Əsas Səhifə > Dünya > Vaşinqton kürdlərlə Türkiyənin arasında qalıb

Vaşinqton kürdlərlə Türkiyənin arasında qalıb


30-08-2016, 09:24
Vaşinqton kürdlərlə Türkiyənin arasında qalıb
Bazar ertəsi Türkiyə və ABŞ-ın dəstəklədiyi Suriya üsyançıları Suriyanın şimalında kürdlərin mövqelərinə doğru bir az da irəliləyiblər. Türkiyənin xarici işlər naziri kürdlərə xəbərdarlıq edib ki, Fərat çayının şərqinə geri çəkilsinlər, yoxsa daha artıq hücuma məruz qalacaqlar. Bu kürdləri Birləşmiş Ştatlar dəstəkləyir. «The Washington Post» qəzetində Sudarsan Raghavan yazır ki, bu ədavətin dərinləşməsindən bircə gün öncə Pentaqon müttəfiqlərini bir-biriylə savaşı dayandırmağa, «İslam Dövləti» (İŞİD) yaraqlılarına qarşı birləşməyə çağırıb.

Amma artıq bazar ertəsi Suriya üsyançıları bildiriblər ki, kürdlərin nəzarətində olan Mənbic şəhəri yaxınlığındakı əl-Sacur çayını keçiblər. Kürdlərin sözçüsü isə üsyançıların çaya çatdığını, amma onu keçmədiyini bildirib.

Ötən həftə Türkiyə tankları ABŞ hərbi təyyarələrinin köməyi ilə Suriyanın şimalında Cerablus şəhərini tutandan sonra gərginlik artıb. Sonrakı günlər ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusunun üsyançıları cənuba və qərbə doğru irəliləyib. Hədəfləri İŞİD olsa da, daha çox kürd döyüşçülərlə toqquşublar. Cerablusun cənub hissəsində də üsyançılarla kürdlər arşında döyüşlər gedir, bu ərazilər Türkiyə qüvvələri tərəfindən bombalanır.

ODLA SU ARASINDA

Vaşinqton da kürdlərin YPG qruplaşmasından Fərat çayının şərq sahilinə qayıtmağı tələb edib. Suriya Demokratik Qüvvələrinin (SDF) özəyi olan YPG Mənbici İŞİD-dən almaqdan ötrü çayı keçmişdi. İndi YPG rəsmiləri döyüşçülərin çay kənarında əvvəlki mövqelərinə qayıtdıqlarını bildirsələr də, Türkiyə onların vədlərinə əməl etmədiklərini bildirir.

«Birləşmiş Ştatlar indi iki əsas müttəfiqi arasında qalıb. Türkiyə NATO üzvüdür, kürd döyüşçülərsə İŞİD-in geri oturdulmasında vacib rol oynayıb. Vaşinqtonun ən böyük narahatlığı ondandır ki, bu düşmənçilik resursları və diqqəti İŞİD-lə mübarizədən yayındırar», - müəllif yazır.

«Son günlərin toqquşmaları bizim DAEŞ-lə mübarizəmizə fayda vermir», - Dövlət Departamentinin sözçüsü John Kirby deyib, o, İŞİD-in ərəbcə qısa adını işlədib.

Müəllif qeyd edir ki, ABŞ həm Türkiyənin kürdlərin geri çəkilməsiylə bağlı tələblərini dəstəkləməyə, həm də SDF-i küsdürməməyə çalışır.

Bazar ertəsi SDF-in yaratdığı Cerablus Hərbi Şurası adlı qruplaşma elan edib ki, döyüşçüləri Türkiyənin istədiyi kimi Fəratın şərqinə deyil, əl-Sacur çayının cənubuna çəkiləcəklər. Bu isə Mənbic şəhərində və onun ətrafında Türkiyə və müttəfiqləri ilə daha çox qarşıdurmaya gətirə bilər.

ERDOĞAN-IN VATERLOSU

Obama administrasiyası ABŞ-ın Suriyaya hərbi müdaxilə etməməsindən ötrü cidd-cəhdlə çalışır. Amma Türkiyənin Suriyanı işğalını dəstəkləmək strateji səhv olar, Birləşmiş Ştatları Suriya vətəndaş müharibəsinin əsas oyunçusuna çevirər. Bunu isə «The Huffington Post» qəzetində David L.Phillips yazır.

Müəllif yazır ki, Türkiyə Suriyada tutduğu ərazini qaytaran deyil və qaçqınlardan ötrü anklav yaradacaq. «Türkiyə Cenevrə sülh prosesində yer istəyir. O, Rusiya və ABŞ-la bərabər mövqe qazanmağa çalışır. Türkiyənin tarixən islamçıları dəstəklədiyini nəzərə alsaq, Türkiyə hərbçiləri quruda savaşarkən Suriya münaqişəsinin həlliylə bağlı danışıqlar aparmaq çətin olacaq», - müəllif vurğulayır.

Yazıda iddia olunur ki, Cerablus uğrunda döyüşlər heç də İŞİD-lə aparılmadı. İşğaldan öncə Ankara İŞİD-lə razılaşma əldə etdi. İŞİD müqavimət göstərməkdənsə, Azad Suriya Ordusunun formasını geyindi. Cerablus bircə güllə atılmadan «azad olundu». Fəllucə və digər yerlərdə İŞİD dinc sakinlərdən qalxan kimi istifadə edirdi, Cerablusdan isə dinc sakinlər çıxarıldı.

AVQUSTDA «OKTYABR SÜRPRİZİ»

«Erdoğan-la İŞİD-in sövdələşməyə getməsi təəccüblü deyil. İŞİD və Erdoğan-ın Ədalət və İnkişaf Partiyası (AKP) ideoloji baxımdan oxşardır. Hər ikisi «Müsəlman qardaşlığı»nın qanadıdır. Rəsmən təkzib olunmasına baxmayaraq, Türkiyənin 2014-cü ildən başlayaraq Suriyada islamçılara silah, pul dəstəyi göstərməsinə dair xeyli dəlil var. Türkiyə həmçinin, İŞİD-in neft-qazını dünya bazarına çıxarmaqla bu qruplaşmanı dəstəkləyib. Hələ də hər ay 500-dək islamçı döyüşçü Türkiyədən Suriyaya keçir», - müəllif qeyd edir.

«ABŞ-da prezident seçkisindən öncə xarici ölkənin əliylə törədiləcək hansısa hadisə «oktyabr sürprizi» adlanır. Bu dəfə oktyabr sürprizi avqustda gəldi, Türkiyə Suriyaya girdi. Obama manipulyasiyadan qorunmalıdır. Türkiyənin işğalına hərbi və diplomatik dəstək prezidentin varisinə də başağrısı yaradır. Suriya Erdoğan-ın Vaterlosu olacaq. ABŞ hökuməti Türkiyənin batan gəmisinə baş qoşmamalıdır», - müəllif vurğulayır.

Qeyd edək ki, 1815-ci il iyunun 18-də indiki Belçika ərazisində, Vaterloda anti-Napoleon koalisiyası fransız ordusu üzərində qəti qələbə çalıb.

Geri qayıt