Əsas Səhifə > Dünya > ABŞ Rusiyanın 6 kəşfiyyatçısı barədə cinayət işi qaldırıb
ABŞ Rusiyanın 6 kəşfiyyatçısı barədə cinayət işi qaldırıb20-10-2020, 09:28 |
ABŞ Ədliyyə Nazirliyi oktyabrın 19-da kiberhücumlarla əlaqədar Rusiya hərbi kəşfiyyatının 6 zabitinə qarşı cinayət ittihamının irəli sürüldüyünü bəyan edib. ABŞ prokurorları bildirirlər ki, şübhəlilər Rusiya hərbi kəşfiyyatının 2016-cı ildə Kremlin ABŞ seçkisinə müdaxiləsində iştirakda ittiham olunan eyni şöbəsinin əməkdaşlarıdır. Həmin vaxt Rusiyaya bağlı hakerlər ABŞ Demokratik Partiyasının kompüter serverlərinə müdaxilə etmiş, elektron məktubları oğurlayaraq sızdırmışdılar. Bu da bildirilir ki, eyni şəxslər 2017-ci ildə Fransa prezident seçkisinə kiberhücumun arxasında olublar. Şübhəlilərin habelə keçmiş Rusiya casusu Sergey Skripalın zəhərlənməsi ilə bağlı olduqları bildirilir. Xəbərdə deyilir ki, Rusiya hakerləri habelə Ukrayna parlamentinə, bu ölkənin Maliyyə Nazirliyi və elektik təchizatı sisteminə hücum ediblər. Bu da qeyd olunur ki, ABŞ Rusiya Baş Kəşfiyyat İdarəsi – GRU zabitlərinə dair cinayət təhqiqatı zamanı bir sıra xarici ölkələrdən, habelə Google, Cisco, Facebook və Twitter də daxil nəhəng ABŞ şirkətlərindən məlumat dəstəyi alıb. Məhkəmə qarşısına çıxarılmasalar da... Birləşmiş Ştatların bu şəxsləri nəvaxtsa məhkəmə qarşısına gətirəcəyi ağlabatan görünməsə də, bu şəxslər ABŞ-la ekstradisiya razılaşması olan heç bir ölkəyə səfər edə bilməyəcəklər. Ədliyyə Nazirlyinin məlumatında deyilir ki, söhbət Yuri Andriyenkodan, Sergey Detistovdan, Pavel Frolovdan, Anatoli Kovalyovdan, Artyom Oçiçenkodan və Pyotr Plişkindən gedir. Onlar habelə 2017-ci ildə NotPetya ziyanlı proqramını yaymaqda ittiham olunurlar. Bu proqram həmin vaxt qərbi Pensilvaniyada təcili tibb xidmətlərini iflic etməklə 10 milyard dollarlıq ziyan vurmuşdu. Oktyabrın 19-da habelə Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, GRU hakerləri koronavirusa görə təxirə salınmış Tokio 2020 Olimpiadasının təşkilatçılarını hədəfləyiblər. Geri qayıt |