Əsas Səhifə > Dünya > Rusiya niyə aqressivləşib?
Rusiya niyə aqressivləşib?6-04-2021, 08:16 |
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib ki, Ukrayna, Belarus və Qazaxıstan rus torpaqlarıdır. “Axı necə oldu ki, velikoros torpaqları Ukrayna, Qazaxıstan, hətta Belarus ərazilərinə düşdü?!” – deyə Medinski martın 30-da Federasiya Şurasında keçirilən toplantıda senatorlara üzünü tutaraq bildirib. Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bu barədə sualını cavalandırarkən deyib ki, Medinskinin söylədiyi məsələ Kremlin gündəmində deyil, o, sadəcə, “elmi fikir” ifadə edib. Halbuki eyni tezisi prezident Vladimir Putin martın 18-də “Lujniki”də Krımın ilhaqının ildönümünə həsr olunmuş tədbirdəki çıxışında ölkə adı çəkmədən dilə gətirmişdi. Onun əvvəllər də dəfələrlə bu fikri səsləndirdiyi məlumdur. Yəni Medinskinin sözləri əslində Rusiya dövlətinin postsovet məkanına rəsmi baxışını əks etdirir. Məsələn, Putin 2019-cu ilin oktyabrında “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin.” proqramına müsahibəsində demişdi ki, postsovet ölkələrində SSRİ-nin bərpası ehtimalından duyulan fobiya (qorxu) tədricən aradan qalxır və hər kəs inteqrasiyanın faydalı olduğunu anlayır, sadəcə olaraq, Qərb bu inteqrasiyaya maneçilik törədir. (Müsahibənin bu hissəsi 2020-ci ilin aprelində efirə verilmişdi.) Cənab Putinin hansı araşdırmalar və ya məlumatlar əsasında bu qənaətə gəldiyini, “fobiya aradan qaxır” deyərkən ölkə rəhbərlərinin, yoxsa xalqların fobiyasını nəzərdə tutduğunu öyrənmək mümkün olmadı. Ümumiyyətlə, Putin SSRİ-nin dağılmasını XX əsrin böyük geosiyasi fəlakəti sayır və bunu hələ 2005-ci ildə bəyan edib. Amma insafən deyək ki, bu sözləri o, həmin vaxt SSRİ-nin bərpasının zəruriliyi kontekstində söyləməmişdi və elə həmin çıxışında Rusiya Federasiyasının azad, demokratik ölkə kimi inkişafının vacibliyini vurğulamışdı. Putin o zaman Qərblə əməkdaşlığın inkişafına inanırdı, yaxud belə deyək: səmimi olaraq inanmasa belə, bu istiqamətdə siyasət yeridirdi. Lakin neft gəlirləri artdıqca sonrakı illərdə Putin Rusiyanın beynəlxalq münasibətlər sistemindəki yerindən və rolundan məmnun olmayaraq dünya düzəninə təftişçi yanaşma ortaya qoydu. Bu mənada onun 2007-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransındakı məşhur nitqini xüsusi qeyd etmək lazımdır. Putin Münhendə təkqütblü beynəlxalq sistemi sərt tənqid edərək bunun qəbuledilməz olduğunu vurğulamış və Rusiyanın min illik dövlətçilik tarixi olan ölkə kimi “müstəqil xarici siyasət” yeritmək imtiyazına sahib olduğunu diqqətə çatdırmışdı. Bu sözlərin tərcüməsi o idi ki, Qərb çoxqütblü beynəlxalq münasibətlər sisteminə keçidi qəbul etməli və Rusiyanı bərabərhüquqlu qütblərdən biri kimi tanımalıdır. O vaxt Qərb və onun lideri ABŞ bu demarşı ya ciddiyə almadı, ya da razılaşmadığı üçün diqqətdən kənar qoydu. Belə olan halda, Putin niyyətinin nə qədər ciddi olduğunu göstərmək ehtiyacı hiss etdi və sərt gücə əl atmaq yolunu seçdi. Qərb buna tamamilə hazırlıqsız yaxalandı və hadisələrin arxasınca sürünərək reaksioner mövqedə qaldı. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Qərb yalnız atəşkəs üçün hərəkətə keçdi və beynəlxalq hüququn kobudcasına pozulması faktını cavabsız qoydu. Həmin il ABŞ prezidenti seçilən Barak Obama 2009-cu ildə fəaliyyətə başladıqdan sonra Rusiya ilə münasibətlərdə yeni səhifə açdı, iki ölkə xarici siyasət idarələrinin rəhbərləri mart ayında Cenevrədə şərti Reset düyməsinə basaraq münasibətlərdə “yenidən yüklənmə”nin startını verdilər. Gürcüstan unuduldu. Ümumiyyətlə, Obama əvvəlcə postsovet məkanına, daha sonra Orta Şərqə etinasız münasibət ortaya qoyaraq bu regionlarda Rusiya və İranın ekspansiyasının önünü açdı. Obamanı “dişinə vurub”, yoxladıqdan sonra Putin 2014-cü ilin fevralında bu dəfə Ukraynaya qarşı hərbi güc tətbiq etdi. Ukrayna Gürcüstan deyil, Avropa Birliyi ilə NATO-nun 4 üzv dövləti ilə həmsərhəd olan Avropa ölkəsidir. Məhz Krım və Donbasdan sonra Qərb Putinin niyyətinin ciddiliyini anlayaraq kontr-addımlar atmağa başladı. 