Əsas Səhifə > Dünya > ABŞ-Türkiyə münasibətlərində kritik gün:

ABŞ-Türkiyə münasibətlərində kritik gün:


24-04-2021, 09:00
ABŞ-Türkiyə münasibətlərində kritik gün:
Bu gün - aprelin 24-də ABŞ-Türkiyə münasibətləri üçün qırılma nöqtəsi ola bilər. “Yeni Müsavat” xəbər verir ki, aprelin 24-də Bayden administrasiyası qondarma erməni soyqırımını tanımaq qərarı versə, Vaşinqton Ankara kimi bir müttəfiqini, NATO dövlətini itirə bilər. Türkiyənin Prezident Administrasiyası da Ağ Evi xəbərdar edib ki, əgər Bayden “erməni soyqırımı” ifadəsini işlətsə, ABŞ Türkiyə kim mühüm bir müttəfiqini itirəcək. Ancaq Amerika hökumətinin qərarının nə olacağı qətiləşməyib.

Obama hakimiyyətdə olduğu dövrdə 24 apreli “faciə” adlandırmışdı, amma seçkiqabağı verdiyi vədi yerinə yetirməmişdi. Bayden də seçki ərəfəsində ermənilərin səsini almaq və Türkiyəyə təzyiq üçün bu vədləri verirdi. Təhlilçilər güman edirlər ki, ABŞ prezidenti Türkiyəni itirmək qədər ağır qərar verməyəcək, lakin çıxışında “soyqırımı” ifadəsi işlədə bilər. Bununla belə, Ağ Ev rəhbəri saxtakar ermənilərə görə Ankara-Vaşinqton əlaqələrinə lüzumsuz gərginlik qatmaya da bilər.

Bu arada “The Wall Street Journal” etibarlı öz mənbələrinə istinadən yazıb ki, “Bayden ”soyqırımı" deyə bilər, lakin hələ qəti qərara gəlməyib. Ola bilsin, sələfləri kimi ənənəvi sözdən istifadə eləsin. Və ya “soyqırımı” desin". Bir məqamı da nəzərə almaq lazımdır ki, prezident postunu tutandan bu yana - son 3 ayda Co Bayden bir dəfə də olsun Ərdoğanla danışmayıb.

Bayden ötənilki seçki kampaniyası zamanı “erməni soyqırımı”nı tanıyan qətnaməni dəstəkləyəcəyini və universal insan hüquqlarını baş prioritet edəcəyini bildirmişdi. “Mən şənbə Anım Günündə bununla bağlı daha çox şey söyləyəcəyimizi təxmin edirəm. Amma mənim ondan öncə deyəcək sözüm yoxdur,”- Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin vədi ilə bağlı suala cavab olaraq bildirib.

ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan olan 100 üzvündən ibarət ermənipərəst qrup isə Baydenə ünvanladığı məktubda onu hadisələri soyqırımı kimi tanıyan ilk ABŞ prezidenti olmağa çağırıb. “Birləşmiş Ştatlar hökuməti çox uzun müddət erməni soyqırımı ilə əlaqəli tarixi faktla bağlı biabırçı şəkildə səssiz qalıb və buna artıq son qoyulmalıdır. Biz Sizi vədlərinizi yerinə yetirməyə və həqiqəti dilə gətirməyə çağırırıq”, - qanunvericilər yazıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu həftə deyib ki, Baydenin qətlləri soyqırım kimi tanıması NATO müttəfiqləri arasında münasibətlərə ziyan vuracaq. Bu halda ABŞ prezidenti hansı seçimi edəcək: “soyqırımı”nı tanıyacaq, yoxsa Türkiyəni itirmək istəməyəcək?

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, böyük ehtimalla, Bayden “soyqırımı” ifadəsini işlədəcək. Onun sözlərinə görə, fevraldan başlayaraq Baydenə yaxın ekspertlər siyasi kluarlarda etdiyi qeyri-rəsmi söhbətlərlə bu məsələyə diqqət çəkirdilər: “ABŞ-dakı ”dərin dövlət" Türkiyə ilə münasibətlərdə düşmənçilik yanaşmasını ortaya qoyur. Baydenin ilin-günün bu vaxtında belə bir addım atması paradoksaldır. ABŞ-ın Türkiyə ilə münasibətlərini korlaması Ərdoğanın qəbul etməməsi ilə bağlıdır. Amerikada Türkiyə liderinin müstəqil siyasətinə əsəbidirlər".

Z.Məmmədovun sözlərinə görə, Türkiyə addımları ilə həm daxildə güclənib, həm Aralıq dənizi sahillərində regional faktora çevrilib: “Onun hərbi sənayedə NATO-dan asılılığının azaldığını demək lazımdır. Bir zamanlar NATO-dakı müttəfiqlərindən asılı olan Türkiyə indi müstəqil siyasət aparır və bu, bir çoxlarının xoşuna gəlmir. Ancaq Bayden ”soyqırım" deməklə heç nə dəyişməyəcək, çünki siyasi qərardır, tarixi deyil.

Hər halda bu qərar iki ölkə arasında münasibətlərə pis təsir edəcək, Ankaranın Vaşinqtondan uzaqlaşmasına gətirəcək. Görünür, ABŞ hər şeyi gözə alıb, Türkiyəni cəzalandırmaq istəyir. Amma Türkiyə bununla daha da möhkəmlənəcək, güclənəcək, itirən Vaşinqton və müxtəlif siyasətçilər olacaq. Ermənistanda belə qaldırılmayan məsələnin ABŞ üçün bu qədər əhəmiyyətli olması göstərir ki, “soyqırımı” siyasi mahiyyət daşıyır".

Politoloq İlqar Vəlizadə deyir ki, Baydenin “soyqırımı” ifadəsi işlədəcəyini düşünmür: “Çünki bunu iddia edənlər onun seçki zamanı erməni lobbisinin dəstəyini qazanmaq üçün səsləndirdiyi fikirləri əsas götürür. Bayden, bəlkə də, aprelin 24-də ”soyqırımı" ifadəsi işlədə bilərdi, lakin indiki halda çətin ki, o, Türkiyə ilə münasibətləri poza biləcək belə bir addımı atsın".

Politoloqun sözlərinə görə, Ukrayna ətrafında gedən proseslər Vaşinqtonu Türkiyə ilə münasibətlərdə daha ehtiyatlı davranmağa vadar edir: “Həm ABŞ, həm də AB-nin Ukraynaya yardım göndərmək üçün boğazlara ehtiyacı var. Boğazların nəzarəti isə Türkiyənin əlindədir. Yəni indiki halda Vaşinqton Ankaraya hava, su kimi ehtiyac duyur. Bu mənada çətin ki, Bayden ”soyqırımı" ifadəsi işlətsin. Bu, açıqca boğazların Vaşinqtonun üzünə bağlanması, Kremlə isə ciddi bir fürsət vermək deməkdir".
“Yeni Müsavat”

Geri qayıt