İranın nüvə sazişini icra etməsiylə bağlı təminat verəcəklər
Tarix: 14-07-2017, 10:19 |
Çap et
Gələn həftə ABŞ prezidenti Donald Trump-ın administrasiyası İranın dünya gücləriylə nüvə razılaşmasına əməl etməsinə dair təminat verəcək. Bu haqda iyulun 13-də ABŞ mediası yazıb.
İyulun 17-dək Dövlət departamenti Konqresə İranın 2015-ci il sazişinə əməl edib-etməməsinə dair bildiriş göndərməlidir.
Həmin saziş beynəlxalq sanksiyaların qaldırılması əvəzində Tehranın nüvə fəaliyyətini məhdudlaşdırmasını nəzərdə tuturdu.
Trump seçki kampaniyası dövründə həmin sənədi “ən pis razılaşma” adlandırırdı. Ancaq vəzifəyə keçəndən deyir ki, İran razılaşmaya əməl edir və Birləşmiş Ştatlar da belə davranmalıdır.
AP və Reuters agentlikləri anonim mənbələrə istinadla yazırlar ki, Trump İranla bağlı siyasəti nəzərdən keçirməkdədir və istənilən vaxtı fikrini dəyişə bilər.
Birləşmiş Ştatlar İrana qarşı nüvə proqramından dolayı sanksiyaları qaldırıb, ancaq Tehranın ballistik raket proqramı, insan haqları, anti-İsrail yaraqlı qruplara dəstəklə bağlı sanksiyalar qüvvədə qalır.