Əsas Səhifə > Dünya > İsrail-Fələstin məsələsində AZƏRBAYCANIN YERİ...
İsrail-Fələstin məsələsində AZƏRBAYCANIN YERİ...17-05-2021, 08:33 |
İsraillə Fələstin arasındakı müharibə region üçün də təhlükə yaradır. Hər halda bəzi ekspertlər belə düşünürlər. Onların fikrincə, hərbi əməliyyatlar çox çəkərsə, Azərbaycan və Türkiyə qəti qərar verməli olacaq. Hərçənd bu, xüsusilə bizim üçün o qədər də asan deyil. Təsadüfi deyil ki, rəsmi Bakı hələlik tərəfsizliyini qoruyur. Politoloq Tofiq Abbasov tərəflər arasındakı savaş barədə “Sherg.az”a danışdı: “Yaxın Şərqdəki müharibələr adətən uzunmüddətli olmur. Regionun siyasi xəritəsi, dövlətlərin coğrafi maraqları və s. kimi amillər proseslərə təsir edir. Həm də regionda sıxlıq var. Xalqlar ədavətə rəğmən, bir-birilərindən asılıdırlar. Tərəflər silahı nə qədər tez yerə qoysalar, masa arxasına otursalar, o qədər yaxşıdır. İsrail yerüstü hücuma başlamaqla Fələstini təhdid edir. Lakin buna cəsarəti çatmaz. Çünki belə olsa, bütün dünya ayağa qalxar. Fələstinin tərəfdarları kifayət qədər çoxdur”. O, həmçinin Azərbaycan və Türkiyənin məsələyə münasibətinə də toxundu: “Türkiyə Fələstinin haqq işini dəstəkləyir və İsraili işğalçı hesab edir. Çünki həmin ərazilər vaxtı ilə Osmanlı imperiyasının tərkibində olub. Biz isə neytral olmalıyıq. Sosial şəbəkələrdə bəzi tarix və geosiyasət “biliciləri” Fələstində erməni icmasının yaşadığını, orada abidələr tikdiyini əsas kimi göstərirlər. Doğrudur, bu, belədir. Ancaq Fələstin həmişə Azərbaycanın haqq işini dəstəkləyib. Bizim həm İsrail, həm də Fələstin xalqı ilə normal əlaqələrimiz var. Çünki biz Ermənistandan fərqli olaraq uğurlu dövlətik və əlaqələrimiz qarşılığında kimsədən hədiyyə gözləmirik. Silahları öz pulumuzla alırıq. Əlbəttə, Azərbaycanla tərəfdaşlıq İsrail üçün də maraqlıdır. Ən azından ona görə ki, ortada neft amili var. Belə həssas məqamda biz bütün arqumentləri nəzərə alıb məsələyə neytral yanaşmalıyıq. Fikrimcə, rəsmi Bakının hazırkı mövqeyi çox sağlam və praqmatikdir. Biz işğala məruz qalan tərəf kimi müharibənin hansı fəsadlara səbəb ola biləcəyini yaxşı bilirik. Ona görə də ən yaxın zamanda sabitliyin təmin olunmasında maraqlıyıq”. Geri qayıt |