Əsas Səhifə > Dünya > “Putinin əlində Makrona qarşı güclü kompromat var” və ya Fransa “su bulandırır”
“Putinin əlində Makrona qarşı güclü kompromat var” və ya Fransa “su bulandırır”24-02-2021, 11:17 |
“Vaxtı ilə Şimali Atlantika İttifaqı, artıq mövcud olmayan Varşava Paktı ilə güc balansı üçün yaradıldı. NATO-nu dəstəkləyərərk, Avropa bütövlükdə cəmiyyətin bölünməsini dərinləşdirməyə davam edən bir geopolitik məntiqdən yanaşır”. Bu açıqlama ilə Fransa Prezidenti Emmanuel Makron çıxış edib. NATO-nun bir təşkilat olaraq artıq aktual olmadığını qeyd edən Makron, İttifaqın hərbi formatını tənqid edib: “Bəzən artıq mövcud olmayan və Avropanı parçalamağa davam edən bir geopolitik məntiqlə, artıq mövcud olmayan bir ideologiya və ya təşkilata qarşı mübarizəmizi davam etdiririk”. Fransa Prezidenti nə qədər haqlıdır? Məsələn, eyni Gürcüstan və Ukrayna üçün potensial NATO üzvlüyü gələcəkdə ərazi bütövlüyünü bərpa etmək üçün yeganə ümid olaraq qalır. Təbii ki, onlar öz torpaqlarını Rusiyadan təkbaşına geri almaq iqtidarında deyil. Yəni Kremlin təcavüzkar istəklərini tarazlaşdırmaq nöqteyi-nəzərindən NATO-nun rolunu qiymətləndirməmək, sadəcə mümkün deyil. Rusiya Federasiyası sərhədləri yaxınlığında nisbətən zəif və kiçik ölkələr çoxdur. NATO-nu ilk dəfə tənqid etməyən Makronun fikirlərinin arxasında nə dayanır? Daha əvvəl Fransa Prezidenti NATO-nun “beyin ölümü” keçirdiyindən danışmışdı. Son Münhen Təhlükəsizlik Konfransında çıxış edən Makron, Avropanı öz müdafiə strategiyasını inkişaf etdirməyə və bu vəzifəni ABŞ-a həvalə etməməyə çağırdı. Bundan əlavə, əvvəllər o, Rusiya ilə ortaq bir Avropa təhlükəsizlik arxitekturası çərçivəsində bir dialoqa SƏSLƏDİ və “əsl Avropa ordusu”nun yaradılmasında israr etdi. Doğrudanmı, Avropa Birliyi (AB) ordusu yaradılacağı təqdirdə, NATO kimi qlobal bir hərbi təşkilat olmadan, yalnız Rusiya qoşunlarına təsirli bir şəkildə müqavimət göstərə biləcəyini düşünür? Və Makronun bu cür açıqlamalarının, ondan çox güclü olan Merkelin gedişindən sonra ümumi Avropaya rəhbərlik etmək istəyi ilə əlaqəli olduğunu düşününlər haqlıdırlarmı? AYNA mövzunu əcnəbi ekspertlərlə müzakirə edib. Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, müstəqil jurnalist Aleks Qriqoriyevs: “Fransanın əvvəllər də NATO ilə bağlı fərqli bir mövqedə olmasını unutmayaq. Bir çoxları unudur ki, bu ölkə 1966-cı ildə Fransa Prezidenti general Şarl de Qollun rəhbərliyi altında NATO-nun hərbi komandanlıq strukturlarından çıxdı və hətta, NATO-nun komandanlığı və mərkəzi ofisi Parisdən Brüsselə köçürüldü. Fransanın NATO hərbi strukturlarına qaytarılması yalnız 2009-cu ildə baş verdi. Demək lazımdır ki, Rusiya mətbuatı Makronun NATO ilə bağlı sözlərini “Financial Times”-a verdiyi müsahibənin əsas məzmunu kimi çatdırsa da, o, NATO-dan yalnız söhbətin sonunda təsadüfi məqam kimi danışır və jurnalistin onu bu mövzuda daha çox sorğu-suala tutmasına imkan vermir. Həm Şarl de Qollun, həm də Emmanuel Makronun məntiqi aydındır: Fransanın rolu və təsiri çoxqütblü bir dünyada böyüyür, iki qütblü dünyada isə azalır. Beləliklə, Fransa Prezidentinin bəzi geopolitik korluğu - Rusiyanı təhdid olaraq görməkdən imtina etmək, hətta kommunist Çinin timsalında