Əsas Səhifə > Dünya > “ABŞ Türkiyədən hərbi uğurlarının intiqamını alır”
“ABŞ Türkiyədən hərbi uğurlarının intiqamını alır”24-12-2020, 08:23 |
Amerika Birləşmiş Ştatları, Rusiyadan “S-400” zenit raket kompleksləri almasını əsas gətirərək, Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb. Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəsmilərinin də sanksiya siyahısında yer alacağı qeyd olunub. ABŞ dövlət katibi Mayk Pompeo sanksiyanın “Amerikanın Sanksiyalarla Düşmənləri ilə Mübarizə Qanunu”nun 231-ci maddəsi çərçivəsində olduğunu bildirib: “Türkiyənin “S-400” sistemləri almasının ABŞ-ın hərbi texnologiyası və heyəti üçün təhlükə yaradacağını, həmçinin Rusiya Müdafiə Sənayesinin ciddi şəkildə inkişaf edəcəyini, bununla da Rusiyanın Türkiyə Silahlı Qüvvələri və müdafiə sənayesinə daxil olacağını düşünürük”. Pompeo vurğulayıb ki, Türkiyənin NATO vasitəsi ilə müdaifə sistemləri ehtiyacını ödəyə biləcəyi halda, müafiə sənayesini “S-400”-lərlə təmin etməsi haqqında verdiyi qərar, Türkiyənin qlobal “F-35” hücum təyyarələri əməkdaşlığının dayandırılması və layihənin yubanmasına səbəb olub. Türkiyə Xarici İşlər Nazirliyi isə ABŞ-ın sanksiya qərarını tənqid edib: “Türkiyənin müdafiə sənayesini “S-400” raket sistemləri ilə tədarük etməyə sövq edən şərtləri hamı yaxşı bilir. Hətta, Prezident Tramp belə, bir neçə dəfə Türkiyənin bu mövzuda haqlı olduğunu deyib”. Baş verənləri AYNA-ya şərh edən türkiyəli politoloq, Türkiyə Bəyaz Hərəkat Dərnəyinin sədr müavini Erdem Eren sanksiyaların Türkiyəyə mesaj olduğunu bildirib: “ABŞ bugünlərdə qalmaqallı bir qərara imza atıb. Amerika Türkiyənin Rusiyadan “S-400” almasını əsas göstərərək, Türkiyəyə sanksiya tətbiq etmək qərarına gəlib. Sanksiyalar müdafiə sənayesi sistemini fərdi şəkildə hədəfə alsa da, əslində Türkiyəyə müdafiə sənayesi vasitəsi ilə mesajlar verir. Əvvəlcə, Türkiyənin “S-400” havadan müdafiə sistemi alma prosesinə toxunmaq lazımdır. Türkiyə vaxtı ilə, xüsusən də Suriya və İraq mərkəzli təhdidlərdən qorunmaq üçün havadan müdafiə sistemi almaq istəmiş, bunun üçün də ABŞ-a müraciət edərək “Patriot” sistemlerini almaq istədiyini bildirmişdi. Həmçinin, bu istiqamətdə Çinlə də bəzi müzakirələr aparılmışdı. Amma ABŞ Türkiyənin ehtiyacını qarşılamayaraq, “Patriot” sistemlərini satmağı rədd etmiş, Türkiyə də bu ehtiyacını Rusiyadan “S-400” sistemleri alaraq qarşılamışdı. ABŞ-ın NATO üzvü kimi müttəfiq saydığı Türkiyəyə havadan müdafiə sistemləri satmamağı nə qədər riyakar bir addımdırsa, Türkiyənin müdafiə ehtiyacını qarşıladığı üçün sankisyaya məruz qalması da bir o qədər ikiüzlü davranışdır”. “ABŞ Prezidenti Donald Trampın “S-400” mövzusunda Türkiyəyə qarşı tətbiq edilən sanksiyaları sona qədər yubatmağa çalışması həqiqətdir. Lakin yeni Prezident Co Baydenin Türkiyə və Rusiya ilə bağlı ziddiyyətli fikirləri də hər kəsə