Əsas Səhifə > Dünya > Dnestryanı münaqişənin həlli planı hazırdır

Dnestryanı münaqişənin həlli planı hazırdır


2-12-2017, 10:17
Dnestryanı münaqişənin həlli planı hazırdır
Avropanın həlli uzanan əsas münaqişələrindən biri - Dnestryanı problemin həlli ilə bağlı Vyanada keçirilən danışıqların təfərrüatı bəlli olub. Yayılan xəbərlərə görə, bölgənin Moldovaya inteqrasiyası planı hazırlanıb. Rusiyanın "Kommersant” qəzeti Moldova hökumətinin hazırladığı planın təfərrüatlarını əldə etməyə müvəffəq olub. Planda Dnestryanı bölgəyə Moldovanın tərkibində xüsusi status verilməsi nəzərdə tutulub. 12 bölmədən və 8 səhifədən ibarət sənəddə danışıqlar prosesinin aktivləşdirilməsi, Rusiya qoşunlarının çıxarılması və sülhyaratma əməliyyatlarının transformasiyası nəzərdə tutulur. Bundan əlavə, Birləşmiş Ştatlar və Avropa İttifaqının danışıqlar prosesində müşahidəçi statusunun qaldırılması da planda nəzərdə tutulur. Hazırda ATƏT, Rusiya və Ukrayna bu prosesdə iştirak edirlər. Maraqlıdır ki, Moldova prezidenti İqor Dodon hələ üzə çıxmayan sənədlə bağlı narazılığını ifadə edib. Beləliklə, Moldova hökuməti tərəfindən hazırlanan birləşmə sənədi - "Dnestryanı münaqişənin həllinə giriş və Moldova Respublikasına reinteqrasiya” adlandırılıb.

Onu da qeyd edək ki, sənəd Moldova baş nazirinin reinteqrasiya üzrə müavini George Belan və Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri İon Stevile tərəfindən hazırlanıb. "Çərçivə sənədi” münaqişə ilə bağlı baza parametrlərini, məqsəd və faktorları, mexanizmləri özündə əks etdirir. Dnestryanı münaqişə bu sənəddə postsovet məkanda və bütövlükdə Avropada mövcud olan münaqişələr sırasında "bir qədər az mürəkkəb” və "həlli tez bir zamanda mümkün” münaqişə adlandırılıb. Xüsusi qeyd edilir ki, bu münaqişədə dini və hər hansı bir etniklərərarası ziddiyyətlər mövcud deyil. Əhalinin demoqrafik və icma strukturu praktiki olaraq identikdir – moldovan, ukraynalı və ruslardan təşkil olunub. Lakin xüsusi qeyd edilir ki, problem Dnestryanı bölgə ilə Moldovanın xarici siyasətində yarana bilər - Moldova Avropa İttifaqına üzvlüyün tərəfdarıdır, tanınmamış Tiraspol rəhbərliyi isə Rusiyaya inteqrasiyanı istəyir.

Sənəddə Rusiya məsələsi ayrıca qeyd olunub. Ən əsası, Rusiya qoşunlarının ərazidən çıxarılması məsələsi qoyulub. Rusiya qoşunlarının tez bir zamanda bölgədən çıxarılması qarşılıqlı etimadı və münaqişənin həlli ilə bağlı əlverişli siyasi atmosferi formalaşdıra bilər. Müəlliflər hesab edirlər ki, Rusiya qoşunlarının çıxarılması regionda tək sülh və təhlükəsizliyin təminatına və möhkəmləndirilməsinə deyil, həm də Moldovanın neytral dövlət kimi statusunun qorunub saxlanılmasına səbəb olacaq. Sonrakı bənddə isə sülhyaratma missiyasını yerinə yetirən hərbi birləşmələrin öz funksiyasını başa vurduqları və bu səbəbdən geri dönmələri vurğulanıb. Sülhyaratma missiyasını Kişinyov çoxmillətli mülki missiya ilə əvəzlənməsini təklif edib. Onların tərkibinin isə Rusiya, Avropa İttifaqı, Ukrayna və digər maraqlı dövlətlərdən ibarət olması təklif edilir. Status-kvonun dəyişdirilməsi isə münaqişənin nizamlanması bəndində öz əksini tapıb. Hazırda belə bir format rolunu 5+2 (münaqişə tərəfləri - Moldova, Dnestryanı bölgə, vasitəçi tərəflər - ATƏT, Rusiya, Ukrayna, eləcə də müşahidəçilər - ABŞ və Avropa İttifaqı) formatı yerinə yetirir. Sənəd müəllifləri hesab edirlər ki, Aİ və ABŞ-ın statusunun müşahidəçilikdən tam mənada vasitəçiliyə kimi artırılması danışıqların formatına müsbət təsir edəcək.

Qeyd edək ki, sonuncu dəfə Dnesryanı münaqişənin nizamlanması ilə bağlı plan 2003-cü ildə hazırlanmışdı. O zaman Moldova prezidenti Vladimir Voronin onu imzalamaqdan imtina etmişdi. Rusiya baş nazirinin müavini Dmitri Kozakın iştirakı ilə hazırlanan sənəd "Kozakın bəyannaməsi” adını almışdı. Bu sənəd Moldovanın Dnestryanı və Qaqauziya subyektləri timsalında federallaşmasını nəzərdə tuturdu.

Xatırladaq ki, Vyanada həftənin əvvəlində son iki ildə ilk dəfə olaraq Dnestryanı münaqişənin həlli ilə bağlı tam tərkibli görüş keçirilib. Bu dəfə danışıqlar ATƏT-ə sədrlik edən Avstriyanın paytaxtı Vyanada keçirilib. Rusiya nəşrləri yazmışdı ki, razılığın əldə olunmasında diplomatlar səy göstərsələr də, danışıqlar prosesində adlarının hallanmasını istəməyən və kənarda qalmağa üstünlük verən məxfi oyunçuların böyük rolu olub. Söhbət qərbyönümlü siyasətçi kimi tanınan Moldovanın hakim Demokrat Partiyasının lideri Vladimir Plaxotnyuk ilə Dnestryanılı biznesmen, "Şerif” holdinqinin rəhbəri Viktor Quşandan gedir.
\\kaspi.az\\
Geri qayıt