Əsas Səhifə > Dünya > Rusiya nüvə müharibəsinə hazırlaşır?

Rusiya nüvə müharibəsinə hazırlaşır?


26-10-2016, 08:22
Rusiya nüvə müharibəsinə hazırlaşır?
Qərb mətbuatı Rusiyanın «Satan 2» adlı raketinin fotolarını yayımlamasından yazır.

ABŞ-ın CNBC kanalı xəbər verir ki, Rusiya ilk dəfə olaraq yeni və ən böyük nüvə silahının—«RS-28 Sarmat» adlı qitələrarası ballistik raketinin fotolarının mətbuatda yayılmasına icazə verib. Kanal hələ mayda Kremlə yaxın «Sputnik» agentliyinin bu silahın gücü barədə yazdıqlarını xatırladır. Agentlik raketin bütün Fransanı, yaxud Texası yer üzündən silmək iqtidarında olduğunu yazırdı.

Bu raket sələfi «Satan»dan güclü olduğundan onu «Satan 2» adlandırıblar. Silaha bu adı NATO verib. «Satana» azərbaycanca «iblis» deməkdir.

CİLDİNİ DƏYİŞMİŞ İBLİS

ABŞ-ın «The New York Post» qəzeti «RS-28 Sarmat»ı cildini dəyişmiş iblis adlandırır, cəhənnəmi Yerdə yaratmağa qadir silah olduğunu bildirir. Moskvadakı silah mütəxəssisləri həmçinin, «Satan 2»nin müdafiə radarlarından yayınaraq, 10 min kilometrə qədər məsafəni asanlıqla qət edə biləcəyini deyirlər. Bu o deməkdir ki, Rusiya bu nüvə silahıyla Nyu-Yorku da vura bilər.

Rus mühəndisləri «Satan 2»nin 2018-ci ilə hazır olacağını, 2020-ci ilə işlək vəziyyətə gətiriləcəyini söyləyiblər.

«The Wall Street Journal» qəzeti Rusiyada nüvə hücumundan qorunmaqdan ötrü keçirilən kütləvi təlimlərin videosunu paylaşıb. Bu videoları Rusiyanın dövlət kanalları yayıb və kadrlarda vətəndaşların hərbi heyətlə birgə təhlükəli materiallardan qoruyan xüsusi geyimlərdə hərəkət etdiyi, məktəb və universitetlərdə şagird və tələbələrə nüvə hücumu zamanı necə davranmalı olduqları haqda məlumat verildiyi görünür. Qəzet təlimlərə 40 milyon vətəndaşın qatıldığını, bunun Sovet İttifaqının süqutundan sonra ən genişmiqyaslı təlimlər olduğunu yazır.

​«3-CÜ DÜNYA MÜHARİBƏSİ BAŞLAYIB»

Rusiyanın «Levada» sorğu mərkəzinin direktoru Lev Gudkov qəzetə müsahibəsində deyib ki, Rusiyada çoxları 3-cü Dünya müharibəsinin başladığına inanır: «Sadəcə, indi müharibənin soyuq dövrü olduğunu düşünürlər və bu soyuq müharibənin isti dövrü də başlaya, ya da başlamaya bilər».

«Business Insider» isə Rusiyanın nüvə müharibəsinə hazırlaşdığını yazır. Sayt Rusiyayla ABŞ arasında Suriya danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra Moskvanın nüvə silahının yayılmaması haqda razılaşmadan çıxdığını, sonra da nüvə başlıqlı raketlərini Kalininqrada, Avropayla sərhədə yerləşdirdiyini xatırladır.

Rusiyanın xarici işlər nazirinin müavini Sergei Ryabkov bugünlərdə Federasiya Şurasının xarici əlaqələr komitəsində çıxışında deyib ki, ABŞ Moskvaya qarşı sanksiyalarını artırsa, onlar da «qeyri-simmetrik» tədbirlər görəcəklər. Ryabkov bildirib ki, ABŞ Rusiyaya sanksiyalar siyasətini çoxdandır yürüdür: «Biz bu müddətdən müəyyən araşdırma aparmaq və məhdudiyyətlər artdığı halda adekvat cavab verməkdən ötrü bəzi tədbirlər planı hazırlamaq üçün istifadə etdik».

MOSKVANIN SANKSİYALARA CAVABI

Britaniyanın «The Independent» qəzeti Ryabkov-un ABŞ-ın Rusiyaya əlavə məhdudiyyətlərdən imtinasından sonra danışdığını qeyd edir və hələ ki, nə Birləşmiş Ştatların, nə də AB-nin Moskvaya sanksiya tətbiq etdiyini, sadəcə, bu məsələnin gündəmdən çıxarılmadığını bildirdiklərini yada salır.

Amma Moskva əvvəlki sanksiyalara cavab addımı atıb. Hələ ayın əvvəli Moskva nüvə silahı üçün yararlı plutonium ehtiyatlarının məhvinə dair sazişi dayandırıb. Sergei Ryabkov deyib ki, sazişin dondurulması ABŞ-ın Rusiya siyasətindən asılı olaraq «qeyri-məhdud» müddətə uzadıla bilər. Sazişin bərpası isə ABŞ-ın sanksiyaları dayandırdığı və Avropadakı hərbi qüvvələrinin sayını azaltdığı halda mümkündür.

Bəzi rus rəsmilərinin ABŞ-a girişinə qadağa qoyan «Maqnitski Aktı»nı Birləşmiş Ştatlar 2012-ci ildə qəbul edib. Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra AB də Moskvaya iqtisadi sanksiyalar tətbiq edib.

Geri qayıt