Əsas Səhifə > Dünya > “Türkiyəsiz nə ABŞ-ın, nə də NATO-nun Qara dənizə girişi mümkün deyil”
“Türkiyəsiz nə ABŞ-ın, nə də NATO-nun Qara dənizə girişi mümkün deyil”29-12-2020, 09:29 |
“Qarşıdan gələn il bir sıra suallara aparıcı ölkələrin paytaxtlarının cavab verməsi baxımından həlledici, aydınlaşdırıcı il olacaq. Artıq bütün paytaxtlar öz qərarlarını verməlidirlər”. Politoloq Sülhəddin Əkbər bu fikirləri “Yeni Müsavat”a bildirib. Bu, bir faktdır ki, Avropa Birliyi, NATO-nun aparıcı paytaxtları Türkiyənin güclənməsini, təsir imkanlarının genişlənməsini həzm edər bilmirlər. Bu mənada Türkiyənin Cənubi Qafqazda varlığı onları məmnun etmir. Elə Qarabağla bağlı Ankaranın sərgilədiyi prinsipial və ədalətli mövqeyə həmin paytaxtların sərt reaksiyasını hamı gördü. Belə bir durumda Türkiyənin bölgəmizə gəlməsinə, Bakı-Ankara hərbi əməkdaşlığına NATO-nun sonadək müqavimətini gözləyəkmi", - sualına cavabında S.Əkbər maraqlı fikirlər söyləyib: “Diqqət etdinizsə, indi Avropa Birliyi Türkiyə ilə münasbətdə sanksiyaların təsdiqi məsələsində Baydenin hakimiyyətə gəlməsini gözlədi və onunla məsləhətləşmələr aparacaq. Sanksiyaların tətbiqi məsələsini gələn ilin martına saxladı. Görünən odur ki, bütün diqqətlər indi ilin sonunda ABŞ-da keçiriləcək Milli Təhlükəsizlik Şurasına və orada qəbul olunacaq qərara yönəlib”. ABŞ-ın yeni prezidenti seçilmiş Co Baydenin artıq Rusiyanı düşmənlər siyahısına daxil etməsi də maraqlı situasiya yaradır. S.Əkbərin sözlərinə görə, ilk dəfədir ki, ABŞ açıq şəkildə Rusiyanı düşmən elan edib: “Hər ilin sonunda ABŞ-da növbəti ildə hansı xarici ölkədə əməliyyatlar aparılacaqsa, o barədə qərar verilir. Xarici əməliyyatlar haqqında qanun var... O qanun əsasında da bütöv strukturlara büdcə ayrılır və o strukturlara müvafiq göstərişlər verilir. Mənim fikrimcə, beynəlxalq gündəlikdə, o cümlədən ABŞ-ın strateji planlarında kəskin dəyişiklik olmayacaqsa, Rusiya məsələsi gündəmə gələcək”. Politoloq hesab edir ki, bu halda ABŞ Avropa Birliyi və NATO ilə birgə hərəkət etməli olacaq, bunun da ilkin siqnalları gəlir: “Bu halda həm ABŞ, həm də Avropa Birliyi Türkiyə ilə bağlı son qərarını verməli olacaq. Ya Türkiyənin artıq böyüyən, yüksələn regional bir oyunçu kimi maraqlarını nəzərə almalı, reallıqları qəbul etməlidirlər, yaxud da onun Rusiya ilə birlikdə bundan sonra bir yerdə olmasa da, paralel hərəkət etməyinə razı olmalıdırlar. Məncə, onların bu lüksü yoxdur. Çünki Türkiyəsiz nə ABŞ, nə Qərbin, nə NATO-nun Qara dənizə girişi mümkün deyil. Bu qapıların açarı, İstanbulun, Türkiyənin əlindədir. NATO bunu nəzərə alaraq hələ bir müddət bundan öncə, səhv etmirəmsə, 2018-ci ildə idi, Türkiyəyə belə bir təklif verdi: ya Qara dənizin qapılarını açın, ya da NATO-nun Qara dəniz donanmasına və NATO-nun çevik hərəkət qüvvələrinə komandanlığı öz üzərinizə götürün. Bu baxımdan Ankara da öz qərarını verməlidir. Ona görə də mən düşünürəm ki, qarşıdakı müddətdə, xüsusən də Bayden hakimiyyətə gəldikdən sonra ABŞ, Brüssel və Ankara arasında çox ciddi strateji dialoq başlayacaq”. “Yeni Müsavat” Geri qayıt |