Əsas Səhifə > Dünya > Baydenlə Putinin görüşü iki super gücü barışdıra biləcəkmi
Baydenlə Putinin görüşü iki super gücü barışdıra biləcəkmi27-05-2021, 08:47 |
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə iyunun 16-da Cenevrədə görüşəcək. Bu, Bayden prezident kimi işə başlayandan bəri iki liderin ilk görüşü olacaq. Hər iki ölkənin paytaxtlarının mayın 25-dəki tarixi açıqlamalarında deyilir ki, görüş ABŞ və Rusiya arasındakı gərginliyin artdığı bir vaxt baş verəcək. Bu görüş necə qiymətləndirilir? Putinlə Baydenin görüşünü Ronald Reyqanla Mixail Qorbaçovun 1985-ci ilin noyabrında Cenevrədəki görüşü ilə müqayisə etmək olarmı? O zaman da SSRİ ilə ABŞ arasında gərginlik vardı. Və bu görüş o gərginliyi azaltdımı? İndiki görüş necə, iki supergüc arasında hansı yumşalmalara gətirib çıxara bilər? Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, uzun müddətdir ABŞ-Rusiya sammitinə hazırlıq istiqamətində iki ölkə arasında vacib görüşlər keçirilir. Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında Reykyavikdə keçirilən görüş, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında ABŞ-Rusiya münasibətləri ilə bağlı məsləhətləşmələr və s. buna nümunədir. Ekspert qeyd etdi ki, 2008-ci ilin avqust ayından başlayaraq iki ölkə arasında münasibətlər gərginləşmə xətti götürüb. ABŞ-ın son iki prezident seçkilərinə Rusiyanın müdaxiləsi ehtimalının meydana çıxması isə münasibətləri daha da gərginləşib: “Son prezident seçkilərinə müdaxilə ehtimalının hətta ünvanı göstərilib. Belə ki, ABŞ kəşfiyyatı martın 16-da açıqladığı hesabatında Moskvanın 2020-ci ildə ABŞ-da keçirilmiş seçkiyə müdaxilə cəhdlərinin arxasında birbaşa Rusiya prezidentinin dayandığı göstərilib. Ona görə də ABŞ Rusiyanın müdafiə, mədən və maliyyə sənayesini əhatə edən sanksiyalar tətbiq edib. Vladimir Putinlə Co Baydenin görüşü haqqında elan olunan gündəlikdə isə strateji sabitlik, Ukrayna və Belarusla bağlı vəziyyət, silahlara nəzarət məsələsinə dair strateji sabitlik mövzusunun olması elan edilib. Silahlara nəzarət və strateji sabitlik üzrə START nüvə sazişini yeniləmək və ABŞ və Rusiyanın birlikdə bu istiqamətdə qarşılıqlı maraqlarının olduğu sahələri və s. nümunə olaraq göstərə bilərik. Konkret olaraq iki ölkə rəhbərinin görüşü, mənim fikrimcə, yüksək notlarda, atmosferdə davam edəcək. Nümunə olaraq Co Baydenin “Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə cəhdlərinə görə əvəz ödəyəcək. Rusiya liderinin ruhu yoxdur” kimi fikirləri, həmçinin Putini qatil adlandırması faktlarını xatırlamaq kifayətdir. Birmənalı olaraq ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə iyunun 16-da Cenevrədə görüşü Reyqanla Qorbaçovun 1985-ci ilin noyabrında Cenevrədə görüşü ilə müqayisə edilməlidir". Y.Hacıyeva onu da dedi ki, hətta qəribə tərzdə bütün Avropa boyu Rusiya səfirliklərindən diplomat “sürgünləri” də eyni illərin dejavüsunu yaşadır: “SSRİ-nin son illərində Rusiyanın səfirlik nümayəndələri casus qalmaqalları ilə Avropa ölkələrindən çıxarılırdırlar”. Politoloq Baydenlə Putinin görüşünün iki supergüc arasında yumşalmalara gətirib çıxaracağı qənaətində deyil: “Dünyanın, eləcə də həm Rusiyanın, həm də ABŞ-ın tanınmış siyasi təhlilçiləri də artıq bu barədə fikirlərini ifadə edirlər ki, Bayden-Putin görüşü iki nəhəng ölkə arasında suları durultmayacaq. Fikrimcə, Rusiya müvəqqəti olaraq müəyyən kompromis addımlara gedəcəyini sözdə də olsa nümayiş etdirə bilər. Çünki bu, ona irəlidəki seçki mövzusunda vacibdir". “Yeni Müsavat” Geri qayıt |