Əsas Səhifə > Dünya, Güney Press > Serbiya Patruşevin gizli səfərini təsdiqlədi
Serbiya Patruşevin gizli səfərini təsdiqlədi29-10-2016, 08:18 |
Nikolay Patruşevin Serbiyaya səfəri Monteneqro hadisələri ilə bağlı deyil. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Daxili İşlər naziri Neboyşa Stefanoviç söyləyib. Onun sözlərinə görə, Patruşevin Belqrad səfəri bir neçə ay öncə planlaşdırılıb. O, Patruşevin Serbiyada terrorizmə və narkotik qaçaqmalçılığına qarşı mübarizə ilə bağlı danışıqlar apardığını bildirib. Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev Serbiyaya gizli səfər edib. O, səfər çərçivəsində Serbiyanın bütün dövlət liderləri ilə görüşüb. Rusiya mətbuatı Patruşevin Serbiyaya Monteneqroda hakimiyyət çevrilişinə cəhd məsələsi ilə bağlı səfər etdiyini bildirib. Belə ki, bu ölkədə törədiləcək teraktlarda Rusiya vətəndaşları da iştirak edib. Rəsmi Belqrad bu şəxsləri həbs edərək ölkədən deportasiya edib və Monteneqrodakı heç bir hadisədə iştirak etməyəcəyini bildirib. Patruşevin məhz buna görə Serbiya hakimiyyəti ilə münasibətləri yoluna qoymağa gəldiyi iddia edilir. Bundan öncə Monteneqroda 20 nəfər ölkədə teraktlar törətməkdə ittiham edilərək həbs edilib. Onların hamısı milliyyətcə serb olublar. Terakt törətmək istəyən şəxslər ölkədə xaos yaradaraq, hakimiyyəti dəyişməyə cəhd ediblər. Bu şəxslərə Serbiya Jandarmeriyasının keçmiş rəisi Bratislav Dikiç rəhbərlik edib. Bazar ertəsi isə Serbiya Baş naziri Aleksandr Vuçiç Monteneqroda oktyabrın 16-da baş tutan parlament seçkisindən sonra dövlət idarəsinin zəbt edilməsi ilə bağlı planın detallarını mətbuata açıqlayıb. Vuçiç çıxışında Monteneqro prokuroru Milivoye Katniçanın müxalifətin mitinqində atəş açaraq xaos yaratmaq, parlamentə hücum etmək istəyən Serbiya vətəndaşlarının həbsi barədə məlumatını təsdiq edib. Baş nazir bu planın reallaşdırılması üçün cəlb edilən qrupların arxasında ciddi gücün dayandığını bildirib. Geri qayıt |