Əsas Səhifə > Dünya > Ermənistanda seçki kampaniyası sərt qarşılıqlı ittihamlarla başlayıb
Ermənistanda seçki kampaniyası sərt qarşılıqlı ittihamlarla başlayıb8-06-2021, 09:03 |
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazir əvəzi və hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyan iyunun 7-də Armavir vilayətində tərəfdarları ilə görüş keçirib. Paşinyan görüş zamanı deyib: “Bəziləri deyirlər ki, iyunun 20-də qalib gələcəklər, amma biz deyirik ki, siz cəzanızı çəkəcəksiniz”. Baş nazir əvəzi nitqinin böyük bir hissəsini yenə də keçmiş hakimiyyətə həsr edib: “Biz gözləyirik ki, ən azı 60 faiz səs qazanacağıq. Biz sizdən aldığımız möhkəm, polad mandatla Ermənistan Respublikasında vətəndaş müharibəsi başlatmaq istəyən qüvvələri Ermənistanın siyasi meydanından silib atacağıq”. Paşinyan çıxışında habelə 1999-cu ilin 27 oktyabrında parlamentin güllələnməsini yada salıb. O deyib ki, o vaxt ölkənin milli təhlükəsizlik naziri Serj Sarkisyan, prezidenti isə Robert Koçaryan idi. Baş nazir əvəzi Robert Koçaryanın “onu böyük məmnuniyyətlə istənilən silah növü ilə duelə dəvət edərəm” atmacasına da reaksiya verib: “Zənnimcə bu adam şəxsən əlinə silah alacaq, çünki Nairi Unanyan (27 oktyabr hadisəsini törətmiş dəstənin başçısı - red) həbsxanadadır. Onun bütün hakimiyyəti öz xalqını duelə çağırmaqdan və güllələməkdən ibarət olub. 2008-ci ilin 1 martında da belə olub. Onda da adamları dəvətsiz filansız güllələyiblər. Ya da o birisi (Serj Sarkisyan - red)...Parlamentin spikeri, baş nazir güllələnəndə sən milli təhlükəsizlik naziri idin. Bundan sonra özünü niyə pəncərədən atmadın? Yəqin ona görə ki, sənin başçılıq etdiyin strukturun baş verənlərdən xəbəri vardı və ölkənin təhlükəsizliyinin təminatı üçün heç bir addım atmırdı. Ona görə ki, Vazgen Sarkisyan və Karen Demirçyan Meğrinin Azərbaycana verilməsinə qarşı çıxış edirdilər”. Azatutyun yazır ki, Cermukda seçicilərlə görüş keçirən Serj Sarkisyan əsgərlərin ölümlərinə görə Paşinyanı ittiham edib. O bildirib ki, Paşinyanın “bir azca ləyaqəti olsaydı” özünü öldürməli idi: “And içirəm ki, əgər mən ali baş komandan olsaydım və belə vəziyyət yaransaydı, sadəcə olaraq özümü güllələyərdim. Belə yaşamaq kimə lazımdır?” Keçmiş hakim Respublika Partiyasının lideri seçki kampaniyasına keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın “Vətən” partiyası ilə birgə başlayıb. Serj Sarkisyan hazırkı hakimiyyəti sərt tənqid atəşinə tutub: “İndi mənim üçün, komandamın üzvləri üçün “biz xəbərdarlıq etmişdik”, “biz proqnozlaşdırmışdıq” kimi ifadələri işlətmək asandır. Amma bugün bu mənasız sözlər nə həlak olmuş 5 min balamızı, nə də 75 faizi itirilmiş vətənimizi - Artsaxı (Qarabağ - red) geri qaytaran deyil. Bu sözlərlə 35 min qaçqınımız üçün evlər tikilən və milli ləyaqətimiz bərpa olunan deyil...” Sarkisyan hakimiyyəti müttəfiqləri itiməkdə ittiham edib: “Ermənistan bu satqınlara görə öz müttəfiqlərinin hörmət və etimadını itirib. Bu populistlər hakimiyyəti yalnız bir məsələdə bacarıb: Millətimizin didilməsində, zəifləməsində, müharibədə məğlub edilməsində və tədricən baş verən ölümə düçar edilməsində. Qarşıdan gələn seçki ölümə qalib gəlmək və dirçəlmək imkanıdır”. Ermənistanın daha bir keçmiş prezidenti - Robert Koçaryanın “Hayastan” bloku seçki kampaniyasına Sünikdə başlayıb. Əkərəkdə çıxış edən Robert Koçaryan baş nazir əvəzi Paşinyanın ittihamlarını rədd edib və deyib ki, o heç vaxt Meğrini Azərbaycana vermək niyyətində olmayıb: “Biz hər hansı dəhliz barəsində dəhliz kimi danışıq aparmamalıyıq və başa düşməliyik ki, belə maraq varsa, bu ölkəmiz üçün təhlükədir. Amma bu həm də bu kartdan başqa oyunçularla birlikdə istifadə etmək imkanıdır”. Azatutyun yazır ki, Koçaryanın guya Meğrini Azərbaycana vermək istəməsini onun Meğridə keçirdiyi görüşdə bu şəhərin bir sakini də dilə gətirib. O deyib ki, Karen Demirçiyanın “Birlik” blokundan deputat olub və bu variantı kimin və necə təklif etdiyi yadındadır: “Vardan Oskanyanın variantlar təklif etməsi yadımdadır: 1.5 kilometrlik zolağı Azərbaycana verək. Məni Koçaryanın nə deməsi maraqlandırmır. Ən mühüm məqam o idi ki, o Qarabağı danışıqlardan kənarda qoydu və Qarabağ-Azərbaycan münaqişəsini Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsinə çevirdi”. Hayastan blokunın üzvləri hesab edirlər ki, ölkədəki vəziyyəti dəyişmək mümkündür və onlar bu yükü çiyinlərinə götürməyə hazırdırlar. Geri qayıt |