Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” açılımı

Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” açılımı


5-05-2021, 08:31
Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” açılımı
Dünən axşam Türkiyə Prezident Rəcəb Tayib Ərdoğanla Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz arasında telefon danışığı olub.

Ovqat.com Türkiyənin Prezident Aparatının Rabitə (İlətişim) Başkanlığına istinadən xəbər verir ki, telefon söhbətində iki ölkə arasındakı münasibətlər və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Bəs bu telefon zəngi Yaxın Şərqdə hansı dəyişikliklərə səbəb ola bilər?

Prezident Ərdoğanla kral Salman arasında telefon danışığını şərh edən fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov Ovqat.com-a açıqlamasında iki dövlət arasındakı münasibətlərin yenidən yaxşılaşdırılması cəhdinin təzə xəbər olmadığını, 21 Noyabr 2020-ci ildən başladığını bildirib: “Bilirsiniz ki, ABŞ-da son prezident seçkiləri noyabr ayının 3-də keçirilmiş və Baydeninmi, yoxsa Trampınmı qalib gəldiyi mübahisələri həftələrcə sürmüşdü. Noyabrın ikinci yarısında açıqlanan son səssayma məlumatlarında Baydenin qazandığı qəti yəqin olmuşdu. Səudiyyə kralı ilə Türkiyə prezidentinin uzun aradan sonra ilk telefon danışıqları da məhz bu zaman diliminə düşür. Ötən ilki telefon danışığında tərəflər iki ölkə arasındakı münasibətlər müzakirə etmiş və problemləri həll etmək üçün dialoq kanallarının açıq saxlanılması barədə razılığa gəlinmişdi. Təbii ki, bu telefon danışığında hər iki dövlətin, xüsusilə də Səudiyyə Ərəbistanının yeni ABŞ liderinin gözlənilən regional siyasətindən duyduğu narahatlığın önəmli rolu vardı. Məlum olduğu kimi, ABŞ-ın bundan əvvəlki lideri Donald Tramp Səudiyyə Ərəbistanı ilə çox yaxın əlaqələr qurmuş, hətta prezident seçildikdən sonra ilk səfərini Riyada etmişdi. Bilirsiniz ki, ilk səfərlər adətən strateji müttəfiqlərə edilir və Tramp bu addımı ilə Səudiyyə Ərəbistanına böyük önəm verdiyini ortaya qoymuşdu. Səudiyyə krallığı da bu səfərdən sonra özünü regional güc mərkəzi kimi hiss etmiş və bölgə dövlətləri ilə münasibətini xeyli gərginləşdirmişdi. ABŞ-ın yeni prezidenti Co Baydenin isə ərəb krallığına münasibəti birmənalıdır və Vaşinqton-Riyad arasında gərginliyin yaşanacağı sirr deyildi. Necə ki, Bayden prezident kürsüsündə oturduqdan qısa müddət sonra Səudiyyə vətəndaşı olan jurnalist Qaşıqçının öldürülməsi ilə bağlı kəşfiyyat məlumatlarını ictimailəşdirdi və bu raportda açıq şəkildə vəliəhd-şahzadə Məhəmməd bin Salmanın adı qətlin sifarişçisi kimi hallanırdı. Görünür, bu aqibəti əvvəlcədən görən krallıq region dövlətlərlə yaxın münasibətlər qurmağa çalışır və ilk addımı da Türkiyə ilə əlaqələri bərpa etməklə atmaq istəyirdi”.

Aydəm İsmayılovun fikrincə, Səudiyyə Ərəbistanı ötən ilin noyabrında Türkiyə ilə dialoq kanallarının açıq tutulması barədə razılaşmaya sadiq qaldığını bu il atdığı bəzi addımlarla sübuta yetirib: “Təsadüfi deyil ki, son 3 həftə ərzində kralla prezident iki dəfə telefonla danışıb və liderlər müxtəlif sahələrdə əməkdaşlıqlar barədə müzakirələr aparıblar. Bu da onların 2020-ci ilin noyabrında əldə etdikləri razılığa uyğun addım atdıqlarını göstərir”.