2018-ci ildə ABŞ dövlət katibinin müavini Uess Mitçell Tiflisdə keçirilən konfransda təəssüflə etiraf etmişdi ki, “biz 2008-ci il müharibəsindən sonra ayılmadıq.” Sonradan ayılmanın baş verdiyi şübhəsizdir, amma bunun real siyasətdə nə dərəcədə özünü göstərdiyi mübahisəli məsələdir. Məsələn, 4 illik Tramp dövrünü bu baxımdan itirilmiş illər adlandırmaq olar. Düzdür, həmin dövrdə Rusiyaya qarşı Obama dövründə başlamış sanksiya siyasəti davam etdirildi, amma bu sanksiyaların nə qədər sərt və ağır olduğu şübhəlidir. Ən başda Tramp özü bu siyasətə inanmırdı və Rusiya ilə münasibətlərin istiləşdirilməsinə tərəfdar idi, lakin Konqresdə və kəşfiyyat qurumlarında güclü antirusiya konsensusu olduğu üçün buna nail ola bilmədi. Sanksiyalara nəzər salanda görürük ki, hələlik Rusiya iqtisadiyyatına dağıdıcı təsir göstərəcək tədbirlər görülməyib və rusiyalı oliqarxların, Putinin yaxın çevrəsinin aktivlərinə həbs qoyulmayıb. Putinin özünün Qərbdəki milyardlarından çox danışılsa da, bununla bağlı da hər hansı sanksiya yoxdur. Yalnız 2 oliqarxın – Deripaska və Vekselberqin digərləri ilə müqayisədə sanksiyalardan daha çox zərər çəkdiklərini söyləyə bilərik. Yəni, Qərb – xüsusən onun Avropa qanadı Putinlə anlaşmaq üçün əlyeri qoyub və münasibətlərin kəskinləşməsinə baxmayaraq, hələ də bütün körpülərin yandırılmasından danışmaq doğru olmaz. Bəs, anlaşma niyə baş tutmur? Qərb nə istəyir, Putin nə gözləyir? Bu barədə uzun yazmaq olar. Yuxarıda da qeyd etdiyimiz kimi, Putin istəyir ki, ABŞ ən əvvəl Rusiyanı bərabərhüquqlu tərəf-müqabil kimi qəbul etsin və bu statusda masaya otursun. Putin gözləyir ki, Qərb Rusiyanın ilk növbədə keçmiş sovet məkanındakı maraqlarını anlayışla qarşılayacaq və bu coğrafiya üzərində Moskvanın nəzarətini mübahisələndirməyəcək, buralara müdaxilədən vaz keçəcək. Bundan sonra digər beynəlxalq problemlərin həllində də tərəflər bərabər çalışa bilər. Vaşinqton isə bunu qəbul etmir, “soyuq müharibə” dövründəki kimi, dünyanı maraq zonalarına bölmək tərəfdarı deyil, Rusiyanı isə Çindən fərqli olaraq, gerçək rəqib deyil, ikinci dərəcəli güc kimi görür. Obama Rusiyanı regional derjava adlandırmışdı, Bayden də eyni fikirdədir, üstəlik, bildirir ki, bu derjavaya rəhbərlik edən şəxs qatildir. Məlumdur ki, qatili məsuliyyətə cəlb edirlər, onu masanın yuxarı başına əyləşdirmirlər. Baydenin Putinə münasibəti budur. Vaşinqton Çin dövləti ilə qlobal rəqabətə başladığı dövrdə Rusiyanı bu siyasətə mane olan, əl-ayağa dolaşan destruktiv qüvvə hesab edir. Putin isə ona ən yaxşı halda masanın kənarında ayrılan yerlə razılaşmaq fikrində deyil və qarşı tərəfin uzlaşmaz mövqeyi Kremldə qəzəb doğurur. Ukrayna ətrafındakı son gərginləşməyə də bu pəncərədən baxmaq lazımdır. Putin Ukraynanı, yəni Avropanın şərqini yenə cəhənnəmə çevirə biləcəyini nümayiş etdirir. Ukrayna sərhədlərindəki hərəkətlilik, oraya böyük sayda hərbi texnika cəmləşdirmək ilk növbədə Baydenin diqqətini çəkməyə və onu öz mövqeyinə yenidən baxmağa vadar etməyə yönəlib. Bayden isə Ukraynanı Rusiya qarşısında tək qoymayacaqlarını bəyan etməklə bu mesajı qulaqardına vurduğunu göstərir. Bu da məsələni düyünə salır. Rusiyanın bu aqressivliyinin, ABŞ-ın isə kompromisə meylli olmamasının hansısa nəticəsi olmalıdır, yəni “razvyazka” baş verməlidir. Hansı şəkildə? Rusiya ya silaha əl atacaq və Ukrayna torpaqlarından növbəti hissəni qoparmağa çalışacaq, bununla Qərbə yenə öz gücünü göstərib, onu öz mövqeyini dəyişməyə məcbur edəcək; ya da ABŞ və müttəfiqləri Ukraynanın arxasında möhkəm dayanaraq Rusiyanı ya müharibə meydanında (Moskva savaşa başlayacağı təqdirdə), ya da siyasi səviyyədə geri çəkilməyə və güzəştlərə vadar edəcəklər. Amma Putin hər mənada (fiziki olaraq və ritorika səviyyəsində) o qədər irəli gedib ki, sifətini qorumadan geri çəkilməsi onun Rusiya daxilindəki mövqelərini sarsıda, saray daxilində xaos yarada bilər. Bir sözlə, çox mürəkkəb situasiya yaranıb. Görək, “Qordi düyünü”nü kim və necə kəsəcək: Putin, yoxsa Bayden?.. Müəllif: Şahin Cəfərli //pressklub.az// Geri qayıt |