Əsas Səhifə > Dünya > Qərb Rusiyanı geri oturda biləcəkmi...

Qərb Rusiyanı geri oturda biləcəkmi...


8-04-2021, 08:34
Qərb Rusiyanı geri oturda biləcəkmi...
ABŞ Rusiyanı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, gərginliyi artırmamağa çağırıb. “Yeni Müsavat” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib. Onun sözlərinə görə, hazırda Rusiyanın niyyətləri haqqında danışmaq çətindir. Ağ Evin mətbuat katibi Cen Psaki isə bildirib ki, Ukraynanın NATO üzvlüyünə qəbul olunması ilə bağlı qərarı Alyans verməlidir, ABŞ deyil: “Ukrayna NATO-ya çoxdan can atır. Bu məsələ ABŞ rəsmiləri ilə danışıqlar zamanı illərdir qaldırılır. Biz Ukrayna ilə bunu çoxdan müzakirə edirik. Onları qətiyyətlə dəstəkləyirik, onlarla ünsiyyət qururuq, sabitliyi pozan addımlara qarşı mübarizə aparırıq. Amma bu qərarı NATO qəbul etməlidir”.

Amerikalı rəsmilərin bu açıqlamalarından yenə görünür ki, Vaşinqton sərt olmayan ritorikada danışmağa üstünlük verir. ABŞ bu tendensiya ilə davam edərsə, Ukraynanın Rusiya ilə müharibəyə başlaması ağılsızlıq olar. Çünki 2014-cü ildə olan quru vəd təkrarlanacaq və əziyyət çəkən Ukrayna xalqı olacaq. Faktiki olaraq, Qərbin Rusiyaya təpkisi sözlərlə müşayiət olunur, tərəddüd göz önündədir və belə gedişlə rəsmi Kiyev Donbasda rus ordusuna qarşı döyüşə bilməz. Rusiya xarici işlər naziri Sergey Lavrov isə hesab edir ki, ABŞ başda olmaqla, Qərb Rusiyaya informasiya hücumuna başlayıb. Bu hücum Moskvanı geri oturmağa vadar edə bilərmi, cavabı çətin sualdır. Bəs Putin bu qədər gücü qarşısına alıb, Ukraynaya hücum əmri verəcəkmi?

Hələlik biz qoşunların sərhədlərə cəmləşdirilməsinin şahidiyik, real müharibə start götürməyib. Əslində slavyan xalqlarının savaşı hər iki ölkənin bir-birinə pislik etməsindən başqa bir iş deyil. Digər tərəfdən, Ukrayna müharibəyə hazır görünmür və sərhədlərə hərbi texnikanın yığılması Qərbin Kremlə gücünü göstərməsi xarakteri daşıdığını daha çox deməyə əsas yaradır.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, 27 iyul 2020-ci ildə imzalanan atəşkəs razılaşmasından bəri Donbasda 28 ukraynalı hərbçi həlak olub. Dövlət başçısının sözlərinə görə, onlardan 24-ü bu il həyatını itirib: “Təkcə martın 26-dan bu günə qədər 8 hərbçimizi itirmişik”. Görünür ki, lokal toqquşmalar olur, amma genişmiqyaslı əməliyyatların başlanmasına qərar verilməyib. Bu xəbərlər, verilən açıqlamalar hansı nəticəyə gəlməyə əsas verir? Bölgədə irimiqyaslı müharibə gözlənilirmi?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, əslində vəziyyət gərginləşdirilib və məqsəd Ukraynanın NATO-ya üzvlük yolunda işlərinə mane olmaqdır. Deputatın fikrincə, Rusiya narahatdır ki, NATO qüvvələri Ukraynaya yerləşər və bölgədə balansı dəyişə bilər: “Mənə belə gəlir ki, söhbət təzyiqlərdən gedir, atəşkəs pozulur, ağır artilleriya istifadə edilir. Amma bütün bunlar təzyiq forması daşıyır və genişmiqyaslı müharibə çox güman ki, olmayacaq.

