Əsas Səhifə > Dünya > “ABŞ-Rusiya ziddiyyətlərində hərbi ritorika...”
“ABŞ-Rusiya ziddiyyətlərində hərbi ritorika...”15-02-2021, 12:26 |
Rusiya xarici işlər naziri Sergey Lavrov “Solovyov.Live” Youtube kanalına müsahibəsində maraqlı məqamlara toxunub. O, həmçinin ABŞ-la münasibətlərdən danışıb. Nazir deyib: “Co Baydenin dövründə ABŞ və Rusiya bir çox mövcud problemlə bağlı çətin ki, razılığa gəlsinlər. Lakin dialoqu davam etdirmək lazımdır, o cümlədən strateji sabitlik sahəsində...” Rusiya XİN başçısı, həmçinin ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenlə fevral ayının əvvəlində baş tutan ilk danışığını normal qiymətləndirib: “Məncə, normal danışıq idi. Razılığa gəldik ki, çoxlu problemimiz var». Lavrovun sözügedən açıqlaması yaxın gələcəkdə ciddi qarşıdurmaların yarana biləcəyinə işarədir. Ola bilsin, şimal qonşumuzun “mənəm, mənəm”liyi ona baha başa gələcək. Dövlətər arasındakı münasibətləri “Sherg.az”a təhlil edən siyasi analitik Elçin Xalidbəyli tərəflər arasındakı “soyuqluğun” səbəblərini belə izah etdi: “Rusiya və ABŞ arasında, həqiqətən, ciddi problemlər mövcuddur. Əslində, bu problemlər həmişə olub. Sadəcə, müxtəlif dövrlərdə bəzən ziddiyyətlərin arxa plana keçirilməsinə üstünlük verilib. ABŞ-Rusiya ziddiyyətlərinin müvəqqəti "dondurulduğu" dövrlərin sırasına prezident Donald Trampın hakimiyyətdə olduğu mərhələni də aid edə bilərik. Hər halda, bu mərhələdə iki superdövlət arasında kəskin qarşıdurma meylləri müşahidə olunmadı. Ancaq artıq yeni mərhələ başlayıb. ABŞ-da Co Bayden hakimiyyətinin iş başına gəlməsi artıq öz təsirini göstərir. Prezident Co Bayden hakimiyyətə gəlməzdən əvvəl də Rusiyaya qarşı kəskin mövqeyi ilə tanınırdı. Hətta Co Bayden Rusiyaya öz yerini göstərəcəyini də vəd edirdi. İndisə Co Bayden öz vədinə əməl etməyə başlayıb. Ağ Ev sahibi Rusiyanın sıxışdırılması istiqamətində bütün mümkün imkanlardan yararlanır. Yəni Rusiya ilə son dörd ildə "dondurulmuş" problemlər yenidən aktivləşdirilib. Böyük ehtimalla bu mərhələdə ABŞ-Rusiya münasibətlərində gərginlik qarşıdurma həddinə çata bilər. Kremldə də bunu artıq anlayırlar və ciddi narahatlıq keçirirlər”. E. Xalidbəylinin sözlərinə görə, Moskva reallığı dərk etməsə, onun üçün daha çətin olacaq: “Məsələ ondadır ki, ABŞ-Rusiya ziddiyyətlərində sadəcə, siyasi deyil, hətta hərbi faktorlar da istifadə edilməyə başlayıb. Buna misal olaraq, son günlərdə ABŞ hərbi təyyarələrinin Rusiya sərhədlərini pozmasını göstərmək olar. Üstəlik, analoji insidentlər NATO vasitəsilə də törədilir. NATO donanmasının və aviasiyasının Qara dəniz hövzəsində Rusiya sərhədlərini təhdid etməsi də intensivləşir. Görünür, Bayden administrasiyası Rusiyanı öz sərhədləri içərisinə sıxışdırmaq niyyətində tamamilə ciddidir. Kremlin əsas problemlərindən biri də ABŞ-ın hərbi-siyasi təhdidləri qarşısında təkbaşına qalmasıdır. Rusiyanın indiki situasiyada güvənə biləcəyi müttəfiqi yoxdur. Bunun günahını isə Rusiya öz xarici siyasət kursunda axtarmalıdır. Çünki Kreml həm qonşuları, həm də ənənəvi tərəfdaşları qarşısında təhdid dilində danışmağa üstünlük verib. İndisə heç kim Rusiya ucbatından Ağ Evlə problem yaşamaq istəmir. Hətta vaxtilə enerji resursları sahəsində əməkdaşlıq etdiyi Avropa dövlətləri belə, Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarı kimi çıxış edirlər. Bu isə o deməkdir ki, Rusiya üçün də "divar" sona çatmağa başlayıb. Əgər belə davam edərsə və Rusiya öz tərəfdaşlarına münasibətdə sayğısız davranışlarını dayandırmazsa, yeni mötədil xarici siyasət kursu yürütməzsə, tamamilə təklənə bilər. İndiki situasiyada Rusiyanın ABŞ və Qərbin sərt təzyiqləri qarşısında duruş gətirmək şansları isə o qədər də qənaətbəxş görünmür”. Geri qayıt |