Əsas Səhifə > Dünya, Güney Press > ABŞ rusiyalı hakerləri həbs etmək istəyir

ABŞ rusiyalı hakerləri həbs etmək istəyir


15-03-2017, 09:15
ABŞ rusiyalı hakerləri həbs etmək istəyir
Birləşmiş Ştatlar kütləvi kiberhücumlarda günahlandırılan 4 hakerin həbsinə order verməyə hazırlaşır. Mətbuatın yazdığına görə, hakerlərdən 3-ü Rusiya, 1-i Kanada vətəndaşıdır. Onlar indiyə kimi qeydə alınmış ən genişmiqyaslı hücumlarda təqsirləndirilirlər.

Yahoo-nun keçən ilin sonlarında verdiyi məlumata görə, 2013-cü ildə baş vermiş hücum zamanı 1 milyarddan çox istifadəçinin şəxsi bilgiləri oğurlanıb. 2014-cü ildə isə 500 milyondan çox istifadəçinin hücuma məruz qaldığı bəlli olub. Şirkət rəsmiləri hücumları dövlət tərəfindən idarə olunan hakerlərin həyata keçirdiyini güman edir, çünki hücumçular müəyyən istifadəçi hesablarını bilərəkdən hədəfə alıblar.

Hakerlərin kimliyi müəyyən edilib və onların həbsi barədə göstəriş bu gün—martın 15-də verilməlidir. Xəbəri «Reuters» və «Bloomberg» agentlikləri adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən yayıblar.

Kanadanın ittiham olunan vətəndaşının həbsi ehtimalı var. Amma Rusiyayla ABŞ arasında ekstradisiya haqda anlaşma olmadığından, rusiyalı hakerlərin məhkəməyə çəkilib-çəkilməyəcəyi bəlli deyil.

Geri qayıt