Baxmayaraq ki, bölgədə hər iki tərəf öz silahlı qüvvələrini yerləşdirməyə çalışır. Burada çox önəmlidir ki, beynəlxalq ictimaiyyət sərt mövqeyini ifadə eləsin. Beynəlxalq təşkilatlar öz təsirini göstərməlidirlər. Bizim onillərlə işləməyən Minsk Qrupu təcrübəmiz var və Ukrayna üçün də belə bir forma dondurulub. Ən azı bunu işlətmək lazımdır. Çünki mülki əhalinin qurban olduğu xəbərləri gəlməkdədir. Amma bütövlükdə böyük müharibə olmayacaq".

A.Mollazadə hesab edir ki, Qərbin Rusiyanı təzyiqlər yolu ilə geri çəkilməyə vadar etmək siyasətində vahid mövqe sezilmir: “Avropa Birliyinin mövqeyi, ”Normand Qrupu"nda olan Fransa və Almaniyanın sərgilədiyi münasibət daha yumşaq yanaşmadır, yəni Qərb cəbhəsindən birmənalı mövqe yoxdur".

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ukrayna ərazi bütövlüyünü təmin etmək istəyir. Siyasi analitik hesab edir ki, rəsmi Kiyev ən azı Donetsk və Luqanskda suverenliyini bərpa etmək niyyətindədir: “Bunun üçün lazım olan hərbi potensiala da malikdir. Üstəlik, ABŞ və NATO birmənalı elan edib ki, Rusiya proseslərə müdaxilə etsə, onlar da müxtəlif tədbirlərə əl atacaqlar”.

Q.Hüseynlinin zənnincə, qorxulu situasiya yaranıb: “Rusiya tez-tez nüvə silahına əl atacağını söyləyir, amma bunu siyasi şantaj sayıram. Hətta nüvə silahından istifadəyə yol versə belə, itkiləri böyük olacaq və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşa bilər. Ona görə də bu müharibədə Ukraynanın qalib gələcəyini, ən azı Dontesk və Luqanskda suverenliyini bərpa edəcəyini gözləyirəm. Ruslar hay-küy qaldırıblar ki, Ukraynanın dərinliklərinə qədər irəliləyəcəyik, amma istisna etmirəm ki, Rusiya son anda Luqansk və Donetskdə müharibəyə girməyə bilər”.

Ukraynalı hərbi ekspert Oleq Jdanov AYNA-ya şərhində qeyd edib ki, söhbət Almaniyanın, Fransanın və Rusiyanın Ukraynanı Kremlin siyasi orbitinə geri qaytarmaq üçün koordinasiyalı addımlarından gedir. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə təhlükəsi ilə əlaqəli bütün bu panika Ukraynanın hərbi-siyasi rəhbərliyi tərəfindən də yayılır. Mütəxəssis onların bu şəkildə lazımi qanun layihələrinin qəbul edilməsinə çalışdıqlarını iddia edir. Məsələn, yalnız Ukrayna prezidentinin qərarı ilə səfərbərlik elan etmədən ehtiyatda olanların çağırışı məsələsi. Üstəlik, hərbi ekspertin fikrincə, bu yolla Ukrayna rəhbərliyi diqqəti “Normandiya formatı”ndakı uğursuzluğa yönəltməyə çalışır. Analitikin qənaətincə, indi Rusiya tərəfi 19-29 mart tarixlərində Qara dənizdə keçirilən NATO-nun genişmiqyaslı təlimlərinə cavab verir. Jdanov NATO-nun siyasi bəyanatlarına baxmayaraq, İttifaqın heç bir hərbi hissəsinin döyüşə tam hazır vəziyyətə gətirilməməsinə də diqqət çəkib: “Eyni zamanda bütün bu vəziyyət rus təbliğatçıları üçün də faydalı oldu. Onlar sevdikləri ”atı minərək", Ukraynaya hücum etmək fikrində olmadıqlarını, sadəcə, Ukrayna ilə sərhədlər boyunca rusdilli əhalini “banderaçılardan qorumağa” hazır olduqlarını bildirdilər".


Geri qayıt