Əsas Səhifə > Dünya > “Türkiyə NATO-dan uzaqlaşır” ilə “Ərdoğan Putinin müttəfiqi deyil” arasındakı “tapmaca”
“Türkiyə NATO-dan uzaqlaşır” ilə “Ərdoğan Putinin müttəfiqi deyil” arasındakı “tapmaca”29-06-2021, 08:05 |
ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton yeni qurulan Türk Demokratiya Layihəsinin (Turkish Democracy Project) Məsləhət Şurasına qatılıb. “Türkiyə ilə bağlı həyəcan təbili çalmağın vaxtı gəldi. Avtoritar bir liderin rəhbərliyi altında bir vaxtlar güclü bir NATO müttəfiqi demokratiyadan üz çevirir və Rusiyaya yaxınlaşır. Dəhşətli vəziyyəti aydınlatmaq üçün Türk Demokratiya Layihəsinin (TDL) Məsləhət Şurasına üzv olmaqdan məmnunam”, - deyə o, “Twitter” açıqlama verib. Qeyd edək ki, TDL “Türkiyənin son zamanlarda demokratiyadan avtoritarizmə yönəlməsinə cavab olaraq yaradılan” beynəlxalq bir siyasi təşkilatdır. Məsləhət Şurasının digər üzvləri arasında keçmiş Florida qubernatoru Ceb Buş və İtaliyanın keçmiş xarici işlər naziri Culio Terzi di Sant Aqata da var. Con Bolton ABŞ-ın keçmiş Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. Daha sonra keçmiş patronunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətlərini tənqid edərək, “Trampın bəyəndiyi diktatorlara şəxsi xidmətlər göstərməyi” sevdiyini söyləyib. Ancaq bu, ən azı ilk baxışdan qəribə bir mövqedir. Dünyanın böyük bir analitik kəsimi hesab edir ki, Ərdoğan Putinin həqiqi bir müttəfiqi deyil, yalnız müvəqqəti, situativ (dedikləri kimi) müttəfiqidir. Və prinsipcə, bunun Türkiyə ilə Rusiyanın maraqlarının toqquşduğu fərqli ölkələrdə çox dəlili var. Bolton kimi bir “qırğı”nın bunları bilmədiyinə inanmaq çətindir. Bəs, onda Boltonun bəyan etdiyi mövqe nə ilə bağlıdır? Onun arxasında dünya siyasətindəki bəzi nüfuzlu qrupların maraqlarımı dayanır? Həmin qüvvələr nədən Türkiyənin təsirinin gücləndirilməsindən narahatdırlar? Bu qüvvələrin kimliyi barədə hansı ehtimallar irəli sürmək olar? AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar. Gürcüstan Strateji Analiz Mərkəzinin aparıcı eksperti Gela Vasadze: “Əslində, xəbərlər çox maraqlıdır. “Kremlin qüllələri”ndən danışmağa alışmışıq, yəni Rusiya hakimiyyətinin birköklü olmadığını nəzərdə tuturuq. Ancaq Rusiya əsasən regional gücdür, ABŞ isə dünya lideridir. Beləliklə, Vaşinqtonda neçə qüllə olduğunu təsəvvür edə bilərsiniz. Bu vəziyyətdə Ağ Evdəki mövcud hökumətə qarşı sərt müxalifətdə olsa da, ABŞ-ın siyasətinə təsir edəcək qədər güclü olan bu qüllələrdən birinin fəaliyyətinin şahidi oluruq. Anladığım qədəri ilə, bu, Amerika hakimiyyətinin “Türkiyə modernistləri” (onları belə adlandıraq) və ordu ilə sıx əlaqəli bir hissəsidir. Qrupun təşəbbüsü həm də ona görə maraqlıdır ki, böyük bir türk layihəsinin başlaması Ərdoğan üçün son dərəcə çətin olacaq Türkiyədə keçiriləcək seçkilərə hazırlıq zamanı ortaya çıxdı. Bu qrup həmişə Yaxın Şərqdə və postsovet məkanında Atlantizmin bir qalası olaraq Türkiyənin mənafelərini dəstəkləyib. “Panturan layihəsi” onlar üçün on illərdir bəslənmiş bir ideyadır. Və bu şərtlərdə Ərdoğan incə Şərq siyasəti ilə, Rusiya və İranla “oynaması” ilə açıq-aşkar bu insanların xoşuna gəlmir. Başqa bir şeydir ki, Vaşinqtonda bir çox qüllələr var, və buna görə hər şey heç də sadə deyil”. Ukraynalı politoloq, Dünya Siyasət İnstitutunun direktoru Yevgen Maqda: “İnanıram ki, cənab Boltonun yeni statusu, Demokratlar və Respublikaçılar arasında, prinsipcə, ABŞ-da bir saniyə də dayanmayan siyasi mübarizənin bir hissəsindən başqa bir şey deyil. Bu gün o, dövlət idarəetmə sistemində iştirak edə bilmədiyi üçün, özünə uyğun olan böyük bir rol oynaya biləcəyi başqa bir yerdə özünü axtarır. Və Türkiyə, hər halda, yalnız bölgəsində deyil, bütövlükdə dünya səhnəsində kifayət qədər aktiv və kifayət qədər nəzərə çarpır. Cənab Boltonun yeni statusundan hansısa uzaqvuran bir nəticə çıxarmazdım. ABŞ və Türkiyə, Türkiyə ilə Rusiya münasibətlərində bəzi mümkün dəyişiklikləri, Türkiyənin ən azından Qara dəniz hövzəsində yeni addımlarını gözləyərdim. Yalnız bu cəbhədə baş verənlərə istinad edərək, məsələ barədə konkret nəticə çıxarmaq olar. Fikrimcə, ağır siyasi çəkili bir şəxsin hər hansı bir qeyri-dövlət layihəsinə qoşulması barədə nəticə çıxarmaq hələ tezdir”. Geri qayıt |