Əsas Səhifə > Dünya > Türkiyə Özal siyasətinə qayıdır?
Türkiyə Özal siyasətinə qayıdır?4-01-2021, 08:46 |
Türkdilli ölkələr üzərində Türkiyənin geosiyasi və geoiqtisadi təsirlərinin artması müşahidə olunur. Bu da son illər rəsmi Ankaranın xarici siyasətdə türk dünyası ilə inteqrasiya siyasətinə üstünlük verməsi ilə bağlıdır. 2002-ci ildə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyasının əsas konsepsiyasını Yeni Osmançılıq ideologiyasını təşkil etdiyindən Türkiyənin xarici siyasətində müsəlman dövlətləri ilə yaxınlaşma prioritet təşkil edib. Ancaq güclü ərəb dövlətləri terrorçuluğa qarşı mübarizədə nəinki Türkiyəyə dəstək vermədi, hətta AKP-nin Yaxın Şərqdə və Şimali Afrikada yürütdüyü siyasətə qarşı çıxdılar. Lakin Türkiyə Şimali İraqda, Suriyada, Liviyada uğurlu antiterror əməliyyatları keçirməklə, İslam dünyasının geosiyasi güc mərkəzlərindən birinə çevrildi. Hazırda bu təsirin Qaqauziyadan Qırğızıstana qədər türk dilli xalqların yaşadığı geniş coğrafi məkanda yayılması müşahidə olunur. Ona görə də ekspertlər Türkiyəni həmin bölgələrdə Rusiyanın əsas rəqibi adlandırır. Bu, mərhum prezident Turqut Özalın 1993-cü ildə həyata keçirmək istədiyi siyasətə dönüş kimi də şərh olunur. “Türkiyənin liderliyi ələ alması Qərbi narahat edir” Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında qeyd etdi ki, Türkiyə həm ərəb coğrafiyasında, həm də türk dünyasında ciddi geosiyasi nüfuz qazanıb. Bu proses özünü daha çox Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə göstərməkdədir. Ancaq bir sıra böyük dövlətlər Türkiyənin güclənməsini qısqanclıqla qarşılayır və bu təsirin artmasına mane olmağa çalışır: “Türkiyə Yaxın Şərqdə və xüsusilə qonşu olduğu ərəb ölkələrində özünü geosiyasətini yürüdüb və hazırda bu proses edir. Sadəcə, Türkiyənin bir müsəlman dövləti olaraq liderliyi ələ alması Yaxın Şərqdə olan siyasi rejimləri və onlara dəstək verən Qərb ölkələrini narahat edir. İlk növbədə, ABŞ, onun Yaxın Şərqdəki müttəfiqi olan İsrail və bəzi Avropa Birliyi ölkələri də Türkiyənin siyasətini qısqanclıqla qarşılayır. Ona görə də Türkiyənin islam coğrafiyasında nüfuzunun qarşısını almaq üçün bir neçə ildir ki, mübarizə aparılır. Bir tərəfdə, Qərb dairələri tərəfindən yaradılmış diktatura rejimləri, digər tərəfdə onlara hamilik edən ölkələr Türkiyənin nüfuzunun yayılmasına qarşı dirəniş göstərir. 2011-ci il “Ərəb baharı” hadisələri də göstərdi ki, Türkiyənin və hakimiyyətin başında dayanan Rəcəb Tayyib Ərdoğanın nüfuzu çox böyükdür. Hələ də müsəlman dünyasında prezident Ərdoğanı islam lideri, türk lideri kimi qəbul edirlər. Həm Ərdoğan amilini, həm də Türkiyə amilini Yaxın Şərqdə olan bütün müsəlmanlar qəbul edir. Bu prosesin uzun müddət davam edəcəyini düşünürəm. Eyni zamanda, İran məsələsini də diqqətdən qaçırmaq olmaz. Türkiyənin bölgədə təsirinin artmasına İran da mane olmağa çalışır. İran çalışır ki, Yəməndə, Bəhreyndə, İraqda, Livanda, Suriyada Türkiyə uğur qazanmasın. Ancaq