Əsas Səhifə > Dünya > ABŞ-da ikitirəlik görünməmiş həddə çatıb

ABŞ-da ikitirəlik görünməmiş həddə çatıb


22-11-2016, 08:58
ABŞ-da ikitirəlik görünməmiş həddə çatıb
ABŞ-da ikitirəlik heç vaxt olmadığı həddə çatıb. Əhalinin 77%-i ölkənin haçalandığını düşünür. Nüfuzlu «Gallup» sorğu təşkilatının araşdırması göstərib ki, amerikalıların cəmi 21%-i xalqın birliyinə inanır.

Qurum ümumiyyətlə, son 20 ildə ABŞ-da ölkənin haçalandığını düşünənlərin çoxaldığını bildirir. Amma indiki rəqəm haçalanmanın son həddidir.

«Gallup» son sorğusunu prezident seçkilərindən dərhal sonra, Donald Trump-ın seçilməsinə etiraz dalğası dövründə –noyabrın 9-13-də aparıb.

ƏN ÇOX DEMOKRATLAR BELƏ DÜŞÜNÜR

Ölkənin haçalandığını deyənlər daha çox demokratlardır (83%), respublikaçıların isə 68%-i fikir ayrılığının son həddə çatdığını düşünür. Heç bir partiyanı təmsil etməyən amerikalıların 78%-i ölkənin bölündüyünə əmindir. Üstəlik, yeni seçilmiş prezidentin xalqı birləşdirəcəyinə inananlar azdır. Respondentlərin cəmi 45%-i D.Trump-ın ölkəni birləşdirəcəyini deyib. 49%-nin fikrincə, D.Trump əksinə, ABŞ-da fikir ayrılığını gücləndirəcək.

D.Trump-ın ölkədə birlik yaradacağına yalnız partiyadaşları çox inanır. Sorğuda iştirak edən respublikaçıların 88%-i onun Birləşmiş Ştatlarda həmrəyliyi bərpa edəcəyini deyib. Demokratlarınsa 81%-i D.Trump-ın ölkədə nifaqı dərinləşdirəcəyini düşünür. Hansısa partiyadan olmayan amerikalıların 51%-i yeni prezidentin ölkədə daha çox ikitirəliyə səbəb olacağını söyləyib.

«Gallup» sorğu təşkilatı keçmiş prezidentlər George W.Bush və Barack Obama-nın da seçkisindən sonra əhaliyə eyni sualla müraciət edibmiş. Onda da yeni prezidentin haçalanmanın öhdəsindən gələ bilməyəcəyini düşünənlər çox olub. Amma rəqəmlər ABŞ əhalisinin D.Trump-la bağlı daha bədbin olduğunu göstərir. Bu o deməkdir ki, D.Trump fikir ayrılığının son həddə çatdığı ölkəyə, həm də onun bu problemin öhdəsindən gələcəyinə inanmayan xalqa liderlik etməli olacaq.

SİYASİ QÜTBLÜ DƏSTƏK

Sorğu müəlliflərinin fikrincə, ölkədə həmrəyliyin bərpasına inananların azlığına səbəb D.Trump-ın kobud, hətta bəzən nifaq yaradan çıxışlarıdır. Qələbə çıxışında D.Trump amerikalıları birliyə çağırmış, bütün amerikalıların prezidenti olacağına söz vermişdi.

D.Trump-dan fərqli olaraq, G.W.Bush və B.Obama seçki kampaniyaları zamanı daha çox ölkəni birləşdirən məqsədlərdən danışmışdılar. Ona görə də onların ölkədəki nifaqı aradan qaldıracağına inananlar daha çox olmuşdu. Amma sonucda hər ikisinin işinə dəstək reytinqi «Gallup» tarixində ən çox siyasi qütblü oldu.

Maraqlıdır ki, sorğuda iştirak edən demokratların 1/10-i D.Trump haqda müsbət fikir söyləyib. Halbuki, eyni sorğuda G.W.Bush haqqında demokratların 3/10-ü yaxşı danışıbmış. B.Obama barədə isə qarşı tərəfin—respublikaçıların 1/3-i müsbət fikirdə imiş.

«Gallup» sorğu təşkilatı ABŞ-ın bütün ştatlarında mindən çox respondentlə söhbət edib. Sorğu zamanı yaşı 18-dən yuxarı amerikalıların rəyi öyrənilib.

Geri qayıt