Əsas Səhifə > Dünya > “Çin yürüşü”nə mane olan Kremli nə gözləyir?
“Çin yürüşü”nə mane olan Kremli nə gözləyir?1-07-2021, 08:32 |
Hər dəfə amerikalı alim Frensis Fukuyamanın “Tarixin sonu” əsəri müzakirə ediləndə ağlıma bir fikir gəlir: axı, hələ nə Orta Şərqdə ədalət bərpa olub, nə də Rusiya dağılıb. Tarixin sonu üçün çox erkən deyilmi? Əksər dini fundamental hekayələrdə dünyanın sonunun – yəni qiyamətin Orta Şərqdə ədalətin bərqərar olmasından sonra yaxınlaşacağı deyilir. Dünyanın az qala yarısı da öz ədalətini Rusiyanın dağılmasından sonra gözləyir. Hətta bunu xalqların gözlədiyi ədalətə bağlamayanlar da var. ABŞ-ın milli təhlükəsizlik üzrə sabiq prezident müşaviri, məşhur strateq Zbiqnev Bjezinski “təbiət çox ədalətsizdir, Rusiya haqq etmədiyi şəkildə resursların çoxuna sahibdir” deməkdən çəkinmirdi. Bir sözlə, Rusiya məsələsi təkcə demokratiya, xalqların əzilməsi məsələsi deyil, həm də elə demokratiya və xalqların əzilməsi məsələsidir. Söhbət təkcə Rusiyada yaşayan xalqlardan getmir. Rusiyanın kölgəsində olan və yolu bu kölgədən keçən xalqlardan gedir. Azərbaycanın tanınmış diplomatı və şərqşünası, mərhum dövlət müşaviri Vəfa Quluzadə də coğrafiyada bir çox müsbət dəyişikliyi Rusiyanın çökməsi, dağılması ilə bağlayırdı. O, Kremli indiki mahiyyəti ilə suyun qarşısında yatmış əjdahaya bənzədirdi. Doğrudan da, Rusiya dağılmalıdırmı?.. Bu suala fəlsəfi, hətta siyasi cavab vermək indi çox çətindir, ona görə ki, Rusiya bir siyasi buzlaqdır, onun parçalanması və ya əriməsi bizi hansı yeni orqanizmlərlə üz-üzə qoyacaq, bunu dəqiq bilmək, proqnozlaşdırmaq çətindir. Fəqət, Rusiyanın atını hansı tərəfə səyirdəcəyi də məlum deyil. Bir sözlə, Rusiyanın dağılması artıq bir çox mərkəzlərin qiyamət hekayəsinə çevrilib. Yəni dünyadan öncə Rusiya. Bunu Qərbin məsələlərin həll tərzində Kremli aqressiyaya əl atmağa imkan verməmək taktikasından da sezmək olur. Kreml dünyaya ötürdüyü mesajların cavabını daxili siyasi-iqtisadi sahələrdə alacaq. Rusiya Çini qorudu Əslində bu yazının məqsədi Çinin Rusiya ilə münasibətlərini aydınlaşdırmaqdır. Çünki hazırda Qərbin ən ciddi rəqibi Çin olsa da, siyasi leksikonda daha çox Rusiya hallanmaqdadır. Rusiya sanki Çinə olan təpkiləri özünə çəkməklə məşğuldur. Məsələn, ötən əsrin sonları və bu əsrin birinci onilliyində ABŞ-ın Rusiyaya münasibəti tamam başqa idi. Vaşinqtonda o zaman belə qənaətdə idilər ki, hazırda sivilizasiya üçün iki mühüm təhdid var: fundamentalizmin yayılması və Çinin artan iddiaları. Hər iki problemin həllində Rusiya ciddi müttəfiq ola bilər. Pentaqonun strateqləri Rusiyanı modern bağlantı mərkəzlərindən biri hesab edirdilər. Daha doğrusu, ikincisi. Ancaq 2010-cu ilin iyununda Rusiyanın o zamankı prezidenti Dmitri Medvedevin ABŞ-a rəsmi səfərindən sonra Vaşinqton demək olar ki, xəyal qırıqlığına uğradı. Amerikalılar ruslarla anti-Çin planlarında heç cür razılaşa bilmədilər. Rusiya dövlət adamları ABŞ-ın bu ölkəyə ciddi sərmayə (şimalda infrastruktur layihələri üçün) təkliflərini ölkəni daxildən dağıtmaq və ya udub, həzm etmək planı kimi yozdular. Vaşinqtonda düşünürdülər ki, Medvedev Putindən daha liberal adamdır və Çin təhlükəsini başa düşür. Amma sonradan ABŞ mediası bu təklifləri alan Medvedevin “mən bunu Vladimir Vladimiriçlə məsləhətləşməliyəm” reaksiyası ilə bütün ümidləri suya atdığını yazırdı. Məhz o zaman tam aydın olmuşdu ki, Rusiyaya olan ümidlər boşuna olduğu kimi, ona verilən imkanlar da yersiz olub və artıq Rusiya xeyli güclənib. O, nəinki indi Çinlə mübarizədə müttəfiq deyil, hətta “Çin yürüşü”nə qarşı bir maneədir. İndi Qərbin bir nömrəli işi bu yolun üstündəki iri qayanı hansısa şəkildə parçalayıb, yolu təmizləməkdir. Çünki onu bütöv şəkildə tərpətmək mümkün kimi görünmür. Çinlilər məsələyə Konfutsinin su təliminin prinsipləri ilə baxırlar. Onların fikrincə, xarici aləmlə toqquşmaya getmədən Çin iqtisadi gücünü artırmalı, Rusiya ilə Qərbin toqquşmasına hazır olmalıdır. ABŞ isə bir an öncə Orta Asiya, Xəzər bölgəsi, Cənubi Qafqaz, İran və Rusiyanın demokratikləşməsini istəyir. Bu plan işləyərsə, bəlkə Çinin qarşısını öz sərhədlərində almaq baş tutar. Bir sözlə, nə qədər ki, Rusiya “Çin yürüşü”nün qarşısını kəsməklə məşğuldur, deməli, özünün sonunu yaxınlaşdırmağa doğru çalışır. O sonu isə Çin hamıdan daha böyük maraqla gözləyir. Müəllif: Seymur Həzi //pressklub.az// Geri qayıt |