Əsas Səhifə > Dünya > ABŞ-dan Çinə Əfqanıstan “sürprizi”
ABŞ-dan Çinə Əfqanıstan “sürprizi”20-05-2021, 08:33 |
ABŞ və NATO sülhməramlı kontingentinin Əfqanıstandan evakuasiyasına başlanmasından viran qalmış ölkədə gərginlik daha da şiddətlənib. Sabitlik və xoşbəxt həyatdan onillərdir uzaq düşən, normal yaşayışa həsrət qalan əfqanlar heç cür nicat tapa bilmirlər. Mərkəzi hökumətlə Taliban arasında bitməyən münaqişə, ölkənin terror yuvasına çevrilməsi, sərvətlərinin xarici qüvvələr tərəfindən istismar olunması nəticəsində əfqan xalqı yoxsul, səfil və ümidsiz yaşamaqdadır. Hətta İraq, Liviya, Yəmən, Suriya kimi ölkələrdə də müəyyən qədər sabitlik yaranmaqdadır, amma Əfqanıstan heç cür qara zolaqdan çıxa bilmir. “Yeni Müsavat”ın xarici siyasət şöbəsi yazır ki, Bayden administrasiyasının ABŞ qoşunlarını bu ölkədən çıxarmaq qərarı isə vəziyyəti daha da pisləşdirib. Elə bir gün yoxdur ki, Əfqanıstanda terror, atışma, ölüm-itim baş verməsin. Analitiklər də bu qənaətdədir ki, əgər NATO sülhməramlıları bölgəni tərk edərsə, ölkə tamamilə xaos və alov içində olacaq. Lakin indi Çin ABŞ-ın Əfqanıstanda boşalan yerini tutmağa, sülhə töhfə verməyə hazırlaşır. Xarici işlər naziri Van Yi əfqan həmkarı Məhəmməd Hənif Atmar və milli təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə telefon danışıqlarında rəsmi Pekinin bu istəklərini dilə gətirib. O, Çinin Əfqanıstandakı münaqişənin danışıqlar yolu ilə sona çatdırılmasına kömək etmək üçün diplomatik səylərini yeniləyərək müharibə edən əfqanlar arasında sülh danışıqları aparmağa hazır olduğunu açıqlayıb. Pekin ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasının xaosa gətirib çıxaracağından və ölkənin islamçı militantlara sığınacağa çevrilə biləcəyindən getdikcə daha çox narahatdır. Pekin həm Taliban, həm də Əfqanıstan hökuməti ilə sıx əlaqə saxlayır. Son günlərdə XİN rəhbəri Vaşinqtonu ABŞ-ın tələsik qoşun çıxarılması kimi xarakterizə etdiyi addıma görə daha çox tənqid edib və bunun Əfqanıstanda sülh prosesinə xələl gətirdiyini və regional sabitliyə mənfi təsir göstərdiyini iddia edib. Çinin narahatlığı başadüşüləndir. Çünki Əfqanıstanın şimal-şərqi ilə həmsərhəddir. Pekin “qulağının dibində” qeyri-sabitliyin daha da dərinləşməsini arzulamır və bunu sərhədlərindən içəri daxil ola biləcəyi təhlükəsi kimi görür. Konspiroloqlar istisna etmirlər ki, Vaşinqtonun qoşunlarını Əfqanıstandan çıxarmaqda niyyəti həm də dünyada əsas rəqibi olan Çinin yaxınlığında onun üçün təhlükə saxlamasıdır. Ona görə Pekin proseslərə qarışmaq, Əfqanıstanda sülhün təmin olunmasına dəstək vermək istəyir ki, təhlükəni beşikdə boğsun, sərhədlərinə terror yaxınlaşmasın, sızmasın. Çin yaxşı bilir ki, NATO qoşunları çıxandan sonra Əfqanıstan qarışacaq, Taliban daha da aqressivləşəcək. Bayden keçən ay Əfqanıstandakı “əbədi müharibəni” bitirmə vaxtının gəldiyini elan etmişdi və orada qalan 2500 nəfər Amerika əsgərinin mayın 1-dən başlayaraq 11 sentyabr tarixinədək ölkəni tərk etməsinə dair sərəncam imzalamışdı. NATO müttəfiqləri də Baydenin qərarına uyğun olaraq ölkədən təxminən 7000 əsgərini çıxarır. Bəs Çin ABŞ-ın Əfqanıstanda boşalan yerini tuta bilərmi? Xaraba Əfqanıstanda mümkün görünməyən sülhə Çin nə kimi töhfə verə bilər? Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Çinin çoxdan iddiası var idi ki, Amerika Asiyadan çıxsın, onun siyasi-iqtisadi missiyasını özü yerinə yetirsin: “Amma hərbi missiyasını yerinə yetirmək istəməsi dünya üçün yeni gedişdir. Ordunun təminatı cəhətdən Çin Hindistandan daha potensiallıdır. Belə şəraitdə Çinin Əfqanıstana girişi Pekinin maraqlarına uyğundur. Çünki Talibanın islam qanadının Çində uyğurların yaşadığı bölgəyə sızmasından narahatdır. Ancaq inanmıram ki, Əfqanıstan Çinin öz ərazisinə girməsinə imkan versin”. C.Nuriyev hesab edir ki, Baydenin qərarı da anlaşılandır: “Amerika prezidentinin qoşunlarını oradan çıxarmaq istəyi var. Daha istəmir ki, amerikalı əsgər başqa bölgədə ölsün və hərbi xərcləri də həddindən çoxdur. Onun boşalan yerinə isə Rusiya heç cürə girə bilməyəcək, əfqanlarda ruslara böyük nifrət var. Amma Əfqanıstan Çini də buraxacaqmı, çətin məsələdir. Taliban buna razılıq verəcəkmi?” Siyasi şərhçinin fikrincə, Əfqanıstanda yaxın dövrdə sabitlik olması mümkünsüzdür: “Çünki ölkədə islam fundamentalizmi ilə sivil islam arasında güclü qarşıdurma var. Həmid Kərzainin prezident olduğu vaxtlarda ölkədə narkotik şəbəkəsi genişlənmişdi. İndi Əfqanıstanda ayrı cür yaşamaq mümkün deyil. Onlar narkotiki əksələr də, satmaq imkanları yoxdur. Çünki ABŞ özü təşkil edirdi və satırdı. Əfqanıstanın heç bir sərvəti yoxdur, heyvandarlıqla dövlətin büdcəsini saxlamaq olmaz. Ona görə orada sabitlik olmayacaq və Taliban yeni işğal siyasəti həyata keçirəcək. Buradan Tacikistanın da problemləri çoxalacaq və Rusiyanın narahatlığı artacaq". Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ Əfqanıstanı tərk etsə də, Asiyada güclənməyə çalışır: “ABŞ Asiyada NATO-ya bənzər hərbi blok yaratmaq istəyir. Bu, ABŞ prezidenti Co Baydenin əsas təhlükəsizlik hədəflərindən biridir. Bayden son zamanlar bu haqda açıqlamalar da verib. ABŞ Əfqanıstanda qarşısına qoyduğu hədəflərə tam çata bilmədi. Taliban məğlub olmadı, qruplaşma əvvəlkitək Əfqanıstanda böyük gücə sahibdir. Bunun nəticəsidir ki, Vaşinqton Talibanla bir neçə il savaşdıqdan sonra qruplaşmanın nümayəndələri ilə üçüncü ölkədə dialoqa başlamaq məcburiyyətində qaldı. Rəsmi Kabil hazırda Amerika ilə işbirliyi içərisində olan hökumətin nəzarətindədir. Vaxtilə SSRİ də eyni siyasəti həyata keçirmiş və Kabili taleyin ümidinə buraxmışdı. SSRİ-nin hərbi birlikləri 1988-ci ildə Əfqanıstanı tərk etdikdən sonra Kabildəki rejim müxalif qüvvələrin təzyiqi qarşısında tab gətirmədi. Tarix təkrarlana bilər. Taliban pusqudadır". Geri qayıt |