məlumdur. Trampdan fərqli olaraq yeni rəhbərliyin Rusiyaya qarşı fərqli mövqe sərgiləyəcəyi və Rusiyanı mühasirə edəcək siyasi xətt aparacağı da təxmin edilir. Bu sanksiya, eyni zamanda Türkiyəyə də Rusiya ilə gələcəkdəki münasibətlərinə “qərar ver” xəbərdalığı anlamına gəlir. Son olaraq, Türkiyəyə qarşı ən böyük mesaj Türkiyə müdafiə sənayesi ilə bağlıdır. Türkiyə 2002-ci ildən bu günə qədər müdafiə sənayesində çox ciddi irəliləyişlər əldə edib. Buna nümunə olaraq müdafiə sənayesindəki daxili səviyyənin 20 faizdən 70 faizə yüksəlməsini, layihə sayının 62-dən 700-ə çatmasını, müdafiə sənayesindəki layihələrə ayrılan büdcənin 5.5 milyard dollardan 60 milyard dollara çatmasını, müdafiə sənayesi ilə bağlı şirkətlərin sayının 56-dan 1500-ə, sektor dövriyyəsinin 1 milyard dollardan 10.8 milyard dollara çatmasını, müdafiə və aviasiya ixracatının isə 248 milyon dollardan 3 milyard dollara çatmasını göstərə bilərik. Bu irəliləyişin təbii ki, böyük mahiyyəti var”, - deyə Eren vurğulayıb. O, Türkiyə müdafiə sənayesinin xarici asılılığının yüksək dərəcədə azaldığını əlavə edib: “Türkiyə bu istiqamətdə illərlə ABŞ və İsraildən böyük ölçüdə asılı olduğu halda, bu gün öz silahlarını istehsal edir. ABŞ və İsrail Türkiyə kimi bir bazarı itirmək nöqtəsinə gəlib deyə, Türkiyə artıq Rusiya kimi NATO üzvü olmayan ölkələrdən də silah tədarükü etməyə balşayıb. Bu isə Türkiyənin müdafiə sənayesində müstəql olması deməkdir”. “Digər tərəfdən, Türkiyə müdafiə sənayesində sadəcə istehsal və ixrac etmək prosesi həyata keçirilmir, Türkiyə həm də xarici siyasətdə, xüsusən də meydanda böhranları lehinə çevirməyə başlayıb. Xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) uğurlu olması bütün dünyada dillərə dastan olub və Türkiyənin yeni bir müharibə forması meydana gətirdiyi deyilir. Necə ki, bu formanın uğurlu variantını başda Suriya və Liviya olmaqla, son olaraq Qarabağda görmüşük”, - politoloq bildirib. “Ona görə də Türkiyənin hərbi baxımdan planlara uyğun hərəkət edən yox, plan quran və mövcud planları alt-üst edən dövlət halına gəlməsi, her şeydən əvvəl ABŞ və İsraili narahat edir. ABŞ-ın sanksiyaları Türkiyənin meydanda əldə etdiyi uğurların sadəcə kiçik bir intiqamıdır. Nəticə etibarı ilə, sanksiyaların zamanla hansı nöqətəyə çatacağını bir az da Türkiyənin xarci siyasətdəki müstəqil davranışları və Türkiyə-Amerika müansibətlərinin forması müəyyən edəcək. Türkiyə heç vaxt müdafiə sənayesində əldə etdiyi uğurlardan imtina etməyəcək. Lakin türk-rus münasibətlərinin gələcəkdəki forması ilə yeni sanksiyaların müəyyən ediləcəyini demək olar. Lakin buna rəğmən, Türkiyə heç vaxt sanksiya qorxusuyla hərəkət edən dövlət olmayıb və olmayacaq. Türkiyə üçün hər şeydən önəmli olan beynəlxalq maraqlardır və belə olmağa da davam edəcek”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb. Geri qayıt |