Həmsöhbətimiz Riyadın təkcə Türkiyə ilə deyil, hətta regiondakı ən qatı düşməni İranla da münasibətləri yaxınlaşdırmaq istiqamətində bəzi addımlar atdığına hazırlaşdığına inanır. “Ötən həftə Səudiyyə Ərəbistanının əsas siyasi iradəsi sayılan vəliəhd-şahzadə Məhəmməd bin Salman telekanallardan birinə verdiyi müsahibədə İrana dostluq mesajı göndərərək demişdi: "İran qonşu bir dövlətdir və biz onunla yaxşı və müstəsna münasibətlər qurmaq istəyirik. İranın rifah içərisində yaşamasını və onunla qarşılıqlı maraqlar əsasında əlaqələr qurmaq istəyirik". Məhəmməd bin Salmanın bu açıqlamaları Riyadın regional dövlətlərlə bağlı siyasətində çox əhəmiyyətli dəyişikliklərə gedəcəyini göstərir. Bəzi məlumatlara görə, Riyadla Təl-əviv arasında da gizli tutulan bir sıra əlaqələrin açıq şəkildə bəyan edilməsi gözlənilir. Bütün bu siyasətlər Riyadın “xarici siyasətdə o problem” strategiyasını mənimsədiyindən xəbər verir”.

A.İsmayılov inanır ki, Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” diplomatik açılımını yalnız ABŞ-dan qorxusu ilə izah etmək doğru deyil, onun perspektiv iqtisadi siyasəti də bu məsələdə müəyyənedici amil kimi mühüm rol oynayır: “Son zamanlar dünya bazarında enerji daşıyıcılarının ucuzlaşması Riyad qarşısında ciddi problemlər yaratdı. Yaxın dövrə qədər dünyanın ən çox neft hasil edən dövləti kimi tanıdığımız Səudiyyə krallığı hasilatı artırdıqca qiymətlərin düşdüyünü gördü. Nəticədə yalnız neftlə uzağa gedə bilməyəcəyini anladı. Odur ki, rəsmi Riyad da bizim kimi qeyri-neft sektoruna keçməyə qərar verdi. Amma bizdən fərqli olaraq Səudiyyə Ərəbistanının əkinə yararlı torpaq sahələri yoxdur. Bu ölkədə yalnız sənaye müəssisələrini inkişaf etdirmək olar. Sənaye dövlətlərinin isə qarşısında çox ciddi problemlər dayanır. Başlıca problem istehlak bazarı uğrunda rəqabətdir. Uzun əsrlərdən bəri dünyanın bütün istehlak bazarını əlində cəmləşdirən Qərb və yeni dövrdə böyük sənaye nəhənginə çevrilən Çinlə rəqabət aparmaq üçün ilk növbədə yaxın ətrafdakı ölkələri gözdən keçirməlisən. Səudiyyə Ərəbistanı isə hardasa bütün qonşu dövlətlərlə düşməndir. Sözsüz ki, bu anlayışla qonşuda öz məhsullarını sata bilməzsən.

Üstəlik, Səudiyyə Ərəbistanının qonşularla düşmənçilik siyasətinin maliyyəti də böyük olur. ABŞ-dan, Qərb ölkələrindən aldığı silahlar bəzən onun valyuta ehtiyatlarını belə çətin vəziyyətə salır. Ən əsası isə, indiyədək 100 milyardlarla dollar xərclədiyi silahlar ona uğur da qazandırmayıb. Bu qədər böyük silah və maliyyə gücünə rəğmən dünyanın ən kasıb ölkələrindən sayılan Yəmən üzərində belə, üstünlük əldə edə bilməyib - hətta bütün ərəb ölkələrini öz ətrafında birləşdirməsinə baxmayaraq. Əlbəttə, bu uğursuzluqda region dövlətlərinin, xüsusilə İranın Yəmənə verdiyi dəstək də önəmli rol oynayıb. Düşmən olduğu digər dövlət olan Qətərə isə Türkiyə yardım edir. Səudiyyə Ərəbistanı Liviyada da Türkiyə ilə əks cəbhələrdədir və bu müharibədə də məğlub vəziyyətə düşüb. Riyadın müharibələrə xərclədiyi kapitallar, sözsüz ki, onun yeni iqtisadi strategiyasının büdcəsini daraldır və dövlət kimi perspektivini təhlükə altına atır”.

Siyasi şərhçi məhz bu səbəbdən də Riyadın qonşu dövlətlərlə, xüsusilə Türkiyə və İranla bağlı siyasətində yumşalma diplomatiyasına önəm verdiyini düşünür.

Geri qayıt