxasında bir neçə ölkəyə siyasi mesajın olduğunu da demək mümkündür. Birincisi, ABŞ bununla Çinə mesaj vermək istəyir ki, əgər mən istəsəm sənin sərhədinə yaxın yerdə, xüsusilə də Şərqi Türkmənistana yaxın ərazidə terrorçu qruplaşmaların fəaliyyətinə fürsət yaratmaqla daima səni təzyiq altında saxlaya bilərəm. Eyni zamanda "Taliban" silahlılarının Əfqanıstanın nəzarətini əlinə alması Çinin "Bir kəmər, bir yol" layihəsinin Mərkəzi Asiyadan keçən hissəsi üçün ciddi təhlükə kimi də qiymətləndirilə bilər. İkincisi, ABŞ Rusiyaya mesaj vermək istəyir ki, baxmayaraq ki, sən KTMT-ni əlində saxlayırsan, Əfqanıstanla daima səni Mərkəzi Asiyada təziq altında saxlamaq imkanına malikəm. ABŞ-ın digər mesajı isə kövrək təhlükəsizliyi olan ölkələrədir. ABŞ bununla demək istəyir ki, mən olmasam dünya terrorla üz-üzə qala bilər. Eyni zamanda Mərkəzi Asiyada gerçəkləşən və gerçəkləşməsi nəzərdə tutulan bir çox layihələrin təhlükəsizliyi də sual altına düşə bilər".

Geri qayıt