Əsas Səhifə > Dünya > ABŞ Çinin iqtisadi ekspansiyasına qarşı hərəkətə keçir

ABŞ Çinin iqtisadi ekspansiyasına qarşı hərəkətə keçir


15-06-2021, 08:34
ABŞ Çinin iqtisadi ekspansiyasına qarşı hərəkətə keçir
G7 dövlət rəhbərlərinin zirvə görüşündə ABŞ prezidenti Co Bayden Avropadakı həmkarlarını və Yaponiyanı Çinin artan iqtisadi təsirinə qarşı çıxmağa çağırıb. O, Pekinin müxtəlif ölkələrə “Bir Kəmər-Bir yol” layihəsi çərçivəsində avtomobil və dəmiryolları xətlərinin, limanların tikintisi, kommunikasiya şəbəkələrinin qurulması üçün milyardlarla dollar kredit ayırıb, sonradan həmin kreditlər vasitəsilə ölkələri təsir altına saldığını bildirib.

ABŞ prezidenti Çinin “sürünən” ilhaqının qarşısını almaq üçün Avropanın, Yaponiyanın, ABŞ-ın Çin layihəsinin əhatə etdiyi ərazilərdə həyata keçirdiyi müxtəlif proqramlarını birləşdirməyi təklif edib. Bayden Afrika, Latın Amerikası və hətta Avropadakı çoxsaylı ölkələrə əlverişli şərtlərlə kreditlərin verilməsini, investisiyaların yatırılmasını zəruri hesab etdiyini deyib. ABŞ prezidentinin təklif etdiyi plan “Build Back Better for the World” adlandırılıb. Bu, “Dünyanı olduğundan daha yaxşı bərpa edək” anlamı verir. Planın ingiliscə qısa yazılışı - B3W da onun Çin layihəsin (abreviaturası BRI) qarşı yönəldiyini göstərir.

Bayden bildirib ki, Çin dünya ticarət və texnologiya qaydalarının hazırlanmasında iştirak etməməlidir. O, antidemokratik hakimiyyətə malik Çinin demokratik Qərbə meydan oxumasının qəbuledilməz olduğunu qeyd edib.

Avropaya yola düşməzdən əvvəl Bayden ABŞ vətəndaşlarına Çinin müdafiə sənayesində iştirak edən, onunla bağlı olan 59 Çin şirkətinin səhmlərini almağı qadağan edən əmri imzalayıb. Avqustun 2-dən qüvvəyə minəcək qadağa Çinin hərbi və müdafiə sənayesində fəaliyyət göstərən bütün iri dövlət şirkətlərini əhatə edir.

Bayden zirvə görüşünün yekununda qəbul ediləcək bəyannamədə Çinin iqtisadi ekspansiyasına qarşı müəyyən çağırışların olacağına ümid etdiyi vurğulamışdı. Lakin bazar günü yayılan bəyannamədə bu məsələnin üstünə demək olar ki, gedilməyib. Əsas diqqət Çinin müsəlman uyğurlara, həmçinin HonqKonqa qarşı siyasətinə yönəldilib.

Məsələ burasındadır ki, Böyük Yeddilik rəhbərlərinin əksəriyyəti Çinin “Bir Kəmər-Bir Yol” layihəsinin zəif ölkələr üçün ciddi təhlükə yaratdığının fərqindədirlər və bundan narahatlıq keçirirlər. Lakin Avropa Birliyi, Almaniya və İtaliya Pekinlə bağlamış olduqları əlverişli müqavilələri itirmək istəmirlər. Onlar həmçinin Çinlə yeni “soyuq müharibə” mühitinin yaranmasına, əlaqələrin kəskin soyuqlaşmasına hazır deyillər.

Çinin “Bir kəmər-Bir yol” layihəsi çərçivəsində irihəcmli kreditlər alıb qaytarmağa çətinlik çəkən Çernoqosiyanın Avropa Birliyinə yardım müraciətinə bir neçə ay əvvəl imtina cavabı verildi. Birlik faktiki olaraq kiçik Avropa dövlətini Çin qarşısında tək qoydu. Nəticədə Çin Çernoqoriyanın ən əlverişli və gəlirli limanını verdiyi borcun yalnız faizi müqabilində 99 illiyə idarəetməyə götürdü. Əsas borcu isə Çernoqoriya özü qaytarmalı olacaq. Müşahidəçilər tezliklə Yunanıstanın da eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar. Çünki Çindən bir neçə infrastruktur layihəsi üçün irihəcmli borc alan Yunanıstan onların qaytarılmasında böyük çətinliklərlə üzləşib.

Avropada Çinin iqtisadi siyasətində təhlükə görən ilk ölkə Böyük Britaniyadır. Çinlə kifayət qədər isti münasibətləri olan London Afrika ölkələrinin sürətlə Pekinin tam nəzarətinə keçdiyini görərək ABŞ-ın bu prosesi dayandırmaq çağırışlarına ilk müsbət reaksiyanı verib: Bors Conson hökuməti “Huawei” şirkətindən əldə olunan bütün texnologiyaların başqaları ilə əvəz olunmasını qərarlaşdırıb.

Öz avtomobil sənayesi məhsullarının bir saylı bazarı olan Çinlə əlaqələri soyuqlaşdırmaq istəməyən Almaniya isə əksinə, Pekinə qarşı yumşaq davranışın tərəfdarıdır. Çin məmurlarının alman avtomobillərinin idxalına qadağa tətbiq olunacağına dair xəbərdarlığından sonra Almaniya “Huawei” texnologiyalarından istifadəyə qadağa qoyulması qərarını təxirə salmalı olub.