bir təhlükə görməkdən imtina etmək bu məntiqdən qaynaqlanır. Buna görə ABŞ-ı Qərb dünyasının yeganə və təbii lideri kimi görməkdən imtina edilir. Ancaq biz, keçmiş kommunist imperiyasının vətəndaşları, hər şeyi Makrondan daha yaxşı görür və başa düşürük. Bizim üçün Rusiya lap yaxındadır. Bizim, Rusiyanın zaman-zaman cinahlarda mövqe döyüşlərinə çevrilən, əleyhinə hibrid müharibəsi apardığı Qərb dünyasının lideri və qoruyucusu olaraq ABŞ-a həyati olaraq marağımız var. Dnestryanı bölgə, Krım, Donbas, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ - bütün bu qarşıdurmaların arxasında Rusiya dayanır - SSRİ-nin dağılmasını iyirminci əsrin ən böyük fəlakəti hesab edən Rusiya. Biz burada son müstəmləkə imperiyasının, millətlərin həbsxanasının çöküşünü görürük və Rusiya rəhbərliyi intiqam almaq istəyir, qonşu dövlətləri özünə tabe etməyə, Avropa Birliyini parçalamağa və ABŞ-da qarışıqlıq yaratmağa çalışır. Yeri gəlmişkən, mənə dedilər ki, Putinin Makrona qarşı kompromatı var və bu, onun ani geosiyasi korluğunu izah edir. Prezident de Qoll ilə tarixi paralellərin işə düşməsini düşünmək istərdim. ABŞ da Böyük Britaniya, Polşa və nəhayət Ukrayna kimi digər Avropa ölkələrini əsas müttəfiqləri olaraq seçəcək. Belə bir ittifaqın artıq formalaşdığına dair bəzi əlamətlər var. Ancaq, ümumiyyətlə, Prezident Baydenin görəcəyi hələ çox işi olduğunu etiraf etməliyik”. Ukraynalı politoloq, “Strateji XXI əsr” Qlobal Tədqiqatlar Mərkəzinin prezidenti, “Qara dəniz Təhlükəsizlik” jurnalının baş redaktoru Mixail Qonçar: “Makronun bu açıqlamalarına çox əhəmiyyət verməzdim. NATO-da “hava şəraitini” Paris yox, ABŞ, Kanada və İngiltərənin anqlo-sakson ittifaqı müəyyən edir. Fransa həmişə NATO-da xüsusi bir mövqe tutub. NATO qərargahının Parisdən Brüsselə köçürülməsi ilə başa çatan 60-cı illərdəki Fransız demarşlarını xatırlamaq kifayətdir. Fransa Avropada liderliyini bərpa etməyi səbirsizliklə gözləyir. Lakin obyektiv səbəblərə görə bugünkü Fransa Almaniya ilə rəqabət edə biləcək bir vəziyyətdə deyil. Yəqin ki, Makron Merkelin gedişi ilə onun kölgəsindən çıxmaq və Avropada birinci olmaq şansının olacağına inanır. Ancaq bunun reallaşması ehtimalı azdır. Dəyərsiz liderlər buna qadir deyillər. Avropa ordusu yaratmaq ideyası yeni bir fikir deyil, amma reallaşma ehtimalı azdır. 1990-cı illərdə Balkanlardakı hadisələr göstərdi ki, ABŞ və NATO olmadan Avropa təhlükəsizlik məsələlərini həll etmək iqtidarında deyil. NATO dəfələrlə daxili böhran yaşadı. Sovet və daha sonra Rusiya təbliğatı bir neçə dəfə blokun çöküşünü proqnozlaşdırırdı. Bunların heç biri olmadı. İttifaqın üzvlərinin sayı yalnız artdı. Səbəbi Mərkəzi və Şərqi Avropa ölkələrinin NATO çətiri olmadan Rusiyanın təcavüzkar siyasəti qarşısında özlərini təhlükəsiz hiss etməməsidir. Buna görə İttifaqa üzv oldular. İndi növbədə Gürcüstan və Ukrayna dayanır. Yeri gəlmişkən, 2008-ci ildə NATO-nun Buxarest sammitində bizə Üzvlük Fəaliyyət Planının təqdim edilməsinə maneə törətməklə, Fransa və Almaniyadan ölkələrimizin arxasına saplanan bıçaq olmasaydı, artıq NATO üzvü idik. Və o zaman nə Gürcüstan, nə də Ukraynan Rusiyanın tərəfdən öz ərazilərinin işğalı faktı ilə üz-üzə qalacaqdı”. Geri qayıt |