Əsas Səhifə > Dünya > Bayden Putinlə nəyi müzakirə etməyi düşünür?..

Bayden Putinlə nəyi müzakirə etməyi düşünür?..


5-06-2021, 08:57
Bayden Putinlə nəyi müzakirə etməyi düşünür?..
Vaxtilə SSRİ və ABŞ liderləri öz aralarında bütün planeti təsir və ya maraq zonalarına bölür və yaxud da bölməyə çalışırdılar. İndi o vaxtlar deyil, ABŞ gücünü saxlayıb bir az da artırsa da, Rusiya artıq planetar miqyaslı fövqəldövlət deyil.

Amma bununla belə ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü haqqında düşünərkən yenə də müzakirə edilə biləcək məsələlərin böyük coğrafiyasını və ya massivini təsəvvür etməkdə çətnlik çəkirsən.

Bura Suryia məsələsini və, ümumiyyətlə, bütün Yaxın Şərq problemlərini, post-sovet məkanındakı konfliktləri, prosesləri və s. aid etmək olar. Amma siyasi müşahidəçilər iki məqamı xüsusilə qeyd edirlər ki, bunlar da Ukrayna böhranı və Avropa energetika bazarı üzərindəki nəzarət məsələsidir.

Düşünürük ki, sonuncudan, yəni ki, Avropa enerji bazarından başlasaq daha yaxşı olar, çünki müasir geosiyasi canatımların nüvəsini demək olar ki, məhz enerji problemləri tutur. Bu problemlərin Avropa seqmentinə gəldikdə isə, bunun da yetərli tarixi var. Amma o, daha çox prezident Donald Tramp vaxtında aktuallaşdı.

Xatırlayırıq ki, D.Tramp bununla bağlı ironiya edərək daim deyirdi ki, biz Avropanın müdafiəsinə böyük vəsaitlər xərcləyirik, amma son nəticədə o, Rusiyanın xəzinəsinə yönəlir, çünki Avropanın enerji bazarına demək olar ki, Moskva nəzarət edir.

Belə hesab edilir ki, bunda Avropa liderlərinin də təqsiri az deyil, ən azı ona görə ki, onlar ikibaşlı siyasət yürüdürlər.

Bu konteksdə Almaniya kanslerinin adı hallanır. Hazırda Vaşinqton Moskvanın kontinental qaz layihələrini də nəzarətə götürməyə çalışır, bu isə sonuncunun büdcəsinin onurğa sütunu deməkdir...

Ukrayna böhranına gəldikdə isə, o, da nəticə deyil, səbəbdir. Prezident V.Zelenskinin idarəçəliyinin ilk illərində münaqişənin tənzimlənməsilə bağlı müəyyən ümidlər vardı. Amma təəssüf, bir neçə əsiri və girovu mübadilə edəndən sonra proses dondu və tərəflər əvvəlki soyuq qarşıdurma vəziyyətinə qayıtdılar. Nə qədər qəribə olsa da, prezident Tampın vaxtında Vaşinqton problemə münasibətdə heç də ardıcıl mövqe tutmurdu – Tramp özü gah Krıma Rusiya ərazisi deyir, gah da hamının eşidəcəyi tərzdə Ukraynanı korrupsioner ölkə adlandırırdı.

Əlbəttə, burada sırf psixoloji məqamlar da vardı. Ukraynanın keçmiş prezidenti P.Poroşenkl ABŞ-dakı prezident seçkiləri dövründə D.Trampı deyil, Hillarıi Klintonu müdafiə etmişdi.

Prezident Zelenskinin belə bir günahı yox idi, amma Tramp Ukraynaya Co Bayden ailəsinin biznes mərkəzi kimi baxırdı.

Siyasətdə mühüm amillərdən biri də vaxt, zamandır. Bu baxımdan Rusiyanın mövqeyi daha möhkəmdir. ABŞ-a gəldikdə, burada vəziyyət daha qəliz görünür, çünki çətin ki, Co Bayden ikinci dəfə prezident ola bilsin, ona görə ki, yaş o yaş deyil.

Əlbəttə ki, burada demokratların ümumi siyasətindən danışmaq olar, amma bunu birmənalı etmək olmur. Bundan başqa, SSRİ-nin çökməsi də demokratların sayəsində deyil, respublikaçıların səyi nəticəsində baş vermişdi.

Baydenin idarəçiliyi dövründə Rusiya daim hədəfdə olacaq, amma düşünmürük ki, məsələ bundan uzağa gedə biləcək və nəsə qeyri-adi bir hadisə baş verəcək. Avropa ölkələrindən də çox şey asılıdır, amma onlar Moskvaya münasibətdə heç də ardıcıl siyasət yürütmürlər.

Əlbəttə, Aİ –nin Belarusa qarşı demarşı müəyyən ümidlər yaradır. Amma biz o qədər də optimist deyilik. Düşünürük ki, ABŞ və onun Avropadakı müttəfiqləri Minskə qarşı bir nöqtədən çıxış etsə, əgər onlar nəhayət ki, Ukraynanı, Gürcüstanı və Moldovanı NATO sıralarıan qəbul etsələr, Rusiya ciddi “sillə” alacaq. Əks təqdirdə isə, növbəti Reyqanı gözləmək lazım gələcək...

Hüseynbala Səlimov
//musavat.com//


Geri qayıt