Əsas Səhifə > Dünya > Rusiyanın Türkiyə planı: NATO-ya zərbə və İrəvana şans...

Rusiyanın Türkiyə planı: NATO-ya zərbə və İrəvana şans...


24-08-2017, 08:50
Rusiyanın Türkiyə planı: NATO-ya zərbə və İrəvana şans...
Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzv olması Rusiyaya hava-su kimi lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Rusiya Türkiyə kimi bir dövləti Avrasiya İqtisadi Birliyinə üzv etsə, dünya ictimai rəyində NATO-nu öz tərəfinə çəkmək kimi bir fikir formalaşdıracaq:

“Rusiya bununla bir gülləylə iki dovşan vurmaq istəyir. Avrasiya İqtisadi Birliyi ideyasını yenidən gündəmə gətirir və ictimai rəydə bu birliyin perspektivləri barədə pozitiv rəy yaradır. Bununla birlikdə Türkiyənin NATO-dan çıxarılması məsələsinin gündəmə gələcəyini bilərək, əvvəl Avropa Birliyini parçalamağa çalışırdısa, indi NATO-ya qarşı bu fikrə düşüb. Əgər Türkiyə NATO-dan çıxarsa və ya çıxarılarsa, bu, Rusiyanın böyük zərbəsi olacaq. Bu addımla Rusiya öz yolunu təmizləyəcək. Son zamanlar NATO Rusiya sərhədinə doğru irəliləməkdədir. Xüsusilə Gürcüstanda təlimlərin keçirilməsi, daimi NATO nümayəndəliyinin açılması, Ukraynanın NATO-ya can atması onu göstərir ki, NATO Rusiya sərhədləri boyunca bərqərar olmaqdadır”.

Politoloq bildirib ki, Türkiyə bu məsələlərdə müəyyən hədəflər nəzərdə tutur:

“Türkiyə Gömrük Birliyinə daxil olmaqla nəhəng Rusiya bazarına rüsumsuz məhsul idxalını çoxaltmaq, xarici ticarət dövriyyəsini daha da artırmaq kimi hədəfləri nəzərdə tutub. Amma Türkiyənin Avrasiya İqtisadi Birliyi ideyası kifayət qədər riskli addımdır. Bu, Türkiyənin Qərb dövlətləri ilə münasibətlərini soyuda bilər. Əgər Türkiyənin Qərb dövlətləri ilə münasibətləri soyusa, kürd dövlətinin yaradılması reallaşa bilər. Ermənistan bildirir ki, Türkiyə həm Gömrük Birliyinə, həm də Avrasiya İqtisadi Birliyinə qəbul olunmaq üçün Ermənistanın razılığına ehtiyac duyacaq. Ermənistan düşünür ki, konsensusdan istifadə edərək, Türkiyənin qarşısına ağır şərtlər qoya bilər. Söhbət sərhədlərin açılması, Ermənistanla diplomatik münasibətlərin yaradılmasından gedir və bədnam milliyyətçi dairələr eyni zamanda Türkiyədən “soyqırımı” tanınmasının tələb edilməsini istəyir. Türkiyənin Avrasiya İqtisadi Birliyinə qoşulmasından sonra çox ziddiyyətli bir vəziyyətin yaranması müzakirə mövzusudur”.

Qeyd edək ki, Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi ölkəsinin Avrasiya İttifaqı ilə gömrük razılaşması imzalamaq niyyətində olduğunu açıqlayıb. Erməni mətbuatı isə Türkiyənin Avrasiya İttifaqı ilə gömrük razılaşması imzalayacağı təqdirdə İrəvana Ankaranı sərhədləri qeyd-şərtsiz açmağa vadar etmək üçün bir şans yaranacağını iddia edir.

Geri qayıt