Makedoniyayla Bolqarıstan dostluq paktı imzalayıb
Tarix: 2-08-2017, 09:14 |
Çap et
Avqustun 1-də Makedoniya və Bolqarıstan dostluq paktı imzalayıblar. Məqsəd illərdir davam edən ədavətə son qoymaq, Makedoniyanın Avropa Birliyi üzvlüyünə yolunu açmaqdır.
Makedoniyanın özündən böyük şərq qonşusuyla münasibətlərinin yaxşı olmaması onun NATO və AB üzvlüyünü əngəlləyib.
İki ölkəni dini, tarix və linqvistik əlaqələr bağlayır. Ancaq Bolqarıstan hələ də Makedoniya dilini tanımır, onu bolqar dilinin bir dialekti sayır.
Skopye və Sofiya ümid edirlər ki, yeni saziş onların ziddiyyətləri kənara qoymasına kömək edəcək.
«Dostluq sazişi iki ölkə arasında və regionda siyasi sabitləşməyə birgə töhfədir», – Makedoniyanın baş naziri Zoran Zaev Skopyedə deyib.
O, paktı Bolqarıstan baş naziri Boyko Borissov-la birlikdə imzalayıb.
Sənədə görə, NATO və AB üzvü olan Bolqarıstan Makedoniyanın hər iki təşkilata üzvlüyünü dəstəkləyəcəyinə söz verir.
İki ölkə iqtisadi əlaqələri yaxşılaşdırmağa, ərazi iddialarını geri götürməyə, insan haqları və azlıqların hüquqlarını təkmilləşdirməyə boyun olurlar.