Əsas Səhifə > Dünya > ABŞ və Səudiyyə Ərəbistanı 'azad zona' məsələsində razılaşıblar

ABŞ və Səudiyyə Ərəbistanı 'azad zona' məsələsində razılaşıblar


30-01-2017, 09:27
ABŞ və Səudiyyə Ərəbistanı 'azad zona' məsələsində razılaşıblar
Dünən—yanvarın 29-da ABŞ prezidenti Donald Trump Səudiyyə Ərəbistanının kralı Salman bin Abdulaziz Al Saud-la telefonla danışıb. Ağ evdən verilən məlumata görə, söhbət 1 saat çəkib, liderlər Suriya və Yəməndə «azad zona»ların yaradılması məsələsində razılığa gəliblər.

Seçki kampaniyası zamanı D.Trump Körfəz ölkələrini suriyalı qaçqınlardan ötrü «azad zona» yaratmağa, bunun üçün vəsait ayırmağa çalışırdı. «Prezident xahiş edib və kral qaçqınlara yardımla bağlı digər fikirlərlə yanaşı, «azad zona» yaradılması ideyasını da dəstəklədiyini bildirib». Ağ evin bəyanatında belə deyilir.

BMT-nin məlumatına görə 2011-ci ildən bu yana münaqişələr Suriyada 300 min, Yəməndə isə 10 min adamın ölümünə səbəb olub.

Səudiyyə Ərəbistanının rəsmi agentlikləri prezidentlərin söhbətiylə bağlı məlumatda «azad zona» haqda bir söz deməyiblər, sadəcə, «dərin və davamlı strateji əməkdaşlıq»la bağlı razılaşma olduğunu vurğulayıblar.

Bu gün isə İordaniya kralı Abdullah Vaşinqtona səfər edəcək. Onun ABŞ prezidentiylə görüşüb-görüşməyəcəyi hələ bəlli deyil. Rəsmi məlumatda kralın Birləşmiş Ştatların rəsmiləri--vitse–prezident Mike Pence, Konqres liderləri, senatorlar və müdafiə naziri James Mattis-lə görüşəcəyi, «İslam Dövlət» (İŞİD) ilə mübarizə və Rusiyanın Yaxın Şərqdə rolunu müzakirə edəcəyi deyilir.

Geri qayıt