Əsas Səhifə > Dünya > NATO-nun Brüssel sammitinə Ukrayna və Gürcüstan dəvət olunmayacaq:
NATO-nun Brüssel sammitinə Ukrayna və Gürcüstan dəvət olunmayacaq:1-06-2021, 08:24 |
İyunun 14-də Brüsseldə keçiriləcək NATO sammitinə Gürcüstan və Ukrayna dəvət olunmayacaq. Ovqat.com xəbər verir ki, alyansın baş katibi Yens Stoltenberq dünən keçirdiyi mətbuat konfransında bunu bəyan edib. Onun sözlərinə görə, sammitdə yalnız NATO üzvlərinin iştirakı nəzərdə tutulur. "Çünki bu görüş qısa olacaq. Ola bilsin ki, gələn dəfə tərəfdaşların dəvət edilməsi üçün daha çox vaxt ayrılacaq”, – deyə o, Ukrayna və Gürcüstan liderlərinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı sualları cavablandırarkən bildirib. O, həmçinin alyansın tərəfdaşları ilə yüksək səviyyəli görüşlərin nə vaxt keçiriləcəyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib. Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına üzvlüyü perspektivindən danışan NATO-nun baş katibi vurğulayıb ki, "müdafiə sektorunda islahatlar Avroatlantik inteqrasiyanın ən yaxşı üsuludur". NATO-nun Baş katibi qeyd edib ki, NATO son illər Qara dənizdə həm üç üzv dövlətin, həm də Gürcüstan və Ukrayna kimi tərəfdaşların sayəsində iştirakını artırıb. "Biz məlumat mübadiləsi aparırıq, potensialımızı artırırıq, NATO – nun quruda, havada və dənizdə Qara dəniz regionunda olmasını təmin edirik", - deyə alyansın baş katibi vurğulayıb. Kiyev niyə qurban verildiyini anlamır NATO-nun bu qərarına Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sərt reaksiyası özünü çox gözlətməyib. Nazir Rusiyanın Ukraynaya qarşı aqressiv şəkildə hərəkət etdiyi bir vaxtda, 14 iyunda NATO sammitinə dəvət edilmədiklərini anlamadıqlarını söyləyib. Məlumata görə, Dmitri Kuleba, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Helga Mariya Şmid ilə keçirdiyi mətbuat konfransında deyib: “Müttəfiqlərimizin Transatlantik Birliyini müzakirə etmək üçün qapalı bir toplantı keçirmək istəklərini başa düşürük. Biz bunun nümunələrini, məsələn 2017-ci ildə Brüsseldə gördük. Ancaq Rusiyanın Ukraynaya və Qara dənizdəki NATO üzvlərinə qarşı aqressiv hərəkətləri olduğu (açığını deyim ki, Çexiyadakı hadisələrdən bəhs edirəm) bir vaxtda alyans necə qapalı iclas keçirir, niyə Ukraynanın daxil olmadığı bir formatda müzakirələr aparılır, biz bunu həqiqətən anlaya bilmirik” Kulebanın anlamaqda çətinlik çəkdiyi mətləblərə gəlincə, xatırladaq ki, bir neçə ay əvvəl NATO üzvlərinin 14 iyunda sammitinin keçiriləcəyi elan olunmuş və Rusiyanın məsələsinə baxılacağı bildirilmişdi. Xüsusilə Ukrayna rəsmiləri ölkələrinin təhlükəsizliyini qarantiya altına almaq üçün sammitdə alyansa üzv olmaları barədə qərar qəbul olunmasını gözlədiklərini ən yüksək tribunalarsa səsləndirir və istəklərinin nəzərə alınacağına böyük ümid bəsləyirdilər. Lakin Rusiyanın 100 mindən çox əsgərin və hərbi texnikasını Ukrayna ətrafına toplaması və istənilən an döyüşə hazırlıq mesajlarını verməsi sonunda ABŞ prezidenti Co Baydenin geri çəkilməsi ilə nəticələnmişdi. Bayden rusiyalı həmkarına zəng edərək onu görüşə dəvət etməsi, ardınca da “Şimal axını-2” layihəsinə tətbiq olunan sanksiyaları ləğv etməsi Ağ evin Kreml qarşısında ciddi güzəştlərə getdiyi barədə qənaətlər yaratmışdı. Bir çox ekspertlər ABŞ-ın bu addımını Çinlə apardığı rəqabət və iki nəhəng düşməninin birləşməsinin qarşısını almaq təşəbbüsü ilə əlaqələndirmişdilər. Həmin mülahizəyə görə, ABŞ bu məqsədlə daha zəif gördüyü Rusiyanın üzünü yenidən Avropaya yönəltmək üçün onun enerji mənbələrinin “qoca qitə”yə nəqlinə razılıq vermişdi. Ağ evin bu mövqe dəyişikliyində Almaniyanın və Fransanın israrları da önəmli rol oynamışdır. Belə ki, Rusiyadan təchiz etdikləri qaz və neft xammallarına özlərinin enerji təhlükəsizliklərinin “olmazsa olmaz”ı kimi baxan bu ölkələr ABŞ-ın sanksiya qərarına tabe olmaq istəmir və müstəqil siyasət yürütməyə can atırdılar. Almaniya hökuməti ABŞ-la danışıqlarda “Şimal axını-2” layihəsinin lobbiçiliyi edir, Fransa isə açıq şəkildə NATO-nun “beyin ölümü” keçirdiyini və Avropanın yeni hərbi alyans yaratmasını təklif edirdi. NATO Nizamnaməsində önəmli qərarların konsensusla qəbul edilməsi şərti olduğundan hər iki dövlətin müxalifliyi ABŞ-ın Rusiyaya qarşı siyasətini, o cümlədən Ukrayna və Kiyevin alyans üzvlüyünə qəbul edilməsini müşkül hala gətirirdi. Nədən ki, Rusiya bunu özünün qırmızı cizgisi hesab edir və alınan qərara laqeyd qalmayacağını gizlətmirdi. Qərbi Avropa ölkələri isə ağrımayan başlarına dəsmal bağlamaq niyyətində deyildilər. Bu vəziyyətdə ABŞ-ın güzəştə getməsindən və Rusiyanı Çindən ayıraraq ən böyük təhlükə kimi gördüyü Uzaq Şərq nəhəngini təkləməyə qərar verməsindən başqa seçənəyi yox kimi idi. Görünür, Stoltenberq də məhz bu səbəbdən, dünənki mətbuat konfransında “alyansın tərəfdaşları ilə yüksək səviyyəli görüşlərin nə vaxt keçiriləcəyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini” gizlətməyib. “Alyansın tərəfdaşı” deyiləndə Ukrayna və Gürcüstan kimi NATO-ya üzv olmaq istəyən, amma Rusiya ilə ziddiyyətə getmək istənmədiyindən “hərbi strukturlarda islahatlar” bəhanəsi ilə “xətdə gözlədilən” ölkələr nəzərdə tutulur. Heydər Oğuz, Ovqat.com Geri qayıt |