Əsas Səhifə > Dünya > “Rusiyaya təzyiq göstərən qüvvələr qardaş Türkiyəyə də təzyiq edirlər”

“Rusiyaya təzyiq göstərən qüvvələr qardaş Türkiyəyə də təzyiq edirlər”


13-05-2021, 08:50
“Rusiyaya təzyiq göstərən qüvvələr qardaş Türkiyəyə də təzyiq edirlər”
“Gərginləşmə hər zaman ola, hansısa maraqlar üst-üstə düşməyə bilər. Amma geosiyasi maraqlar artıq uzlaşmaqdadır. Səbəb də hər iki dövlətin basqı və təzyiq altında olmasıdır”.

Bu fikirləri Reyting.az-a Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Rusiya və Türkiyənin əməkdaşlıq perspektivi ilə yanaşı münasibətlərinin gərginləşmə ehtimalını qiymətləndirərkən deyib.

Fazil Mustafa qeyd edib ki, Rusiyaya təzyiq göstərən qüvvələr eyni şəkildə qardaş Türkiyəyə də təzyiq edirlər. Bu isə Ankara və Moskvanın əməkdaşlığa məhkum olduğunu göstərir:

“Əlbəttə, burada söhbət sevgidən, rəğbətdən deyil, daha çox əməkdaşlığa məhkumluqdan gedə bilər. Çünki bir-birinə dəstək verməsələr, hər birini ayrı-ayrılıqda didib-parçalamağa çalışan böyük qüvvələrlə üzləşməli olacaqlar”.

Deputat əlavə edib ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun sonuncu Rusiya ilə bağlı açıqlamasında əməkdaşlığa vurğu etməsi və Rusiya ilə münasibətlərin normal olmasını bildirməsi səbəbsiz deyil: “Diqqət edirsinizsə, Rusiya da eynən və daha ehtiyatlı mövqe nümayiş etdirir. Bu da dövlət siyasətinin dəyişməz məsələsidir. Başqa sözlə, tarixi siyasət üzərindən Türkiyə-Rusiya münasiətlərinə baxmaq olmaz. Mövcud dünya siyasəti üzərindən baxılanda görürsən ki, Türkiyə ilə Çin arasında uyğur və digər məsələlərlə bağlı narahatlıq var, amma təzyiqlər artdıqda uzlaşma yolu da tapa bilirlər. Dövlətlər insan kimi deyil və duyğularla idarə olunmurlar. Dövlətlər daha çox maraqlarla idarə olunur və maraqlar tələb etdikdə duyğu və hisslərin üzərinə köz basa bilirlər”.


Geri qayıt