Əsas Səhifə > Dünya > Ankaranın Ukrayna ilə bağlı “qırmızı xətti”

Ankaranın Ukrayna ilə bağlı “qırmızı xətti”


10-04-2021, 09:32
Ankaranın Ukrayna ilə bağlı “qırmızı xətti”
Moskva və Kiyev arasında gərginlik pik həddə yaxınlaşmaqdadır. 10 apreldə Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasında Ankarada müharibə öncəsi kritik görüş gözlənilir. Zelenski Donbasda vəziyyətin kəskinləşməsi, Rusiyanın sərhədə qoşun cəmləşdirməsi və irimiqyaslı müharibə riskinin artması fonunda Türkiyəyə səfər edəcək. O da məlumdur ki, Ukrayna Türkiyədən “Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin iri partiyasını alıb, habelə bu təyyarələrin birgə istehsalı barədə razılıq əldə olunub.

Hər kəsi bu sual düşündürür, Türkiyənin Ukrayna qərarı və ya seçimi necə olacaq? Rəsmi Ankara necə etməlidir ki, Rusiya ilə inkişafda olan münasibətlər zərər görməsin? Ərdoğan tərəflər arasında vasitəçi ola bilərmi?

Bu arada Rusiya prezident administrasiyası rəhbərinin müavini Dmitri Kazak Ukraynanı hədələyərək deyib ki, Kiyev hərbi əməliyyatlara başlasa, bu, Ukraynanın sonunun başlanğıcı olacaq. Bu informasiya savaşının elementidir, yoxsa real hədə?

Politoloq Əhəd Məmmədli mövzu barədə “Yeni Müsavat”a danışdı: “Türkiyə Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Rusiya ilə Ukrayna arasında müharibə olacağı təqdirdə belə Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək. Azərbaycanın ərazi bütövlüyü kimi Ukraynanın da suverenliyi Türkiyə üçün qırmızı cizgidir. Lakin bütün bunlara rəğmən, Türkiyə Rusiya ilə də münasibətləri qoruyub saxlayacaq. Hər iki dövlət çox milyardlı münasibətlər, kontraktlar, sazişlər bağlayıb. Bu əlaqələrdən imtina nə Ankara, nə də Moskvanın maraqlarına qətiyyən cavab vermədiyi üçün bu iki derjava bir-birləri ilə münasibətləri qoruyub saxlayacaq.

Bəli, Ərdoğan tərəflər arasında vasitəçi ola bilər. Təbii, bu vasitəçiliyi Zelenski ilə Putin qəbul etsə. Amma görünən odur ki, Rusiya hələlik barış yox, təhdid yolunu seçib. Rusiya 2016-cı ilin aprel müharibəsində Azərbaycanla da təhdid dili ilə danışmışdı. Rusiya real güc görməyənə qədər geri çəkilmir. Bunun üçün Ukrayna, Azərbaycan kimi real güc göstərməlidir ki, Rusiya geri çəkilsin. Rusiyanın da geri çəkilməyi üçün ABŞ birmənalı şəkildə Ukraynanın arxasında durmalıdır. Təbii ki, Türkiyə də Ukraynaya dəstək verməlidir. Ancaq belə olan halda Rusiya geri çəkiləcək. Rusiya, Donbasa görə ABŞ, Türkiyəni arxasına alıb, Ukrayna ilə müharibənin riskini dərk edib, güzəştə gedə bilər".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın vasitəçi olacağına inanmır: “Ukrayna-Rusiya münasibətləri o qədər gərgindir ki, heç bir dövlət bu istiqamətdə vasitəçi ola bilmir. Avropa dövlətləri çalışır, amma nəsə aldıra bilmirlər. Müəyyən formatlar yarandı. Bunların heç biri kömək edə bilmədi. Rusiya separatçılara dəstək verməyə davam edir. Atəşkəs intensiv olaraq pozulmaqdadır. Rusiyanın planında var ki, Ukraynanı iki yerə bölsün. Türkiyə üçün də çətin durum yaranıb. Çünki həm Rusiya, həm də Ukrayna ilə çox yaxın münasibətləri var. Digər tərəfdən siz də doğru olaraq xatırlatdınız ki, Ukrayna qardaş ölkədən pilotsuz uçuş təyyarələri alıb. Bu, Kremlin heç bir halda xoşuna gələ bilməz. Amma Türkiyənin öz milli və təhlükəsizlik maraqları var. Rəsmi Ankara daha ağır çətinliyə sürüklənə bilər. Amerika öz hərbi gəmilərini Qara dənizə göndərib. 1936-cı ildəki Montro anlaşması var. Böyük hərbi gəmilər üçün Türkiyədən icazə almalı idilər. İndi qardaş ölkə həmin gəmilərin Qara dənizə girişinə icazə versə, Rusiya ilə münasibətlərdə böyük gərginlik yaşayacaq. İcazə verməyəndə isə Ukrayna və Amerika ilə böyük gərginlik yaşayacaq. Yaxın günlərdə Türkiyə belə çətin seçimlə üz-üzə qala bilər. Bütün hallarda Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Amma istənilən halda qardaş dövlət münaqişədə iştirakçı olmayacaq. Separatçılıqla bağlı şimal qonşumuzun siyasətini Türkiyə bəyənməsə də, bunu etməz. Çünki ortaq layihələr var. Qaz anlaşmaları mövcuddur. Hərbi anlaşmalar var. S 400-lər məsələsi də var. Türkiyə çalışacaq ki, bu məsələdə çox da üzdə görünməsin. Amma çətin seçimlərlə üzləşməyə də özünü hazırlamalıdır. Yuxarıda dediyim kimi bunlardan biri ABŞ hərbi gəmilərinin Qara dənizə yaxınlaşmasıdır”.

Politoloq Dmitri Kazakın açıqlamasına da toxundu: “Bu, birbaşa real hədədir. Rusiyanın konkret planı hər kəsə məlumdur, Ukraynanı bölmək planı. Rusiya tək Krım, Donbasla kifayətlənmək istəmir. Rusdilli olan və Rusiyaya simpatiya bəsləyən Ukrayna ərazilərini ələ keçirmək istəyir. Bu açıqlama həm də sırf real proqramdır. Ukraynaya mesaj göndərilir ki, müharibəyə başlasanız, biz daha çox irəliləyə bilərik. Kremli sanksiyalar da qorxutmur. Çünki rəsmi Moskva kifayət qədər sanksiyalarla üz-üzədir. Rusiya işğalçılıq siyasətini Ukrayna yönəlik davam etdirmək istəyir”.

Geri qayıt