Türkiyənin islam coğrafiyasında nüfuzdan düşdüyünü söyləmək mümkün deyil. Pakistan başda olmaqla, bir sıra ölkələr Rəcəb Tayyib Ərdoğanı İslam lideri kimi qəbul edir. Sadəcə, Qərbin maraqlarına xidmət edən bəzi amillər buna mane olur. Türkiyənin türk dünyasında aktivləşməsinə gəlincə, bunun üçün ciddi mühit mövcuddur. Türkdilli xalqlar arasındakı dil və mədəniyyət yaxınlığı, insanların qan qohumluğu Türkiyənin bu bölgədə fəaliyyəti üçün münbit şərait yaradır. Türkiyə xarici siyasətində müəyyən dəyişikliklər edib ki, burada da uğur Azərbaycandan keçir. Çünki türk dünyasının Türkiyədən sonra ən güclü ölkəsi Azərbaycandır. Türkiyənin türk dünyasına çıxışı üçün Azərbaycan əsas geosiyasi amildir”. “Qarabağın azadlığı Mərkəzi Asiya ölkələrini cəsarətləndirdi” Politoloq hesab edir ki, Türkiyənin Mərkəzi Asiyada fəallaşaraq uğur qazanmasında başlıca rol oynaya biləcək amillərdən biri Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində ciddi nailiyyət əldə etməsi ilə bağlıdır: “Doğrudur, bu münaqişə tam həll olunmasa da Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun və digər ərazilərinin Türkiyənin siyasi dəstəyi ilə azad olunması türkdilli dövlətləri daha da cəsarətləndirdi. Çünki Qarabağdakı müharibə Türkiyənin gücünü ortaya qoydu. Türkiyənin gücünü həm də türkdilli ölkələr gördü. Bu da onlarda əminlik yaratdı ki, Rusiyaya qarşı bir alternativ var. Bu da onların qan qohumu olan Türkiyədir. Zamanında Türkiyədən məsafə saxlayan Özbəkistan kimi ölkələr çox sürətlə Ankara ilə yaxınlaşmağa başladı. Bu gün Qazaxıstanın əleyhinə çox sərt ritorikalar səslənir. Ona görə də Qazaxıstan Rusiyadan müdafiənin yeganə alternativini artıq Avroatlantik məkanda deyil, məhz Türkiyədə görür. Bu məsələdə Qarabağ müharibəsi ciddi rol oynayıb. Nəticədə, Türkiyə Azərbaycan üzərindən Mərkəzi Asiyadakı türk dövlətlərinə çıxış imkanı əldə edir ki, bu da Yaxın Şərqə alternativ yolun açılması deməkdir. Həmçinin, Türkiyə bu yol vasitəsilə Hindistana, Pakistana aparan nəqliyyat dəhlizinə sahib olur. Avropa ilə Çin arasındakı “Bir kəmər-Bir yol” nəqliyyat və ticarət dəhlizi məhz Türkiyə və Azərbaycan keçir. Bu yolun davamında Qazaxıstan, Türkmənistan kimi dövlətlər iştirak edir. Bunu nəzərə alan AKP iqtidarı potensial imkanları dəyərləndirərək milliyətçilərlə birlikdə türk dünyasına açılış siyasətini ortaya qoyub. Bunun da çox ciddi uğurlar gətirəcəyini düşünürəm. Həmin proseslər regionda digər güc mərkəzlərinə qarşı Azərbaycanın Türkiyə ilə birlikdə imkanlarını artıracaq. Çünki pandemiyadan sonra formalaşacaq yeni dünya düzənində əsas yerlərdən birini başda Türkliyə olmaqla türk dünyası tutacaq. Böyüyən Çinin qarşısında, Türkiyənin əleyhinə çıxan ABŞ və Avropa Birliyinin fonunda, bütün cəbhələrdə Türkiyəyə rəqib mövqe tutan Rusiyanın qarşısında , Yaxın Şərqdə Türkiyə ilə rəqabət aparan ərəb diktarorlarının, Türkiyəyə düşmən kimi davranan İran-fars siyasətinin qarşılığında türk birliyinə ehtiyac var”. Geri qayıt |