Tramp Putinlə “gizli” görüş barədə məlumatları "yalan" adlandırıb
Tarix: 19-07-2017, 11:00 |
Çap et
ABŞ prezidenti Donald Tramp növbəti dəfə ölkə KİV-inin fəaliyyətindən hiddətlənib. Bu dəfə oxşar halın yaşanmasına səbəb, guya, onun “Böyük iyirmilik” sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə ikinci görüş keçirməsi barədə məlumatın dərc edilməsi olub.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, Birləşmiş Ştatlar rəhbəri hiddətini özünün "Twitter" akkauntunda bildirib.
“Putinlə G20-də məxfi görüş barədə yalan xəbərlər bir xəstəlikdir. Angela Merkel (Almaniya kansleri - red.) bütün liderləri dəvət edib. Mətbuat bundan xəbərdar idi...Hətta G20 ölkələri liderlərinin şam yeməyini belə korlayırlar.” - deyə Tramp sosial şəbəkədə yazıb.
Ağ ev də KİV-də, guya, Vaşinqtonun ictimaiyyətdən gizlətmək istədiyi Tramp və Putinin “məxfi” görüşü barədə yer alan xəbərlərə reaksiya verib. ABŞ prezident administrasiyası bu ittihamları “rəzil və absurd” adlandırıb, iki lider arasında baş tutan görüşü isə “qısa danışıq” kimi xarakterizə edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun barəsində danışdığı G20 sammitindəki nahar zamanı iki liderin görüşünün bir sıra ABŞ KİV-i tərəfindən təxminən bir saat davam etdiyi barədə məlumat verilib. Bir çox KİV diqqəti bundan əvvəl Ağ evdən belə görüşün keçiriləcəyi barədə məlumat verilməməsinə cəlb edib.