Əsas Səhifə > Dünya > Türkiyənin Rusiyadan 3 milyardlıq silah almasının pərdəarxası

Türkiyənin Rusiyadan 3 milyardlıq silah almasının pərdəarxası


19-07-2017, 08:10
Türkiyənin Rusiyadan 3 milyardlıq silah almasının pərdəarxası
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul tədbirindəki çıxışı zamanı növbəti dəfə Türkiyənin düşmənlərinə sərt mesajlar verdi. Bildirdi ki, ötən il dövlət çevrilişinə cəhd bizə dostumuzu, düşmənimizi də göstərdi. Cənab Ərdoğan ad çəkməsə də, mesajının daha çox Qərbə ünvanlandığı sirr deyil.

Türkiyənin Rusiya ilə əlaqələrin bərpasından sonrakı addımları Qərbdə narahatlıqla izlənilir. Xüsusilə də bir NATO ölkəsinin Qərbin sanksiyaları ilə üz-üzə qalmış Rusiyadan silah almağa qərar verməsi sıradan hadisə deyil. Artıq məsələ beynəlxalq medianın baş mövzularından birinə çevrilib. “The Financial Times” yazır ki, Türkiyə Rusiyadan S400 raket sistemlərini almaq məqsədinə bir az da yaxınlaşıb. (BBC) Bu sövdələşmə ilə yaxından tanış olan iki rəsmi şəxs qəzetə deyiblər ki, Türkiyə və Rusiya artıq qiymət məsələsində də razılığa gəliblər. Bu razılaşmaya əsasən, Türkiyə Rusiyadan 4 dəst raket sistemini və müəyyən sayda raketləri 3 milyard dollara alacaq.

Bundan əvvəl “Bloomberg” qiyməti 2, 5 milyard dollar olaraq təqdim etmişdi. “Bloomberg” habelə yazırdı ki, “texnoloji transfer” razılaşması çərçivəsində bu sistemlərdən iki dəsti Türkiyədə istehsal olunub yığılacaq. Adının çəkilməsini istəməyən Türkiyə rəsmisi deyib ki, bu sövdələşmə ilkin saziş xarakteri daşıyır. “Financial Times” yazır ki, saziş reallaşsa, bu, son 65 ildə Türkiyə ilə NATO arasında ilk əhəmiyyətli ixtilaf olacaq. Məqalədə deyilir ki, ABŞ hələ də Türkiyənin İncirlik bazasından İŞİD-ə qarşı hava zərbələrinin endirilməsi üçün istifadə edir, lakin Ankara ilə NATO müttəfiqləri arasında ABŞ-ın kürdlərə dəstəyinə görə soyuqluq yaranıb.

Bu arada Türkiyə ilə diplomatik qarşıdurma səbəbi ilə Almaniyanın hərbi kontingenti İncirlik bazasını tərk etməyə hazırlaşır. Türkiyə Almaniya millət vəkillərinə İncirlikdəki alman hərbçilərə baş çəkmək icazəsi verməmişdi.

Türkiyə ordusunun keçmiş mayoru, hazırda isə Tepav analitik mərkəzində ekspert olan Ali Özcan qəzetə deyib ki, silah alınması, sadəcə, silah alış-verişi deyil. “Bu həm də siyasi və iqtisadi məsələdir” - deyib ekspert. Bununla yanaşı, Özcan vurğulayıb ki, S400 sistemini Türkiyənin müdafiə sisteminə inteqrasiya etmək asan olmayacaq. Bu sistem Türkiyənin mövcud radar və peykizləmə sistemlərinə köklənməlidir. Bu, ölkə ərazisinə daxil olan düşmən təyyarələri vurmaq üçün lazımdır və ekspertin dediyinə görə, hələlik belə bir əməliyyat mümkün olmayacaq.

Bəzi təhlilçilərin fikrincə, Ərdoğan Rusiya və ABŞ arasında davam edən qarşıdurmadan bu kimi addımlarla siyasi mənfəət qazanmağa çalışır. Məqalədə deyilir ki, Türkiyənin NATO-ya bağlı hazırkı havadan müdafiə sistemləri Egey sahili boyunca və ya Ermənistana tərəf tuşlana bilmir.

Bu da xəbər verilir ki, hərbi hava qüvvələri qərargahının rəisi general David L. Goldfein də daxil olmaqla, ABŞ rəsmiləri bu həftə Ankaranın Rusiyadan S400 sistemləri almasına qarşı lobbiçilik ediblər. Onlar həm də əmin olmaq istəyirdilər ki, Türkiyənin ABŞ-dan 100 ədəd F35A təyyarələrini alması barədə razılaşma qüvvədə qalır.

General Goldfein çərşənbə günü deyib ki, “biz dostumuz və müttəfiqimiz Türkiyə Respublikasına sadiq qalırıq”.

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a dedi ki, Türkiyə olduqca çətin vəziyyətdədir: “Qərb də, Rusiya da, İsrail də Türkiyə sərhədlərində ”kürd dövləti" qurmaq istəyir. Özlərinə müttəfiq “kürd dövləti”ni yaratmaqla regiona yeni “ölkədən” nəzarəti gücləndirmək planı var. Təbii ki, Türkiyə bunu istəmir və bu planı özünə təhlükə hesab edir. Ona görə də ABŞ və Qərb kürdləri silahlandırır, onlara hər cür - diplomatik, informativ və s. yardımlar göstərir". Politoloq hesab edir ki, bunun əvəzində Türkiyə Qərbə şiddətli etirazlar edir və çalışır bu planı pozsun, regionda müstəqil, Qərblə razılaşdırılmamış siyasət aparsın: “Bunun əvəzində ABŞ Türkiyə ilə hərbi əməkdaşlığı dayandırır ki, Türkiyə öz siyasətində dəyişiklik etsin. Qısası, Qərbin planları ilə razılaşsın. Türkiyə isə bunu qəbul eləmir, amerikan silahı əvəzinə gedib Rusiya silahı alır və göstərmək istəyir ki, ”məni belə sıxsanız, rusların yanında olacağam"". H.Hacızadə hesab edir ki, Türkiyə Qərbin planlarını qəbul etməsə, İncirlik ətrafında da çətin vəziyyət yaranacaq.
\\musavat.com\\
Geri qayıt