“Bir Kəmər-Bir yol” layihəsinə rəsmən qoşulan İtaliya NATO-dakı müttəfiqlərinin təzyiqləri ilə Çin şirkətlərinə bəzi məhdudiyyətlər tətbiq etsə də, bu ölkə ilə bağlanan əlverişli ticarət və investisiya sazişlərini itirmək istəmir.

Fransa isə layihəyə qoşulmasa da, Çin texnoloji şirkətlərinə qarşı qadağalara getmədi. Lakin 2022-ci ildəki seçkilərdə Makronun əsas rəqibi olan Marin La Pen Çinin Hind-Sakit okeanı hövzəsindəki ambisiyalarına qarşı mübarizə aparacağını bəyan edib.

Beləliklə, G7 zirvəsində Baydenin Çinlə bağlı təklifləri Kanada, Fransa, Böyük Britaniyanın dəstəyini qazansa da, Almaniya, İtaliya və Avropa Birliyi nümayəndələri buna getmədilər. Lakin iştirakçıların hamısı Çində məcburi əməkdən istifadənin görüşün yekun bəyannaməsində yolverilməz hal kimi qeyd olunması barədə razılığa gələ bildilər. G7 rəhbərləri Çinin uyğur və digər etnik-dini azlıqlara qarşı tətbiq etdiyi məcburi əmək praktikasına qarşı mübarizə aparılmasını məqsədəuyğun saydılar. Çin isə dərhal bunu özünün daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirən bəyanatla çıxış etdi.

ABŞ-ın Çinin iqtisadi nüfuzunun artmasına qarşı mübarizəsi nə ilə nəticələnə bilər? Məlumdur ki, “Bir Kəmər-Bir Yol” layihəsi Azərbaycan üçün də ciddi perspektivlər açır. Ölkəmiz Çindən Avropaya və əksinə yükdaşımalarda əsas marşrutlardan biri olmaq üçün ciddi fəaliyyətlər həyata keçirir. Dəmiryolları yenilənir, limanlar inşa olunur, Xəzər dənizi ilə yükdaşımaları artırmaq üçün gəmilər hazırlanır. Bu şəraitdə ABŞ-ın layihəyə qarşı fəaliyyətləri Azərbaycan üçün hansı məhdudiyyətlər yarada bilər?

İqtisadçı-alim Elşad Məmmədovun sözlərinə görə, Çində tətbiq edilən iqtisadi idarəetmə modeli dünya miqyasında effektiv bir model kimi qəbul olunub: “Çinin iqtisadi siyasəti, yanaşması özünü tam təsdiq edib. Bu gün Çin yüksək texnoloji məhsulların ixracına görə həm ABŞ-ı, həm də Avropa Birliyini üstələyib. İqtisadiyyatı həcminə görə artıq ABŞ iqtisadiyyatını da ötüb keçməkdədir. Bu inkişafın, iqtisadi potensialın artmasının qarşısını almaq mümkün deyil. İqtisadiyyat gücləndikcə Çinin dünyada nüfuzunun artması isə daha çox təbii prosesdir. Bu baxımdan, ona qarşı hər hansı iqtisadi, yaxud hərbi-siyasi sıxışdırılma, təzyiq siyasətinin nəticə verəcəyini düşünmürəm”.

İqtisadçı-alim bildirir ki, Çin öz iqtisadiyyatı üçün daha əlverişli şərtlər əldə etməyə çalışır: “Bütün dövlətlər bunu istəyir. Xarici ticarətindəki kəskin müsbət saldo Çində əldə olunan dollarların ölkə xaricinə çıxarılmasını tələb edir. Əks halda, onun hamısının ölkədə qalması daxildə inflyasiya prosesini stimullaşdıracaq. Buna görə də Çin ”Bir Kəmər-Bir yol" kimi meqalayihənin icrasına başlayıb. Bir çox dövlətləri o layihəyə cəlb edib, müəyyən şərtlərlə onları özündən asılı vəziyyətə salıb. Bu, əlbəttə, dünyamiqyaslı bir proses olduğuna görə müəyyən çağırışlar yaradır. Lakin layihədə iştirakçı olmağa çalışan Azərbaycan üçün belə çağırışlar formalaşmır. Çünki əvvəla, Azərbaycanın zəruri infrastruktur formalaşdırmaq üçün öz maliyyə potensialı yetərincədir, xarici investisiyalardan asılılığı kritik səviyyədə deyil. Digər tərəfdən, hətta Çindən kredit cəlb olunsa belə, onu qaytarmaqda ölkəmizin ciddi bir çətinliyi olmayacaq".

E.Məmmədov deyir ki, son onilliklərdə dünyada və bölgəmizdə Qərb və Avropadan hərbi-siyasi, iqtisadi asılılıq məsələsi vardısa, artıq Çin tamam fərqli model formalaşdırır: “Çin iqtisadi cəhətdən asılılıq modelini tətbiq edir. Lakin bu asılılıq heç bir ölkə üçün yaxşı perspektiv deyil. Buna görə də Azərbaycan bölgə dövlətləri ilə sıx və bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin güclənməsinə, regional layihələrin icrasına çalışmalıdır. Regional iqtisadi inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqaməti olmalıdır”.
“Yeni Müsavat”

Geri qayıt