Əsas Səhifə > Dünya > “Ermənilərin bizə qarşı cinayətlərini unutmuruq, amma bu, o demək deyil ki...”
“Ermənilərin bizə qarşı cinayətlərini unutmuruq, amma bu, o demək deyil ki...”10-10-2020, 08:30 |
Oktyabrın 7-də döyüş bölgəsindən təxliyə olunaraq Bakıya göndərilən erməni qadın Aznif Baqdasaryan özünü mağaza satıcısı kimi təqdim etmişdi. O, Bakıdakı mətbuat konfransında bildirib ki, Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altındakı torpaqları azad etməkdir: “Prezident ilham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Ordusunun dinc əhali ilə heç bir işi yoxdur”. Erməni qadın, eyni zamanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davrandığını söyləyib: “Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”. Lakin bir qədər sonra erməni qadının hərbi formada, erməni əsgərləri ilə fotosu, Azərbaycana qarşı fikirlərini ifadə etdiyi sosial media hesabı üzə çıxdı. Qızğın döyüşlər getdiyi, cəbhədən qələbə xəbərləri ilə yanaşı, şəhid xəbərləri də aldığımız bu günlərdə erməni qadına göstərilən bu humanizm, eyni zamanda da mülki şəxs kimi təqdim edildiyi halda, hərbi formada fotolarının yayımlanması ilə sosial media istifadəçiləri azasında qızğın müzakirələr başladı, bir çox insan ona göstərilən hümanist münasibəti yersiz hesab edərək qınadı. Mövzu ilə bağlı AYNA-ya danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva hesab edir ki, bu gün əsas olan erməni qadının öz dili ilə bizim əsgərlərə və xalqımıza söylədiyi fikirlərdir: “Əvvəla, bunu demək lazımdır ki, erməni qadının bizim əsgərlər qarşısında işlətdiyi ifadə - “Evinizə xoş gəlmisiniz” elə özü həqiqəti tamlığı ilə ortaya qoyur. Erməni qadının dilindən çıxan bu ifadə Ermənistan rəhbərliyinə, işğalçı orduya, eyni zamanda da bütün dünyaya bir mesajdır ki, Azərbaycan əsgəri öz torpağındadır, öz torpağına xoş gəlib. Düşünürəm ki, onun mətbuat konfransında ifadə etdiyi fikirlər də bizim fikirlərin davamı kimi qiymətləndirilməlidir. Və həqiqətən də bütün dünyaya Azərbaycanın bu müharibədə mövqeyini, sülhpərvərliyini, tolerantlığını, humanistliyini elə Ermənistan vətəndaşının öz dilindən bəyan etmiş oldu”. Deputat erməni qadına göstərilən xoş münasibətin cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmaması məsələsinə də münasibət bildirib: “O qadına burada xoş münasibət bəslənilməsi, verilən məlumatlara görə, bir vaxtlar yaşadığı evin göstərilməsi və s. təbii ki, cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmaya bilər. Çünki insanımız bu gün 30 ilin yaşatdığı ağrı-acılar, itkilərlə silahlanıb və tez bir zamanda torpağını azad, bütöv görmək arzusundadır. Əsgər, şəhid analarımızın qəlbinin dərinliyində müharibənin səbəbkarı olan Ermənistan tərəfə, erməni işğalçılarına qarşı böyük nifrət var. Buna görə də biz həmin vətəndaşlarımızı da başa düşürük, əsir erməni qadına qarşı xoş rəftarın sosial şəbəkədə müzakirə olunması, bəzi hallarda tənqid edilməsi də normal haldır”. “Lakin düşünürəm ki, tənqid edənlər, bir qədər, hətta aqressiv yanaşanlar anlamalıdırlar ki, azərbaycanlının ermənidən fərqi elə bundadır. Biz, əlbəttə ki, erməninin bizə qarşı Xocalıda, Laçında, Xocavənddə, Kəlbəcərdə, Qubadlıda, Cəbrayılda etdiklərini unutmuruq, unutmayacağıq da, lakin bu, o demək deyil ki, biz özümüzü erməni vandalı, faşisti kimi aparmalıyıq. Lüğətdəki bütün aqressiv ifadələr Ermənistanın, onun rəhbərliyinin, ordusunun, xalqının üzərindədir. Belə olduğu halda, biz, axı erməni ilə eyniləşdirilə bilmərik. Ali Baş Komandanımız İlham Əliyevin də dediyi kimi, bu gün Azərbaycan Ordusu öz torpağında, öz torpağının bütövlüyü, öz xalqının təhlükəsizliyi uğrunda mübarizə aparır. Erməni əsgər isə özgəsinin torpağındadır. Elə bu fərqə istinad edərək, biz erməni əsirinə qarşı xoş münasibətə olan tənqidi fikirlərimizdən də geri çəkilməliyik. Buna görə ki, bizim erməni ilə fərqimiz bundadır”, - Əliyeva vurğulayıb. “Biz 30 il dözdük, səbrlə sülh danışıqlarını gözlədik. Qan axıdılmasını istəmədik. Hətta, bu məqamı da vurğulayım ki, döyüşlərin ən gərgin günlərində, artıq düşmən tərəfi çox itki verməyə başlayarkən, Azərbaycan Ermənistan ordusunun rəhbərliyinə ultimatum da göndərdi ki, əsgərlərinizi geri çəkin, biz əks-hücum edəcəyik, hücum taktikamızı davam etdirdiyimiz zaman çox sayda itki verəcəksiniz. Müharibənin odu-alovu içərisində belə, Azərbaycan öz humanizmini yenə də qorudu. Bu humanizm xalqımıza xas olan bir xislətdir. Düşünürəm ki, ən böyük fərqimiz də elə budur. Erməni aqressordur, Azərbaycan xalqı heç bir zaman müharibə istəməyib. Bizə dil uzadanlara beynəlxalq müstəvidə cavab verməyimiz üçün səbrli davranmağımız, düşünərək addım atmağımız xalq olaraq çox vacibdir. Bugünlərdə hansısa provakasiyalara uymaq olmaz”, - deyə, müsahibimiz əlavə edib. J.Əliyeva əsir qadının sonradan sosial şəbəkədə hərbi geyimdə yayılan foroları və bu müstəvidə həmin qadının agent olub-olmaması ilə bağlı gedən müzakirələrə belə münasibət bildirib: “Agent olub-olmaması təxmini fikirlərdir. Əgər həmin qadının agent olması ilə bağlı hansısa fakt olarsa, o zaman biz, əlbəttə ki, o məsələ ətrafında da söhbət edə, müzakirələr apara bilərik. Təbii ki, bu da ola bilər, amma belə olmuş olsa belə, bizim üçün önəmli olan odur ki, faktiki olaraq bu insan öz dili ilə Azərbaycan əsgərinə “Öz torpağına xoş gəlmisən” deyir. Konfransda da Azərbaycana ona göstərilən hümanistliyə görə təşəkkürünü bildirir. Bizim üçün bu gün erməninin dilindən çıxan bu fikirlər əsas olmalıdır. Fikrimizi də bu istiqamətə yönləndirməliyik”. Geri qayıt |