Əsas Səhifə > Dünya > Türkiyə qoşunları Kiprdən dərhal çıxmayacaq

Türkiyə qoşunları Kiprdən dərhal çıxmayacaq


14-01-2017, 09:32
Türkiyə qoşunları Kiprdən dərhal çıxmayacaq
Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, türk və yunan icmaları arasında Kipr adasının birləşdirilməsinə dair razılaşma əldə olunacağı təqdirdə belə Ankara buradakı təhlükəsizliyi qorumaqda davam edəcək.

Erdoğan deyib ki, iki icma arasında potensial razılaşma pozularsa adanın təhlüikəsizliyi Türkiyənin iştirakı olmadan təmin edilə bilməz.

Lakin prezident minlərlə Türkiyə əsgərinin adadan çıxarılmasını istisna etməyib. O deyib ki, Türkiyə belə bir addımı yalnız Yunanıstanın da adadakı əsgərlərinin çıxarılması şərti ilə ata bilər.

Erdoğanın sözçüsü deyib ki, Kiprin birləşməsindən sonra Türkiyənin kiçik bir hərbi kontingenti adada qalmaqda davam edə bilər.

Cenevrədə Kiprin yunan və türk icmalarının başçıları arasında 20 aydan da artıqdır davam edən danışqılar siyasi prosesi adanın birləşdirilməsi məqsədinə xeyli yaxınlaşdırıb.

Danışıqların ən mühüm mərhələsində Kiprin üç qarantı – Yunanıstan, Türkiyə və Britaniya prosesə qoşulmalıdırlar.

Kipr yunanlarının və türklərinin başçıları Nicos Anastasiades və Mustafa Akıncı hazırda iki inzibati vahiddən ibarət federasiyanın yaradılması planı üzərində işləyirlər.

İki icmanın ekspertləri artıq mümkün ərazi dəyiş-düyüşü üçün xəritələri müzakirə edirlər.

Danışıqlara qatılmaq üçün Yunanıstan, Britaniya və Türkiyənin xarici işlər nazirlərinin Cenevrəyə gəlişi gözlənilir.

Akıncı müxbirlərə deyib ki, adanın birləşməsindən sonra bir neçə il müddətində Türkiyə qoşunlarının Kiprdə qalması mümkündür.

Türkiyənin Kipr adasında hazırda 35 minlik əsgəri qüvvəsi var. Türkiyə Kiprə 1974-cü ildə adanın yunan rəhbərliyi Yunanıstana birləşmək məsələsini qaldıranda hərbi müdaxilə etmişdi.

Geri qayıt