Baydenin administrasiyasında bu şəxslər olacaq - SİYAHI
Tarix: 25-11-2020, 17:25 |
Çap et
ABŞ-ın 46-cı prezidenti seçilən Cozef Bayden gələcək administrasiyasında bir sıra əsas vəzifələrə namizədləri təqdim edib.
Azvision.az xəbər verir ki, Senat tərəfindən təsdiqlənərsə, həmin şəxslər yaxın gələcəkdə Amerika xarici siyasətini inkişaf etdirməli və milli təhlükəsizliyi təmin etməli olacaqlar. Lakin onların bəziləri daha əvvəl vəzifələrdə çalışıblar.
Məlumata görə, dövlət katibi vəzifəsinə hazırkı namizəd Antoni Blinken, Barak Obama administrasiyasında ABŞ Dövlət Departamenti rəhbərinin birinci müavini olub.
Dövlət Departamentinə o zaman rəhbərlik edən Con Kerri isə prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi olmağa razılıq verib. Onun Afrika işləri üzrə keçmiş köməkçisi Linda Tomas-Qrinfild indi ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizəd göstərilib. Yeri gəlmişkən, Baydenin dövründə bu vəzifənin prezident kabinetinin üzvü səviyyəsinə qaytarılması gözlənilir.
Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan olacaq. Daxili Təhlükəsizlik naziri vəzifəsi əvvəllər bu departamentdə nazir müavini vəzifəsində çalışmış Alexandro Mayorkasa həvalə ediləcək.
Obama adminstrasiyasında prezidentin milli təhlükəsizlik üzrə köməkçisi işləmiş Avril Haynes ABŞ Milli Kəşfiyyatının direktoru olmaq şansını qazanıb. Müdafiə nazirinin siyasi məsələlər üzrə keçmiş müavini Mişel Flornoyun namizədliyi Pentaqon başçısı vəzifəsinə, ABŞ Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) keçmiş sədri Canet Yellenin isə maliyyə naziri vəzifəsinə namizədliyi irəli sürüləcək.