Əsas Səhifə > Dünya > Putin tüğyan edən yoluxmalara baxmayaraq �?Birbaşa xətt’ə çıxacaq

Putin tüğyan edən yoluxmalara baxmayaraq �?Birbaşa xətt’ə çıxacaq


30-06-2021, 09:23
Putin tüğyan edən yoluxmalara baxmayaraq ?Birbaşa xətt’ə çıxacaq
Vladimir Putin ölkəsində tüğyan edən yoluxmalara baxmayaraq, hər il keçirilən və televiziya ilə translyasiya olunan sual-cavab sessiyasına hazırlaşır

Vladimir Putin ölkəsində tüğyan edən yoluxmalara baxmayaraq, hər il keçirilən və televiziya ilə translyasiya olunan sual-cavab sessiyasına hazırlaşır.

“Birbaşa xətt” adlanan bu sessiya iyunun 30-da, parlament seçkisinə 11 həftə qaldığı bir vaxtda keçiriləcək.

Kremlin quraşdırdığı Konstitusiya dəyişiklikləri hazırkı müddəti 2024-cü ildə başa çatacaq Putinin 2036-cı ilədək prezident olmasına imkan verir.

Ötən illərdə keçirilən çoxsaatlıq “Birbaşa xətt” proqramlarından məqsəd Putini xalqın ehtiyaclarına diqqətli və qayğıkeş bir lider kimi təbliğ etmək olub.

Bu seanslar zamanı Putinə ölkənin müxtəlif yerlərindən - əsasən adi vətəndaşlardan telefon zəngləri gəlir. Adamların bəzi xahişləri “elə yerindəcə” həll edilir.

Bununla da xarici və daxili siyasətdə uğurları ilə tanıdılan prezidentin həm də zibilxana və ödənməmiş maaşlar kimi xırda yerli məsələlərə də diqqətli olduğu nümayiş etdirilir.

Kreml ötən il ağır pandemiyaya görə bu tədbiri ləğv etmişdi.

Bu il isə Rusiya faktiki olaraq COVID-19 infeksiyalarının ağır üçüncü dalğası ilə üzləşib.

Ölkə boyunca bir çox yerlərdə sərt karantin qaydaları yenidən tətbiq edilir.

Ölkədəki hadisələr Rusiyanın bu sahədə uğurlu olmasına dair təbliğata kölgə salır.

Rusiya koronavirusa qarşı bütün dünyada ilk olaraq vaksin əldə etdiyini bəyan etmişdi.

Bundan sonra daha iki vaksin istifadə üçün təsdiq olunub.

Bununla belə Rusiya vaksinləməyə görə dünyada ən pis reytinqə malik ölkələrdən biridir.

Özünün Sputnik V vaksinini bütün dünyada təbliğ edən Rusiyada əhali üçün vaksin çatışmır.

İyunun 29-da rəsmilər ölkədə 21 min yeni yoluxmanın və 652 ölümün qeydə alındığını bildiriblər.

Bu, ölkə üzrə birgünlük yoluxmalarda rekord rəqəmdir.

Ümumilikdə, pandemiyanın əvvəllərindən bəri Rusiyada koronavirusdan 135 min ölüm qeydə alınıb.

Kreml bunu da etiraf etməyə məcbur olub ki, əhalinin 60 faizinin peyvənd olunması hədəfi alınmayacaq. İndi bu hədəf 30 faizə endirilib.

Prezidentin özünün vaksinlənməsi xəbər verilib, lakin onun hansı vaksindən istifadə etdiyi açıqlanmayıb.

Putinin budəfəki sual-cavab sessiyasında bu ağır vəziyyətlə bağlı suallara cavab verib-verməyəcəyi bilinmir.

Çünki sessiya üçün suallar bir qayda olaraq əvvəlcədən hazırlanır.

Ekspertlər Rusiyada yoluxmaların avqust-sentyabr aylarında, yəni elə seçki ərəfəsində pik nöqtəsinə çatacağını düşünürlər.

Putin sentyabr seçkisində formalaşacaq yeni parlamentdə Vahid Rusiya partiyasının şübhəsiz dominantlığına çalışır.

Bu həm də onun 2024-ci ildə hansı siyasi niyyətlərdə ola biləcəyi ilə bağlıdır.

Son vaxtlarda keçirilmiş rəy sorğuları Vahid Rusiya partiyasının reytinqinin rekord aşağı səviyyədə olduğunu göstərib.

Bütün bunlar Putin iqtidarını müxalifətə, ələlxüsus da Aleksey Navalnı tərəfdarlarına qarşı misli görünməmiş repressiyalara məcbur edib.

Putin nominal olaraq üzvü olmadığı partiyanın reytinqini qaldırmaq üçün seçkiyə qədər bir çox infrastruktur sahələrinə nəhəng vəsaitlərin xərclənəciyini vəd edib.

Bütün bunlara və son illərdə reytinqinin düşməsinə baxmayaraq Putin, bir çox yerli təhlilçilərin fikrincə hakimiyyətinin 22-ci ilində də rəqibsiz görünür.


Geri qayıt